Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaşın suriyalılara hücum etməsindən sonra hadisələrin miqyası artıb. Aksiyalara qatılanlar suriyalıların Türkiyə ərazisindən çıxarılmasını tələb ediblər. İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Qeyd edək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub. Türkiyədəki olaylardan sonra Suriyada da Türkiyə əleyhinə etirazlar başlayıb. Türkiyənin nəzarət etdiyi ərazilərə əhali tərəfindən hücumlar olub. Habelə silahlı şəxslər Türkiyə TIR-larına hücumlar edirlər. Bu proses nə ilə nəticələnə bilər? Üçüncü qüvvənin təxribatı ehtimalı varmı?
Siyasi şərhçi Heydər Oğuz "Yeni Müsavat"a deyib ki, hadisəni yalnız məişət zəminli hansısa hadisə ilə əlaqələndirmək doğru olmaz: “Türkiyədə illərlə yığılıb qalmış problemlər var. Xüsusilə Suriya qaçqınları problemi qardaş ölkə insanını xeyli narahat edir. Rəsmi məlumatlara görə, Türkiyədə 6 milyon, qeyri-rəsmi məlumatlara görə isə, 10 milyon qaçqın var. Müharibə şəraitindən qaçıb gələn bu qaçqınların bir çoxu psixoloji gərginlik içindədirlər və bəzən hadisələrə qeyri-adekvat reaksiya verirlər. Bu da sözsüz ki, Türkiyə xalqını qıcıqlandırır. Üstəlik, milyonlarla ərəbin demoqrafik problemlərə səbəb olacağından çəkinirlər. Türkiyənin getdikcə, Yaxın Şərq qaranlığına qərq olacağı, ölkənin ərəbləşəcəyi və xeyli milli azlıqların ortaya çıxacağı insanları düşündürür. Açığı, bu düşüncələrdə həqiqət payı da az deyil. Nəzərə alsaq ki, Türkiyənin əsl qurucuları olan türklərdə demoqrafik artım getdikcə azalır, qeyri-türklərdə isə doğum nisbəti çoxalır, bu da yaxın gələcəkdə həqiqətən də böyük problemlər yarada bilər. Məhz bu səbəbdən Türkiyədə Suriya qaçqınlarına qarşı kin-küdurət artır”.
Heydər Oğuzun fikrincə, hadisənin Qeysəridə baş verməsi də təsadüfi deyil: “Qeysəri Türk millətçiliyinin güclü olduğu vilayətlərdəndir. Orada suriyalı qaçqınların yerləşdirilməsi milli məfkurə daşıyıcılarını təhlükə altına qoyur. Görünür, bu səbəbdən də əxlaqsız bir hadisə Qeysəri sakinlərinin narazılığının üzərində sıçramış qığılcım effekti verib”.
Bənzər hadisənin Suriyanın şimalında məskunlaşdırılmış müxalif qüvvələr arasına sıçramasını Türkiyə prezidenti Rəcəb Tayib Erdoğanın bu yaxınlarda Bəşər Əsədlə yaxınlaşmaq bəyanatı ilə əlaqədar olduğuna inanan həmsöhbətimiz fikrini belə izah etdi: “ABŞ regionda məskunlaşmış PKK ünsürlərini silahlandıraraq Kürdüstan dövləti qurmaq istəyir. Bu yaxınlarda hətta bu məqsədlə həmin ərazilərdə seçki keçirməyi planlaşdırırdı. Türkiyənin kəskin etirazından sonra bu seçki avqusta qədər təxirə salındı. Bununla belə, problem tam həllini tapmayıb və nəticədə rəsmi Ankara da bundan narahatdır. Ən pisi isə odur ki, ABŞ ordusu Şimali İraqdakı PKK qruplaşması ilə birgə hərbi təlimlər keçirir. Hərbi təlimlərin mövzusu və hədəfi Türkiyənin hücumuna qarşı terrorçuları hazırlamaqdır. Müttəfiq bir dövlətə qarşı bu xain plana rəsmi Ankara laqeyd qala bilməz. Odur ki, region dövlətləri ilə birlikdə bu məkrli planın qarşısını almağa səy göstərir. Rusiya və İran isə bunun üçün Türkiyənin Bəşər hakimiyyəti ilə barışmasını şərt qoşurlar. Ərdoğan da məhz bu səbəbdən ötən cümə namazlarından birində Bəşər Əsədlə görüşə biləcəyini bildirmişdi. Bu da Suriyanın şimalında məskunlaşan Türkiyə tərəfdarları tərəfindən səhv anlaşıldı. Onlar Ərdoğanın Bəşər Əsədlə anlaşıb müxalifləri qurban verəcəyini düşündülər və Türkiyədə baş verən hadisələr narazılığı körüklədi. Əsədlə razılığa getmək istəməyən suriyalılar ayağa qalxdılar və Türkiyə bayrağını yandırdılar. Beləcə, həm Suriyanın şimalında, həm də Türkiyənin cənubunda gərginliklər yaşandı”.
Heydər Oğuz istisna etmir ki, bu insidentlərin ortaya çıxmasında xarici barmağı da rol oynaya bilər:
“Xüsusilə ABŞ Türkiyənin Suriya ilə yaxınlaşmasına imkan vermək istəmir. Yeri gələndə Rusiya və İran da vəziyyətdən öz xeyirlərinə istifadə edirlər. Nəticədə bu kimi gərginliklər meydana gəlir.
Həmsöhbətimizin fikrincə, Türkiyə böyük dövlətdir və bu cür problemlərlə tez-tez sınağa çəkilib: “Buna baxmayaraq, öz dəvətin siyasəti ilə bu çətinliklərin öhdəsindən gəlib. İnanıram ki, yenə də belə olacaq və Türkiyə bu məkrli planı dayandıra biləcək”
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ