Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın öz torpaqlarında beynəlxalq hüquqa əsaslanaraq terrorçulara qarşı keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsində hər zaman olduğu kimi Türkiyə, Azərbaycan, türklükdən söz düşdükdə aramızdakı ermənilər, bölücü terror qruplaşmasının üzvləri, FETÖ üzvləri və özünü insan haqlarının müdafiəçisi kimi göstərən, ancaq insanlıqdan çıxmış kütlələr aranı qızışdırmağa çalışırlar”.
Bu fikirləri Musavat.com-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib. O bildirib ki, 3-4 gündür Türkiyədə yaşayan, eləcə də xarici ölkələrə qaçmış kimliksiz şəxslər yalan təbliğatla dünyaya mesaj verməyə çalışırlar:
“Bu şəxslər Xocalı 4 ay mühasirədə ikən, 106-sı qadın, 83-ü uşaq olmaqla 613 şəhid torpağa verilərkən, Zəhra balamız şəhid edilərkən, atəşkəs elan olunmasına baxmayaraq, BMT-nin verdiyi qərarların əksinə, Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtərdə təxminən 100 mülki şəxs erməni terrorçuları tərəfindən şəhid edilərkən səsi çıxmayanlar, haqqı, hüququ görməyənlər sanki koalisiya yaradıblar. Bu koalisiya yalan məlumatla özlərini göstərməyə çalışır. Baş verənlər “lakmus kağızı”nı xatırladır. Bu günlər dost və düşmən, dost və xain, dost və bölücülər ortaya çıxar. Beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarında vətəndaşına, əsgərinə, dövlətinə, torpağına hücum edən terrorçulara qarşı törədilən terrora son qoymaq üçün həyata keçirilən antitterror tədbirlərinə qarşı əsassız reaksiyalar qəbuledilməzdir. Azərbaycan həm 24 saatlıq antiterror tədbiri, həm 44 günlük Vətən müharibəsində, eyni zamanda 1992-ci ildən bu günə kimi heç bir mülki şəxsi hədəf seçmədi.
Coğrafiya eyni coğrafiyadır, göstərilən yollar eyni yollardır. 31 il öncə yalın ayaqla soyuq havada doğma torpağını, evini, yurdunu, ana-atalarının məzarlarını tərk etməyə məcbur edənlər, tərk etməyənləri şəhid edən zehniyyət bu gün qalmaq istəyənlərə Azərbaycanın tamhüquqlu vətəndaşı kimi münasibət göstərən, 24 saatlıq antiterror tədbirləri müddətində sığınacaqlar yaradan, eyni yoldan gedən insanlara su, yemək, şokolad verən Azərbaycan dövlətini qınamağa çalışır. Hər şey dünyanın gözü önündə baş verir. Xocalı, Bərdə, Gəncə, Tərtər...Ermənistanın 28 il boyunca dini, milli, mədəniyyəti məhv etmək üçün həyata keçirdiyi təbliğat bəllidir, Azərbaycanın etdikləri də bəllidir. Buna görə də millətsiz, insanlıqdan uzaqlaşmış dezinformasiyanın maşası olanları şiddətlə qınayırıq. Hilal Nesinin dövlətin “getməyə bilərsiniz” dediyi halda Qarabağdan öz istəyi ilə gedənlərə ağlaması tamamilə şəxsi piarı, timsah göz yaşlarıdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ