İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə xain “dollar hücumu” - Ərdoğan bu əngəli də aşacaq!  


Qardaş Türkiyəyə seçki ərəfəsində dünyanın müxtəlif gücləri, xüsusən bəzi Qərb təsisatları, mərkəzləri – hansı ki, onlar türk dünyasına, Turan ideyasına qarşıdırlar – bütün istiqamətlər üzrə təzyiqlər, təhdidlər yağdırırdılar, təxribat cəhdləri edirdilər. Bu oyunların bircə məqsədi vardı: Sayın Ərdoğanın növbəti dəfə prezident seçilməsinin qarsısını almaq, buna mane olmaq.
Lakin, gözlədimiz kimi, Ərdoğan bütün əngəl, təxribat cəhdlərini yenərək, halal qələbəsini ikinci turda da əldə etdi.
Bəzi qüvvələr Ərdoğanın qələbəsinə ona görə mane olmağa çalışırdılar ki, onlar güclü, müstəqil, kimsədən asılı olmayan Türkiyə istəmirlər.
Dünyada ciddi nüfuzu, yeri, xarizması olan liderin – R.T.Ərdoğanın rəhbərlik etdiyi Türkiyəyə isə kimlərsə diqtə edə bilmir. O, hazırda türk dünyasının avtoritetidir, ağsaqqalıdır.

                                          ****

Hazırda türkdilli dövlətlər arasında sürətli bir yaxınlaşma gedir. Türk ölkələri iqtisadi, siyasi, logistik prosesləri mərkəzləşmiş bir sistemlə idarə edəcəklər və bununla bağlı son 1 ildə ciddi sənədlər, müqavilələr imzalanıb. Orta Dəhliz layihəsi üzrə böyük işlər görülüb.
Burada xüsusilə bir məqamı vurğulamasaq olmaz.
Bu mühüm projedə Zəngəzur dəhlizi həlledici həlqədir və Azərbaycanın, onun lideri cənab İlham Əliyevin iradəsi, çalışmaları ilə bu iş mütləq qısa zamanda tamamlanacaq...
Əlbəttə, bütün bunlar bildiyimiz kimi, Türkiyə ilə bərabər aparılır.
Hər kəs fərqindədir ki, iki qardaş ölkənin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan türk dünyasının inkişafı üçün hansı mühüm addımlar atırlar...

aliyeverdogan-620x403.jpg (34 KB)

                                                   ****

Aparılan bu proses dünyada xeyli dövlətin də marağındadır. Ancaq o da məlumdur ki, türk dünyasının inkişafını, inteqrasiyasını, daha da güclənməsini istəməyən dairələr var. Anti-türk, anti-islam mərkəzlər bunun üçün var gücləri ilə bütün parametrlər üzrə çaba göstərirlər.

Gözlənilən idi ki, Türkiyədə Ərdoğanın prezident seçilməsindən dərhal sonra bu məkrli qüvvələr qardaş ölkədə iqtisadi, sosial yönümlü təxribatlara baş vuracaqlar.
Düzdür, pandemiya və postpandemiya dövründə əksər dövlətlərdə olduğu kimi, Türkiyədə də ciddi iqtisadi-sosial problemlər var. Müəyyən mərkəzlər bundan Türkiyəyə, konkret olaraq Ərdoğana qarşı kəmfürsətliklə yararlanmağa çalışırlar. Seçki bitəndən dərhal sonra qardaş dövlətə “dollar və avro hücumu”nun arxasında təbiidir ki, məhz bu siyasi məqsəd dayanır. Bəli, Türkiyədə maliyyə siyasətində axsamalar mövcuddur. İqtisadi geriləmələr də dünyada gedən proseslərin fonunda danılmır. Xüsusilə dəhşətli zəlzələdən sonra sosial problemlər də artıb.
Ancaq hazırda Türkiyədə lirənin sürətlə ucuzlaşması məhz siyasiləşmiş “dollar hücumu”dur. Bəziləri artıq bunun küyünə də düşüb. Sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində bəziləri eyhamlı şərhlər yazırlar ki, guya Ərdoğan seçilməsəymiş Türkiyənin bütün problemləri dərhal çözüləcəkmiş...
Bəli, “dollar hücumu”nun da məqsədi məhz bu cür cəfəng fikir formalaşdırmaqdır.
Mümkündür ki, Türkiyənin iqtisadi və maliyyə sektorundakı FETÖ qalıqları bu prosesdə məkrli xarici güclərə dəstək vermək üçün sabotajlar da etsin. Ərdoğana və onun komandasına qarşı kampaniyada bu cür gedişlər də mümkündür.

Gözləniləndir ki, biriləri bu prosesi körükləyəcək. Ancaq qəti əminliklə söyləmək olar ki, bunu edən türk düşmənləri və onların mənfəətçi əlamanları sonda peşman ediləcəklər.

Zaman, proseslər təkrar-təkrar sübut edib ki, Türkiyə hansısa oyunlara boyun əyəcək, ondan sarsılacaq dövlət deyil. Ərdoğan da nə qədər peşəkar, ölçü-biçili lider, bacarıqlı komanda sahibi olduğunu sübuta yetirib.
Razıyam, heç də asan olmayacaq. Bu işləri yoluna qoymaq üçün xeyli çətin görəvlər var. Artıq onların icrasına başlanılıb. Bunların sırasında Rəcəb Tayyib Ərdoğanın ölkənin Mərkəzi Bankının sədri vəzifəsinə Hafize Qaye Erkanı təyin etməsini xüsusi vurğulamaq lazımdır.

ABŞ-da "Möhtəşəm türk qızı" adı ilə tanınan Erkan Amerikada maliyyə təhsili alıb, ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb, böyük təcrübə sahibidir. Heç şübhəsiz bir neçə ay ərzində Türkiyədə maliyyə sahəsində ciddi müvəffəqiyyətlər əldə olunacaq, bədxahların oyunlarının qarşısı elə Amerika metodları ilə sıradan çıxarılacaq...
Türkiyə böyük, zəhmətkeş insanlardan ibarət qüdrətli dövlətdir. İdxaldan qətiyyən asılı deyil, ərzaq və qeyri-ərzaq malları ilə özü özünü təmin edə biləcək gücdədir.
Ən əsası, tarixən Türkiyə xalqı isbat edib ki, onun üçün dövlət, millət maraqları daha öndədir, bunun üçün bütün sosial çətinliklərə sinə gərəcək, dövlətlə əl-ələ tutub bunu qısa zamanda aradan qaldıracaq.
Türkiyə dövləti hansı basqıları, təzyiqləri, təxribatları, hücumları dəf etməyib ki?! Qardaş dövlət əlbəttə ki, hər hansı çətinlikdə dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilmiş, kifayət qədər imkanları olan Azərbaycanı da hər an yanında görəcək, dəstəyini alacaq.
Tam əminliklə deyə bilərik, bu çətinliklərin, basqıların yekununda Türkiyə daha da möhkəmlənəcək, güclənəcək. Onu kimsə tutamaz....

Elşad MƏMMƏDLİ

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR