İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qərarından sonra Rusiya da Ankaranın “yolunu kəsir”

 

Şəhla Cəlilzadə: “Qərb Türkiyənin tələbləri qarşısında “boyun əydi”

Azər Hüseynov: “Amerikanın qurduğu NATO-da Türkiyənin icazəsi olmadan iş getməz”

 

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirir.

Qəzetin dərc etdiyi “Putinə zərbə: Türkiyə İsveçlə Finlandiyanı NATO-dan kənarlaşdırmayacaq” başlıqlı yazıda deyilir: “Türkiyənin razılığa gəlməsi həmişə NATO-nun genişlənməsini, o cümlədən Ukraynanın alyansa qoşulmaq cəhdlərini özünə təhdid sayan, buna kəskin etiraz bildirən, Ukraynanı işğal etməsinə həm də bununla haqq qazandıran Rusiya prezidenti Vladimir Putinə zərbədir. Türkiyənin razılığı Ukraynanın işğalını NATO-nun genişlənməsi niyyətinə qarşı xəbərdarlıq kimi dəyərləndirən Vladimir Putinin məğlubiyyəti, ABŞ prezidenti Cozef Baydenin isə qələbəsidir”.

Qəzet bildirir ki, Ankaranın razılığa gəlməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Madriddə İsveçin baş naziri Maqdalena Andersson və Finlandiya prezidenti Sauli Niinistö ilə 4 saatlıq görüşündən sonra baş tutub: “Türkiyədə və qonşu ölkələrdə etnik kürdlərin muxtariyyət tələblərini etirazla qarşılayan Ərdoğana hansısa güzəştlərin edilib-edilmədiyi məlum deyil. Ərdoğan İsveç və Finlandiyanı Türkiyənin terrorçu saydığı kürdlərə sığınacaq verməkdə günahlandırır. O, habelə kürd yaraqlıları ilə mübarizə aparmaq üçün Suriyaya hərbi müdaxilə edəndən sonra Skandinaviya ölkələrinin Türkiyəyə silah embarqosu qoymasına etiraz edir”.

Maraqlıdır ki, Türkiyənin qərarından sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin Suriyanın şimalında əməliyyat keçirmək planına qarşı çıxıb. O deyib ki, Suriya müstəqil dövlətdir və onun ərazisində hər hansı əməliyyatlar hüququ deyil. Rusiya əvvəl də bu əməliyyata qarşı idi, amma belə görünür ki, Ərdoğanın NATO sammitində Finlandiya və İsveç razılaşması Moskvanın qıcıqlı reaksiyasını daha da artıracaq.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə tərəflərdən hansının zəfər qazandığını deməyin tez olduğunu düşünür: “Türkiyə və Rusiyanın hər ikisi regional güc olub, heç birinin özünün strateji maraqlarından imtina etməyəcəyi açıqdır. Bu maraqları müəyyən qədər uzlaşdıra bilmək üçün hər ikisinin böyük gedişlər etdiyi, Avropa və Amerikanın sərt təzyiqlərinə baxmayaraq bu iki ölkənin gedərək daha sərbəst xarici siyasət yeritdiyi, məhz xarici təzyiqlər fonunda zaman-zaman bir-birinə yaxınlaşdığını görə bilərik. Türkiyə 2020-də Qərbdən istədiyi silahları ala bilmədiyi üçün Rusiyadan S-400-ləri almış, bundan bir əsr əvvəl - 1920-də isə Qərbə qarşı Qurtuluş Savaşı verdiyi üçün SSRİ-Lenin ilə anlaşmışdı. Yenə 1960-larda Qərbin Kipr məsələsində Türkiyəyə xəyanəti Türkiyə-SSRİ-ni yaxınlaşdırmış, və təkrar 2016-cı il hərbi çevrilişində Qərbdən dəstək almayan Türkiyə bundan bir il öncə Rusiya təyyarəsini düşürdüyünə görə münasibətlərinin ən kəskin nöqtəyə gəldiyi Rusiya ilə münasibətləri bərpa etmək qərarına gəlmişdi. Göründüyü kimi, xüsusilə, xarici təhdidlər fonunda bu iki ölkə yaxınlaşırsa da, hər ikisi özü üçün strateji önəm daşıyan məsələlərdə, yəni “qırmızı xətlərdə” qarşı tərəfə güzəşt etmir. Ən son Ukrayna məsələsinin gündəmə gəlməsindən sonra Ərdoğanın tamamilə neytral xarici siyasət kursu həyata keçirdiyi görünümü ilə qarşı-qarşıya idik. O, həm Putinlə, həm Zelenski ilə danışıqlar aparır, Qərbin sərt sanksiyalarına baxmayaraq Rusiya ilə əlaqələri qoruyur, vasitəçilik funksiyasını yerinə yetirir, xüsusilə “taxıl koridoru” yaradılmasında aktiv rol alır, Qərbin bir sıra istəklərinə “veto” qoyur, bu isə xüsusilə NATO-nun genişlənməsi məsələsində Qərbi və onun hərbi alyansı olan NATO-nun birliyini təhdid etmək həddinə gəlib çatmışdı. Türkiyə bunun qarşılığında Suriyada hərbi əməliyyatlar üçün “hə” almaq ümidində idisə də, ən son iyun, 2022-ci il Türkiyə-Rusiya danışıqlarında belə bir razılaşma əldə oluna bilmədi. Bunun əvəzində Qərb Türkiyənin tələbləri qarşısında “boyun əydi”. Belə ki, Türkiyə iki Şimal ölkəsinin NATO-ya üzvlüyünün əvəzində 11 tələb irəli sürmüşdü ki, bu tələblər qəbul edildi. Nəticə etibarilə Ərdoğanın İsveç və Finlandiyanın NATO üzvlüyünə vetonu aradan qaldırması, Rusiya ictimai-siyasi mühitinə “İsgəngər” raketi zərbəsi effekti yaratdı. Rusiya bilirdi ki, Qərb Türkiyənin istəklərini yerinə yetirsə, Ərdoğan “veto”nu aradan götürəcək, sadəcə prosesin bu qədər tez baş verəcəyi gözlənilmirdi. Qərb mediası bu xəbəri “Putinə zərbə” başlığı altında yayımlayaraq, öz “zəfərini” elan edir. Lakin əsl zəfəri kimin qazanacağı hələ ki, bəlli deyil. İsveç və Finlandiya Türkiyənin tələblərini həqiqətən yerinə yetirəcəklərmi? Danışıqların gizli predmeti olan Türkiyənin Suriyadakı əməliyyatına şərait yaradılacaqmı? Bunlar hələ ki, tam olaraq bəlli deyil. Lakin ilkin siqnallar alınır. Məsələn, İran indiyədək Suriyada Əsədi dəstəkləyir və Türkiyənin bölgədəki əməliyyatlarına daima qarşı çıxırdısa, bu günlərdə verilən rəsmi açıqlamada İranın Türkiyənin Suriyadakı əməliyyatına etiraz etməyəcəyi bəlli oldu. Maraqlıdır ki, bu açıqlama İranla Qərb arasında nüvə sazişi ilə bağlı danışıqların yeniləndiyi günün ardından gəldi. Həmçinin İran artıq Qərb üçün bir nömrəli təhdid hesab edilmir – Rusiya bir nömrəli təhdid elan edilib. Eyni zamanda, İran öz üzərindəki sanksiyaların aradan qaldırılmasında, Qərb alternativ enerji mənbələri əldə olunmasında, Türkiyə milli təhlükəsizliyinin təmini üçün (həmçinin 2023-cü ildə seçkilərə gedəcək Ərdoğan öz iqtidarının davamlılığını təmin etmək üçün) Suriyada əməliyyatda maraqlıdır. Bu məsələdə Türkiyə-İran-Qərb gizli anlaşması mövcud ola bilər ki, bu da Rusiyanın gələcək addımlarını qeyri-müəyyən edir”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Ərdoğanın türk dünyasının maraqlarına uyğun hərəkət etdiyini qeyd etdi: “Türkiyə son addımları ilə diplomatik manevr etmənin ən üstün formalarını nümayiş etdirir. Qərb mətbuatında bunu Ərdoğanın qələbəsi adlandırırlar Ərdoğan NATO və Rusiyanın qarşılıqlı qorxuları üzərində Türk İslam Dünyasının maraqlarına uyğun manevr edir. Lazım olanda Rusiya ilə qloballist hedonist Qərbi sıxır, lazım olanda da Rusiyanın özünü. Hələ də nəzərə alın ki, Türkiyə daxilində 200 illik bir nəsildən-nəsilə keçmiş, maliyyə və istehsalat, media və təbliğat sahəsində kök salmış Qərbin və sərmayənin "uşaqları" var. Daha sonra bir azdan Türkiyə diplomatiyası Rusiyanı "gəl otur görüm, həyəcanlanma Finlandiya və İsveç bizim kiçiyimiz oldu" deyib sakitləşdirəcək. Bir də Rusiya Fin və İsveç məsələsində bir az dozanı artırır. Onsuz da bu ölkə bilir ki, Avropanın onunla savaşmağa demirəm, bunu ağlından keçirməyə cəsarəti yoxdur. Baydenin də qələbəsi  deyil, tam əksi onun göstəricisidir ki, Amerikanın qurduğu NATO-da Türkiyənin icazəsi olmadan iş getməz. Rəbbim Türkiyəni, türk islam dünyasını ucaltsın. Zaxarovaya gəldikdə isə elə deməlidir də. ..Nə desin? Türk ordusu olmadan NATO - nun hərbi gücü Amerika xaric nədir ki? Amerika isə bütün öz qitəsindən xaric hərbi kampaniyalardan iflas, böhran və daxili siyasi ittihamların artması ilə çıxıbdır. Vyetnam, Koreya, İraq, Əfqanıstan. Dünyada onun fəaliyyəti sırf dünya maliyyə sisteminə bağlıdır. Hərbi proseslər intensivləşəndə yeni düzən yaranır və yeni iqtisadi sistemin əsası qoyulur”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR