Onlayn ictimai-siyasi qəzet
Türkmənistan qazının İran üzərindən Türkiyəyə svop sxemi üzrə nəqli BOTAŞ şirkəti ilə razılaşdırılıb. Türkmənistanın rəsmi qəzeti olan “Real Türkmənistan”ın (“Realnıy Turkmenistan”) yaydığı məlumata görə, bunu Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurası) sədri Qurbanqulu Berdumuhammədov İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı deyib.
Berdumuhammədov həmçinin bildirib ki, elektrik enerjisi sənayesində əməkdaşlığı artırmaq üçün Türkmənistan “Marı” Su Elektrik Stansiyasından İran sərhədinə qədər Marı-Məşhəd istiqamətində elektrik ötürücü xəttinin bir hissəsinin çəkilməsini təklif edib. Qeyd olunur ki, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2017-ci ilin yanvarında Türkmənqaz və NIGC arasında yaranmış mübahisəyə görə Türkmənistan İrana qaz nəqlini dayandırıb. 2018-ci ildə tərəflər Beynəlxalq Arbitraj Məhkəməsində bir-birilərinə qarşı iddialar qaldırıblar, 2020-ci ildə Türkmənistanın xeyrinə qərarlar çıxarılıb. Qaz nəqli 2023-cü ilin avqustunda - İran tərəfi 1,8 milyard dollarlıq borcunu ödədikdən sonra bərpa olunub.
Qeyd edək ki, Türkiyə ilə Türkmənistan arasında qaz alqı-satqısına dair danışıqlar son 3 ildə intensivləşib. 2023-cü il dekabrın 6-da Aşqabadda Türkmənistan və Türkiyənin iqtisadi əməkdaşlığın inkişafı sahəsində hökumətlərarası komissiyalarının iclası keçirilib və orada Türkmənistandan qazın İran ərazisindən Türkiyəyə tranzitinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Türkiyənin Aşqabaddakı səfiri Əhməd Dəmirokun 2023-cü ilin sentyabrında verdiyi məlumata görə, onun ölkəsi 20 il ərzində Türkmənistandan 300 milyard kubmetr qaz almağı planlaşdırır. Birinci mərhələdə 2 milyard kubmetr qazın İran üzərindən svop yolu ilə tədarükü planlaşdırılır. Uzunmüddətli perspektivdə isə Xəzər dənizi üzərindən Azərbaycana illik ötürücülük gücü 15 milyard kubmetr olan qaz kəmərinin çəkilişi nəzərdə tutulur. Bu kəmərlə Türkiyə Türkmənistandan 20 ildə 300 milyard kubmetr qaz almağı hədəfləyir.
2024-cü il martın 1-də Ankara və Aşqabad Türkiyə və Avropaya təbii qaz tədarükünə dair iki ilkin müqavilə imzalayıblar. Bir həftə sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar mətbuata açıqlamasında türkmən qazının Türkiyəyə ixracı üçün üç variantın nəzərdən keçirildiyini bildirib. Onlardan biri türkmən qazının İran vasitəsilə Türkiyəyə svop yolu ilə nəql edilməsidir: "Başqa bir variant da odur ki, qaz Türkiyəyə İran və Azərbaycan vasitəsilə tədarük ediləcək. Alternativ olaraq, Türkmənistan qazı Türkiyəyə Xəzər dənizindən keçən boru kəməri ilə nəql edilə bilər".
Türkiyə rəsmisi əlavə edib ki, ilkin mərhələdə 2 milyard kubmetrə qədər təbii qazın nəqli planlaşdırılır.
Türkmənistanın qaz ixrac bazarını genişləndirməyə çalışması ölkə üçün taleyüklü məsələyə çevrilib: Avropa bazarından qovulan Rusiya bütün diqqətini Şərqə - Türkmənistanın yeganə bazarı olan Çinə, həmçinin Mərkəzi Asiyanın digər ölkələrinə yönəldib. Moskva bu bazarlara maksimum çox qaz satmaq üçün Aşqabada təzyiqlərlə yanaşı, alıcı ölkələrə daha aşağı qiymətlər və əlavə şərtlər təklif edir. Özbəkistan və Qazaxıstan artıq Rusiyanın təzyiqləri qarşısında davam gətirməyərək bu ölkədən qaz almağa, həmçinin alış həcmlərini artırmağa başlayıblar. Rusiya Çindən “Sibirin gücü 2" kəməri layihəsinin icrasına razılıq ala bilmədikdən sonra Mərkəzi Asiya üzərindən bu ölkəyə qaz nəqlini artırmaq üçün mübarizəyə başlayıb. Burada onun əsas rəqibi Türkmənistandır. Artıq ötən ilin son aylarından etibarən Çinə boru qazı ixracında Aşqabadı arxada qoymağa nail olan Rusiya dayanmaq niyyətində deyil. Buna görə də Türkmənistan öz qazının digər ölkələrə ixracını artırmaq kimi həyati vacib çağırışla üzləşib. Bu sahədə onun seçimləri elə də çox deyil: quruda İran üzərindən, suda Xəzər dənizindən. Rusiyanın mövqeyinə, həmçinin Xəzərdən keçəcək boru kəmərinin yüksək maliyyə tutumuna (20 milyard dollara qədər) görə indiki mərhələdə Türkmənistan üçün yeganə yol İran üzərindən nəqlin artırılmasıdır. Son 3 ildə ölkə rəhbərliyi bu yolun işlək hala gəlməsi üçün ciddi addımların atılmasına nail olub.
Hazırda türkmən qazının İrana nəql oluna biləcəyi iki boru kəməri var: gücü ildə 8 milyard kubmetr olan Karpye-Kordkovi kəməri və gücü ildə 12,5 milyard kubmetr olan Dövlətabad-Saraxs-Naziran kəməri. İki kəmərlə nəql imkanı 20 milyard kubmetr ətrafındadır. Hazırda tərəflər bu gücün 40 milyard kubmetrə qədər artırılması üzərində işləyrilər. 2024-cü il iyulun 3-də iki ölkə qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş üç komponentdən ibarətdir: İraqa eyni həcmdə tədarük müqabilində İrana ildə 10 milyard kubmetr qazın tədarükü; İrana qaz tədarükünün artması; İran şirkətləri tərəfindən Türkmənistanda qaz infrastrukturunun, o cümlədən 125 kilometrlik qaz kəməri və üç kompressor stansiyasının tikintisi.
Bu plan reallaşarsa, Türkmənistan öz qazını İran vasitəsilə Türkiyə, Azərbaycan və İraqa daha çox həcmlərdə tədarük edə biləcək. Türkmənistan, İran və Azərbaycan arasında qaz mübadiləsinə dair saziş 2021-ci ilin sonunda imzalanıb. Azərbaycan Türkmənistandan qazı 2022-ci ilin yanvarından almağa başlayıb. Həmin il 0,9 milyard kubmetr, 2023-cü ildə isə 2,6 milyard kubmetr qaz alınıb. 2024-cü ilin yanvarında qiymətlə bağlı ziddiyyətlər üzündən alış bir müddət dayansa da, tezliklə bərpa olunub. Lakin statistikaya baxsaq, alınan həcmlər kəskin azalıb: 2024-cü ilin 11 ayında Azərbaycan Türkmənistandan cəmi 372 milyon kubmetr qaz alıb. Halbuki ilin əvvəlində alış həcmlərinin 3 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu.
2023-cü il noyabrın 8-də Aşqabadda “Türkmənqaz” dövlət konserni ilə İraqın Energetika Nazirliyi arasında İran üzərindən svop sxemi üzrə İraqa qaz ixracına dair saziş imzalanıb. İraq elektrik enerjisi istehsalı üçün ilk növbədə qazdan istifadə edəcək. Anlaşma Memorandumuna əsasən, müqavilə 5 il müddətinə nəzərdə tutulub.
İranın Azərbaycan və Türkiyəyə qaz nəqli imkanları hələlik məhduddur. Belə ki, İrandan Türkiyəyə qaz ötürülən kəmərin gücü 14,5 milyard kubmetrdir. İki ölkə arasında ildə 10 milyard kubmetrlik qaz alqı-satqısına dair saziş var. Onun müddəti 2026-cı ilin iyulunda bitəcək. İran öz daxilində ehtiyacın getdikcə artması üzündən sazişin şərtlərinə əksər hallarda əməl edə bilmir. Məsələn, 2023-cü ildə 10 milyard kubmetr əvəzinə Türkiyəyə cəmi 5.5 milyard kubmetr qaz verə bilib.
İran öz tərəfində Azərbaycana qaz ötürmək gücünü 5 milyard kubmetrə çatdırdığını açıqlayıb. Azərbaycanın mövcud infrastrukturu 4,5 milyard kubmetr qazın alınmasına imkan verir.
İrandan İraqa qaz ötürülməsi gücü isə 14 milyard kubmetr həcmində qiymətləndirilir. Bunun bir hissəsi öz qazı hesabına təmin edilir.
Beləliklə, İran ildə Türkmənistandan 15-16 milyard kubmetr qazı qəbul edib, İraq, Türkiyə və Azərabycana ötürə bilər. Bu həcmin artırılması üçün İranın əlavə yatırımlara ehtiyacı var. Hazırda Tehran Rusiya ilə də qaz anlaşması üzərində işləyir. Rusiyadan Azərbaycan üzərindən svop yolu ilə ildə ilkin olaraq 2 milyard kubmetr qaz almaq istəyən İran daha sonra yenə Azərbaycan üzərindən çəkilməsi planlaşdırılan kəmərlə bu həcmi 50 milyard kubmetrə çatdırmaq, beləliklə də bölgədə qaz tranzit mərkəzinə çevrilməyi hədəfləyir. Lakin Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi və dərhal İrana qarşı sərt təzyiq siyasətini bərpa etməsi Tehranın bu planlarının reallaşmasını böyük sual altında qoyur. Bu, xüsusilə Rusiyadan Azərbaycan üzərindən qaz kəmərinin çəkilməsi planına aiddir. İndiyədək ABŞ İran üzərindən türkmən qazının svop nəqlinə hər hansı sanksiya tətbiq etməyib. Belə görünür ki, bundan sonra da belə davam edəcək. Lakin eyni münasibətin Rusiyadan böyük kəmərin çəkilməsi layihəsinə də sərgilənəcəyi böyük sual altındadır. Azərbaycanın bilavasitə Vladimir Putinin dilə gətirdiyi bu layihə ilə bağlı hər hansı açıqlama verməməsi də göstərir ki, layihə, yumşaq desək, perspektivsizdir.
Regional qaz mərkəzi formalaşdırmaq hədəfi Türkiyənin də son 3 ildəki enerji siyasətinin önündə gəlir. İrandan fərqli olaraq Türkiyə ABŞ və Qərbin ağıq sanksiyaları altında deyil. Üstəlik, İran kimi 2 deyil, çoxsaylı mənbələrdən qaz almaq və çox geniş coğrafiyada reallaşdırmaq imkanı var.
Türkiyənin türkmən qazını almaq qərarı qaz mərkəzinin əsas mənbə olaraq Rusiyadan asılı olmadığını nümayiş etdirməklə Avropa bazarından alıcı cəlb etmək məqsədinə uyğundur. 2023-cü ilə aid məlumatlar göstərir ki, Ankara Rusiyadan 21,1 milyard kubmetr, İrandan isə 5,4 milyard kubmetr qaz idxal edib ki, bu da ümumi qaz idxalının 51,5 faizini təşkil edib. 2024-cü ildə Rusiyadan idxalın daha da azalması Türkiyənin öz qaz təminatında da Moskvadan asılılığı minimuma endirmək istəyini göstərir. Eyni zamanda Ankara Rusiya ilə 2025-ci ilin sonunda müddəti bitəcək qaz alqı-satqısına dair müqaviləni yeniləyərkən daha əlverişli şərtlər əldə etmək niyyətindədir. Eyni istək İranla müqavilənin yenilənməsi sahəsində də mövcuddur.
Regionun əsas qaz ixracatçılarından olan Azərbaycanın da yaranmış yeni şərtlərdə öz mənafeyinə uyğun planları olmamış deyil. Rəsmi Bakı Avropaya qaz ixracını artırmaq, eyni zamanda bölgədə icra olunan layihələrdən qazanc götürmək niyyətindədir. İndiyədək bu sahədə əldə olunan nəticələr Bakının uğurlu oyunçu kimi mövqeyini gücləndirir...
Dünya SAKİT,
“Yeni Müsavat”
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ