Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xalqı var olduqca 2025-ci il 8 avqust tarixi də heç zaman unudulmayacaq və milli təqvimimizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda əbədi olaraq yaşayacaq. Heç bir qərəzli manipulyasiya artıq bu tarixi xalqın yaddaşından silə bilməz. 44 günlük müharibədə qazandığımız Qələbədən sonra bu il avqustun 8-də gördüklərimiz və şahid olduqlarımız dövlətçilik məfkurəmizin təkrar format olunmasının səbəbidir.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Adil söyləyib.
Politoloq bildirib: “Tarixdə nəsillər bir-birini əvəz edəcək, ancaq bu gün dünyanın ən qüdrətli hesab olunan dövlətinin, yəni, ABŞ-ın Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi: “Siz böyük lidersiniz” və “Xalqınız böyük xalqdır” sözləri heç zaman unudulmayacaq və unudulmamalıdır da. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq, Azərbaycanı və Azərbaycan xalqını sevən, onun gələcəyini düşünən hər bir vətəndaş üçün bu sözlər qürur hisslərinin yaşanmasının səbəbi olmalıdır. Bu cür böyük etiraflar sayəsində yaşadığımız qürur hissləri milli ideologiyamızın gücünü artırmalı və onun emosional məzmununu daha da zənginləşdirməlidir.
Tarixin bizə bəxş etdiyi bu cür müstəsna fürsətləri dövlət və xalq olaraq layiqincə qiymətləndirməliyik. Dünya ölkələrinin tarixi bizi öyrədir ki, məhz güclü ideologiyaya sahib olan dövlətlər və xalqlar böyük uğurlara imza atır, dayanıqlı inkişafa nail ola bilir. Əldə etdiyimiz Qələbə, suverenliyin təminatı, Azərbaycanın artan beynəlxalq statusu, dövlətimizin başçısının şəxsi nüfuzu, regionda formalaşmış yeni reallığının müəllifi olmağımız, eləcə də artıq qəbul olunmuş “Qalib xalq” statusumuz – bütün bunlar aid olduğumuz Azərbaycan dövləti və Azərbaycan xalqı ilə fəxr etməyimizin ideoloji əsaslarıdır”.
A.Adilin sözlərinə görə, əlbəttə, uğurlarımızı əsaslandıran amillər kifayət qədər çoxdur, ancaq etiraf olunmalıdır ki, tarixdə məhz liderin adı qalır. Sadaladığımız uğurların qazanılması məhz liderin siyasi iradəsi və prinsipiallığı sayəsində mümkün olur. Bizə çox yaxın olan dövlətin tarixini yada salsaq görə bilərik ki, onun rəsmi dövlət ideologiyasının əsasında dayanan şəxs “Atatürk” obrazına çatana qədər öz həyatında nə qədər çətinlik və hətta haqsızlıqlar ilə rastlaşıb. Ancaq onun obrazı bu günə qədər müasir türkçülüyün və müasir Türkiyənin obrazı kimi qalmaqdadır. Prinsipial olaraq vurğulayaq ki, burada heç bir şəxsiyyətpərəstlikdən söhbət belə gedə bilməz. Bu obraz bu günə qədər türk xalqının mübarizliyinin simvoludur. Odur ki, biz də xalq olaraq tarixin bəxş etdiyi bu cür müstəsna fürsətləri layiqincə qiymətləndirməliyik. Bu cür fürsətlər gələcəkdə daha olmaya da bilər. Burada şəxsi ambisiyalar və şəxsi simpatiyalar arxa plana keçməli, öndə dayanan amil məhz milli maraqlarımız olmalıdır. Təsadüfi deyil ki, sözügedən səfər zamanı jurnalistlərin suallarını cavablandıran zaman Prezident İlham Əliyev məhz “milli maraqlar” amilinə istinad edərək dedi: “Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.”
Bəli, dünyanın ən qüdrətli dövlətinin Prezidenti tərəfindən vətəndaşı olduğun Azərbaycanın rəhbərinin ünvanına “Siz böyük lidersiniz” kimi sözlərin deyilməsi bütün Azərbaycan xalqı üçün qürur mənbəyi olmaqla yanaşı, unikal fürsətdir. Qalib xalq sabaha öz addımlarını inamla atmalıdır. Bu cür sözlərin dövlət başçısının ünvanına niyə deyilməsinin səbəblərini axtarmaq lazım deyil, bu sözləri millət və dövlət naminə fürsətə çevirmək lazımdır. Bunu gələcək nəsillər naminə etmək lazımdır.
Politoloq söyləyib ki, qeyd olunanlar müstəvisində Azərbaycanda fəaliyyət göstərən və müxalifətdə olan siyasi partiya sədrlərindən birinin verilişdə səsləndirdiyi fikri xatırlatmaq yerinə düşər: “Dövlət və milli iradənin birliyi dayanıqlı inkişafı təmin edə biləcək fundamental əsaslardır. İrəli sürülən təşəbbüslər sayəsində Azərbaycanda bu birliyin əsasları artıq mövcuddur”. Bu cür fikri səsləndirməklə siyasətdə rasional və obyektiv yanaşmanı sərgiləyən partiya sədri, əslində, konstruktiv müxalifətçiliyi nümayiş etdirmiş olur. Odur ki, avqustun 8-də ABŞ-da baş vermiş hadisələrinin xalq və siyasilər tərəfindən mütləq şəkildə dəstəklənməsi məhz həmin o müxalifət partiyasının sədrinin söylədiyi dövlət və milli iradənin birliyinin növbəti təzahürüdür. Yaşadığımız möhtəşəm tarixin müasirləri olan bizlər uğurlarımızı qorumalı, onları xalq və dövlət üçün fürsətlərə çevirməliyik.
Hər bir ziyalı, yaxud, sadəcə, hər bir məsuliyyətli vətəndaş avqustun 8-də Vaşinqtonda baş vermiş hadisələrə, habelə Prezident İlham Əliyevin oradakı çıxışlarına dair öz şəxsi münasibətini bildirməklə sözügedən tarixi milli yaddaşımızda əbədiləşdirməyə xidmət etmiş olur. Fəal və məsuliyyətli vətəndaşlıq mövqeyi bunu hər kəsdən tələb edir. Bu mənada əlbəttə ki, yazılarda dəfələrlə 8 avqust tarixinə qayıdacağıq və orada baş vermiş mühüm hadisələri müxtəlif aspektlərdə təhlil etməyə çalışacağıq.
Bəli və min kərə bəli, 8 avqust növbəti qələbəmizin tarixidir. Bu hadisəni, sadəcə, “diplomatiyamızın növbəti uğurudur” adlandırılması, əslində, baş vermiş hadisənin ideoloji müstəvidə kiçildilməsi deməkdir. Cəmi bir səfərlə dövlətimizin başçısı xalqımız üçün strateji və taleyüklü hesab olunan o qədər mühüm məsələlərə nöqtəsini qoydu ki, onlar bir ömürə belə sığmaz.
“Yuxarıda qeyd olunanlar müstəvisində qazanılmış uğurun möhtəşəmliyini göstərən cəmi bir əlamətdar fraqmentə diqqət yetirək. Prezident İlham Əliyev Vaşinqtonda jurnalistlərə verdiyi müsahibədə növbəti fikirləri səsləndirdi: “Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir... Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi”. Dövlətimizin başçısının bu sözləri, eyni zamanda, vaxtilə “məğlubedilməz” hesab olunan erməni lobbisinə də elə bir zərbə vurdu ki, bundan sonra Qərbdə sözügedən lobbiyə dəstək göstərmək ABŞ Prezidenti Donald Trampa qarşı getmək kimi dəyərləndiriləcək...”, - deyə politoloq əlavə edib.
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ