İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Mardan Qazaxıstan və Azərbaycanı işğalla hədələdi - Kremlin təbliğat köpəkləri dişlərini türk dünyasına qıcırdıb

Kremlin təbliğat aparatının əsas simalarından biri olan jurnalist Sergey Mardan növbəti dəfə region ölkələrinə qarşı açıq düşmənçilik ritorikası ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı yazıda Azərbaycan və Qazaxıstanı “xüsusi hərbi əməliyyat”la hədələyərək, açıq-açığına “SVO-nu harada başlayaq – əvvəl Azərbaycanda, sonra Qazaxıstanda, yoxsa əksinə?” sözlərini işlədib.

Bu, təsadüfi ifadə deyil. Mardan uzun müddətdir Kremlin səsini çatdıran, qonşu dövlətlərə qarşı zor və təhdid dili ilə danışan təbliğatçılardandır. Onun bu paylaşımı isə Azərbaycan və Qazaxıstanda böyük narazılıq yaradıb.

Mardanın sözləri, Rusiyanın xarici siyasətində formalaşmış acınacaqlı mənzərəni bir daha göstərir. Kreml artıq qonşularla, müttəfiqlərlə və dünyanın istənilən ölkəsi ilə yalnız zor və hədə dili ilə danışa bilir. Qorxutmaq, məhv etməklə təslim etdirmək cəhdləri isə Rusiyanı əvvəlcə təcridə, indi isə dağılma nöqtəsinə gətirib çıxarıb.

Musavat.com-a görə, bu təhdidlər nə Azərbaycan, nə də Qazaxıstan kimi güclü və strateji dövlətlər üçün real təhlükə doğurmur. Əksinə, Moskva bu cür bəyanatlarla özünü gülünc vəziyyətə salır. Ukraynada dörd ilə yaxındır ki, bataqlığa çevrilmiş müharibədən çıxa bilməyən Rusiya, indi də iki türk dövlətini işğalla hədələyir. Bu isə həm gülməli, həm də acınacaqlı mənzərədir.

Azərbaycan artıq böyük bir müharibədən qalib çıxmış, peşəkar və müasir ordusu olan ölkədir. Qazaxıstan isə Orta Asiyada iqtisadi, diplomatik və hərbi baxımdan sabitliyin mərkəzidir. Onun Türkiyə və Çin kimi iki güclü müttəfiqi də var. Belə dövlətləri işğalla hədələmək yalnız təbliğat səviyyəsində mümkündür, reallıqda isə bu, mövcud Rusiyanın gücünün fövqündədir.

Musavat.com-a danışan tanınmış ekspertin qənaətinə görə, Moskva bu cür ritorik davranışlarla təkcə Cənubi Qafqazı və türk dünyasını deyil, həm də özünün ənənəvi müttəfiqlərini itirməkdədir. Ukraynada törətdiyi işğal siyasəti nəticəsində artıq slavyan birliyini də parçalamış Rusiya, indi “türkçü hərbi əməliyyat” hədələri ilə özünə yeni düşmənlər qazanır.

Nəticə aydındır: bu təhdidlər sevgi və hörmət qazandırmır, əksinə, Rusiyaya qarşı nifrəti artırır. Özünü zorla qəbul etdirmək istəyən bir dövlət indi kimsə tərəfindən qəbul edilməməyin simvoluna çevrilib. Kremlin informasiya maşını dişlərini qıcırtsa da, artıq heç kəsi qorxuda bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR