İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qaz habı layihəsi - Rusiya və Avropanın maraqları harada toqquşur?

Rusiya Türkiyə ərazisində qaz habının yaradılması layihəsində iştirakda maraqlı olduğunu bir daha bəyan edib. Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, layihə üzərində işlər davam etdirilir: “Rusiyanın Türkiyədə qaz qovşağının yaradılmasında iştirakına dair yol xəritəsi razılaşdırılır və yaxın vaxtlarda konkret razılıq əldə oluna bilər”. O, Türkiyədən Rusiyaya xəritəni müzakirə üçün nümayəndələrin gələcəyini bildirib: “Hazırda yol xəritəsi razılaşdırılır, Türkiyə nümayəndə heyəti “Qazprom”un bu sahədəki gördüyü işlərlə tanış olmaq üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunacaq”.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında V.Putin Türkiyədə qaz habının yaradılmasını təklif edib, Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. Bu ilin aprelində Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Yayda isə Rusiyanın “Qazprom” şirkəti qaz habı layihəsinə dair yol xəritəsini Türkiyə tərəfinə təqdim edib. Novakın açıqlamasından görünür ki, tərəflər arasında layihə ilə bağlı danışıqlar gərgin keçir. Bu barədə bir neçə ay əvvəl Qərb mətbuatında da məlumatlar yer almışdı. Bildirilirdi ki, Rusiya əsas təchizatçı imkanından istifadə etməklə qaz habında rəhbərliyə, baş nəzarətçi roluna iddialıdır. Türkiyə isə öz ərazisində yaradılacaq strateji əhəmiyyətli platformaya özü nəzarət və rəhbərlik etmək niyyətindədir. Bundan əlavə, tərəflər arasında ciddi müzakirə olunan daha bir məsələ kimi layihənin maliyyələşdirilməsi önə çəkilir: Rusiya rəhbərlik və nəzarət imkanı olmasa layihənin icrasına vəsait yatırmaq istəmir, Türkiyə isə layihənin yükünü təkbaşına çəkmək imkanında deyil. Digər tərəfdən, Ankara mövcud infrastrukturun yaradılmasına(qaz anbarları, maye qaz terminalları, boru xətləri və sair) çəkdiyi xərcləri əsas gətirməklə layihədən ən çox qazanclı çıxacaq Rusiyanın maliyyələşmədə bərabər iştirakında təkid edir.

Qeyd edək ki, Türkiyə regional qaz habının formalaşdırılması baxımından bir sıra mühüm üstünlüklərə malikdir: ölkənin yüksək inkişaf etmiş və iri tutumlu yeraltı qaz anbarları, iki maye qaz terminalı, üstəlik, əsas qaz mənbələrindən qazın nəqli üçün hazır infrastruktur – boru xətləri var.

Rusiyalı ekspertlərin hesablamalarına əsasən 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr – cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər.

Türkiyənin həmçinin Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var.

Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər. Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir. 2022-ci ildə ölkənin özünün boru qazı istehlakının 39,7 milyard kubmetr olduğunu nəzərə alsaq, Türkiyənin formalaşdırılmaqda olan qaz habı ilə Avropaya ildə 42,8 milyard kubmetr qaz ötürmək imkanı ola bilər. Cənub Qaz Dəhlizinə daxil olan TANAP-ın genişləndirilməsi və digər planlar reallaşarsa, bu həcmi 75 milyard kubmetrə çatdırmaq mümkündür.

Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını”nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr(2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb –red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Bundan əlavə, əvvəllər Rusiya qazını Balkanlardan Türkiyəyə çatdıran Transbalkan qaz kəməri var ki, onun geriyə rejimlə işə salınması ildə 8-10 milyard kubmetr qazın Avropaya ötürülməsinə imkan verəcək. Azərbaycan 2027-ci ilədək TAP-ın genişləndirilməsi planını icra edərsə, ötürücülük gücü ildə 20 milyard kubmetrə çatacaq. Beləliklə, 2027-ci ildə Türkiyə qaz habından Avropaya 45,75 milyard kubmetr qaz ötürmək imkanında olacaq.

Hələlik Avropa İttifaqından Türkiyədə qaz habının yaradılması prosesinə hər hansı maraq göstərilmir. Maraqlı olan Aİ-nin cənub qanadına daxil olan ölkələrdir. Ötən ilin mülayim qışı nəticəsində bu mövsümə rekord həcmdə ehtiyatla daxil olan Brüsseldə arxayınlıq hiss olunmaqdadır. Noyabrda terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları oktyabr ayı ilə müqayisədə 23 faiz artıb. Hazırda mayeləşdirilmiş qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücünün 62 faizindən istifadə olunur. Oktyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 513 dollar təşkil edib, noyabrda isə 520 dollara qədər artıb.

Avropanı arxayınlaşdıran əsas amil ən böyük maye qaz istehsalçıları olan ABŞ, Qətər, Avstraliyada yeni stehsal güclərinin yaradılması layihələrinin icra olunmasıdır. Beynəlxalq Enerji Agentliyinin (IEA) illik “World Energy Outlook” hesabatına görə, bu layihələr üzrə istehsalın başlanması 2030-cu illərə doğru qaz bazarında təklif bolluğu yaradacaq. Təklif bolluğu isə bazarda təbii qazın qiymətindəki volatilliyin qarşısını alacaq, onun ucuzlaşmasını şərtləndirəcək. Onların fikrincə, qısa müddətdə təbii qaz qiymətlərindəki dəyişkənlik davam edəcək, lakin 2025-ci ildən sonra yeni LNG layihələri üzrə bazara tədarüklərin başlanması ilə vəziyyət dəyişəcək ki, bu da “bazarların tarazlığını pozacaq və tədarüklə bağlı narahatlığı aradan qaldıracaq”.

Hesabatda qeyd edilir ki, artıq tikintisi davam edən və ya yekun investisiya qərarı qəbul edilən layihələr 2030-cu ilə qədər LNG istehsalını ildə 250 milyard kubmetr artırmalıdır ki, bu da bugünkü qlobal tədarükün yarısına bərabərdir. Qlobal maye qaz təklifində ən əhəmiyyətli artım 2025-ci ildən 2027-ci ilə qədər gözlənilir. Yeni layihələrin yarıdan çoxu ABŞ və Qətərdə icra olunur.

Lakin Avropanın bir çox ölkələrinin, xüsusilə də Cənubi və Şərqi Avropa ölkələrinin maye qazı boru qazına çevirən terminal yaratmaq imkanları yoxdur. Həmin ölkələrin bir çoxu artıq Türkiyə ilə qaz alışına dair müqavilələr imzalamağa başlayıblar. Bu isə qaz habında hərraca çıxarlılacaq məhsula alıcı tapılmasının çətin olmayacağı deməkdir.

Aydın məsələdir ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədə regional qaz habının yaradılması Bakının marağında olan layihədir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizi Türkiyə ərazisindən keçir, onda bu marağın kifayət qədər iqtisadi əsaslı olduğunu söyləmək mümkündür. Doğrudur, son vaxtlar Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarında aktivlik nümayiş etdirmir: mülayim iqlim şərtləri, bazara çıxarılması gözlənilən böyük maye qaz həcmləri Avropada xeyli rahatlıq yaradıb. Lakin Avropanın iki ən böyük iqtisadiyyatında – Fransa və Almaniyada sənaye sektorunda müşahidə olunan durğunluğun uzunmüddətli olmayacağı, yaxınmüddətli dövrdə yenidən inkişaf yoluna qayıdacağı gözlənilir. Bu isə təbii qaza olan tələbatı artıracaq. Üstəlik, Ukrayna gələn ilin dekabrından sonra öz ərazisindən Rusiya qazının nəqlini tam dayandıracaq, bu da digər mənbələrə ehtiyacı daha da artıracaq.

Azərbaycanın yaxın və ortamüddətli perspektivdə qaz istehsalını artırmaq, ixraca daha çox məhsul göndərmək planları icra olunmaqdadır. Ölkənin “Şahdəniz”dən əlavə də qaz yataqları var. Onlardan biri olan “Abşeron” yatağından ilk qazın hasilatına iyul ayında başlanıb. Bu yataqdan çıxarılan illik 1,5 milyard kubmetr qaz daxili tələbatın ödənməsinə yönəldilir, nəticədə, Azərbaycan həmin həcmdə qazı ixrac etmək imkanı əldə edir. Bundan əlavə, “Ümid” yatağından hasilat getdikcə artırılır. Azərbaycan həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarından, “Babək” strukturundan da qaz hasilatını təmin edəcək.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan, 7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.

Bu iln 10 ayında Azərbaycan 11 milyard 409 milyon 531,09 min dollar dəyərində 20,4 milyard kubmetr qaz ixrac edib. Bu dövrdə Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.

Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. TANAP-ın ötürücülük gücünün artırılması və Türkiyədə qaz habının fəaliyyətə başlaması ilə Azərbaycan daha çox qaz satmaq imkanı əldə edəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR