İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna səfiri Musavat.com-a danışdı: “Cənubi Qafqaz bu gün tarixində yeni bir səhifə açır”

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Musavat-com-a açıqlama verib.

YURİ.jpg (64 KB)

O, avqustun 8-də ABŞ prezidenti Donald Trampla Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunan sülh öncəsi paraflanma sənədinin dəyərini yüksək qiymətləndirib və sevincini gizlətməyib:

“Vaşinqton razılaşması bizi çox sevindirdi. Dünyanın müharibələrə çox sürətlə alışdığı bir zamanda – 2025-ci il avqustun 8-də Vaşinqtondan ümidverici bir xəbər gəldi. ABŞ prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan postsovet məkanının ən uzunmüddətli münaqişələrindən birinə son qoyan Birgə Sülh Bəyannaməsini imzaladılar.

Sülhün məhz Vaşinqtonda – Ağ Evdə imzalanması regionda yeni qüvvələr balansının formalaşdığına dair aydın bir siqnaldır. ABŞ prezidenti Donald Tramp əsas vasitəçi rolunu üzərinə götürərək Cənubi Qafqazda dayanıqlı sülhün təməlini qoydu. Eyni zamanda, bu strateji əhəmiyyətli regionda Rusiya nəzarəti və təsiri sürətlə yox olur, Kreml prosesdən kənarda qalan bir müşahidəçiyə çevrilir. Bu, Cənubi Qafqazın Rusiya hegemonluğundan çıxdığını və ABŞ ilə beynəlxalq ictimaiyyətin himayəsi altında təhlükəsizlik, inkişaf və əməkdaşlığın yeni dövrünə qədəm qoyduğunu açıq şəkildə göstərir.

Bəyannamənin yeddi bəndi sadəcə quru razılaşmalar toplusu deyil, real fəaliyyət planıdır: müharibəsiz gələcək qurmaq, yeni nəqliyyat marşrutları açmaq, revanşist yanaşmalardan imtina etmək, iqtisadi tərəfdaşlığı dərinləşdirmək və ən əsası – suverenliyə, ərazi bütövlüyünə və sərhədlərə qarşılıqlı hörməti təmin etmək.

ATƏT-in Minsk prosesinin başa çatması, genişmiqyaslı infrastruktur layihəsi TRIPP – “Tramp Marşrutu”nun başlanması, nəqliyyat dəhlizlərinin inkişafı, ABŞ-la müdafiə əməkdaşlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması – bütün bunlar Xəzər-Qara dəniz regionunda yeni geosiyasi reallıq yaradır və Azərbaycan ilə Ermənistanı sülhün yalnız bir arzu deyil, gündəlik gərgin əmək və inanılmaz səylərin nəticəsi ola biləcəyinin nümunəsinə çevirir”.

VASİN SON.jpg (129 KB)

Səfir onu da qeyd edib ki, Ukrayna xalqı azadlıq və müstəqilliyin qiymətini yaxşı bilir:

“Biz 2014-cü ildə Rusiyanın hibrid təcavüzünün başlanğıcında da, 2022-ci ildə rus işğalçı qoşunları Kiyev ətəyinə çatanda da dayana bildik. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərini müdafiə edir və biz dəqiq anlayırıq ki, silahla gələnlərə edilən heç bir “təqdimat” nə etibarlı təhlükəsizlik, nə də dayanıqlı sülh gətirəcək. Yalnız müttəfiqlər və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən ortaq təzyiq və güclü, birmənalı mövqe aqressoru terror və zorakılıqdan əl çəkməyə məcbur edə bilər.

Ukrayna və Azərbaycan Respublikası hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib. Bu gün beynəlxalq ictimaiyyət “Ukrayna üçün uzunmüddətli sülh”dən danışarkən biz vurğulayırıq: belə bir sülh yalnız BMT Nizamnaməsi əsasında, Ukrayna Konstitusiyasından kənara çıxmadan və suverenliyin alver mövzusuna çevrilmədən mümkündür. Bu, maksimalizm deyil – bu, sülhün yeni hücumla dağılmamasının yeganə təminatıdır.

Avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı apardı. Ukrayna dövlət başçısı Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını Donald Trampın köməyi ilə Ermənistanla əldə edilmiş razılaşmalar münasibətilə təbrik edərək, bunun Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik naminə mühüm addım olduğunu bildirdi.

VOLOD SON.jpg (148 KB)

O, Vaşinqtonda keçirilən üçtərəfli görüşün dünya tərəfindən son dərəcə müsbət qarşılandığını və hər şeyin işlək mexanizmə çevriləcəyinə ümid etdiyini vurğuladı.

Həmçinin, Volodimir Zelenski azərbaycanlı həmkarına tərəfdaşlarla təmaslar barədə məlumat verdi və hamının Ukraynada müharibəni həqiqətən bitirməyə və effektiv diplomatiyaya yönəldiyini bildirdi. Tərəflər ABŞ və Avropa ölkələri ilə kommunikasiya, sülhə yaxınlaşdıra biləcək əsas prinsipləri müzakirə etdilər.

Ukrayna prezidenti xalqımıza və dövlətçiliyimizə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etdi. Liderlər enerji əməkdaşlığını da müzakirə etdilər:

“Əhəmiyyətli nəticələr əldə olunub. Razılaşdıq ki, bununla kifayətlənməyəcəyik və imkanlarımızın genişləndirilməsi üzərində işləməyə davam edəcəyik. Enerji obyektlərimizə edilən Rusiya zərbələri barədə məlumat verdim. Ukrayna bunu Rusiyanın bizə və digər Avropa ölkələrinə enerji müstəqilliyi təmin edən yolları bloklamağa yönəlmiş məqsədyönlü cəhdi hesab edir. Ölkəmizi və insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik,” – deyə Ukrayna prezidenti Volodimir Zelenski vurğuladı”.

Müsahibimiz bildirib ki, Cənubi Qafqaz bu gün tarixində yeni bir səhifə açır:

“Dostlarımızı və tərəfdaşlarımızı bu qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ukrayna beynəlxalq tərəfdaşlarla birlikdə hər gün öz torpağında beynəlxalq hüquqa əsaslanan, çoxdan gözlənilən ədalətli, hərtərəfli və dayanıqlı sülhün yaxınlaşması üçün çalışır. Çünki əsl sülh güc diktəsi altında deyil, hüququn qoruması altında yaşanan sülhdür”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR