İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə həbs edilən Şamil Əmirov kimdir?  

 

 Əgər o, iddia edildiyi kimi Rusiyada cinayətkar qruplaşmanın lideri olsaydı...

 

Türkiyə hakimiyyəti Rusiyada fəaliyyət göstərdiyi iddia edilən mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Şamil Əmirovun saxlanıldığını açıqlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.

““Qəfəs-15” əməliyyatı nəticəsində Rusiya Federasiyasında fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstəsinin rəhbərlərindən biri Şamil Əmirov yaşadığı İstanbulun Sarıyer rayonunda saxlanılıb”, – Türkiyənin daxili işlər naziri Əli Yerlikaya mikrobloq şəbəkəsində bildirib.

O, əlavə edib ki, Ş.Əmirov dələduzluqda ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilib.

Şamil Əmirovun kimliyi haqda əlavə məlumat verilmir. Qeyd edək ki, bu ad və soyadda kriminal avtoritet yoxdur. Əgər o iddia edildiyi kimi Rusiyada cinayətkar qruplaşmanın lideri olsaydı, onun haqda mütləq ki, məlumatlar olardı.  

Ehtimal etmək olar ki, İnterpol xətti ilə dələduzluğa görə axtarışda olduğu deyilən Şamil Əmirov dağıstanlı idmançıdır. Açıq mənbələrdə Şamilin valideynləri haqqında heç bir məlumat yoxdur. Bunu Şamilin ailəsinin  dindarlığı ilə əlaqələndirirlər.  Onun  şəxsi həyatı haqda da məlumat çox deyil, yalnız o bilinir ki, 2018-ci il sentyabrında ailə qurub. 

 Ş.Əmirov milliiyyətçə lakdır, Dağıstanın kiçik kəndində anadan olub.  Kaspiyskdə böyüyüb, sonra Mahaçqalaya köçüb. Burada o, qaydasız döyüş növləri ilə məşğul olmağa başlayıb. Onu Tamerlan Süleymanov və Hacıməhəmməd Hüseynov kimi məşqçilər yetişdirib. Ciddi məşq sayəsində Şamil qarışıq döyüş növləri üzrə Moskva çempionu olub.  

Karyerasının əvvəlində inamlı qələbələr qazanan Şamil Əmirov son illər rinqdə uduzub, hətta nakauta düşdüyü dyüşlərdə olub.  Rusiya mediası yazır ki, bir müddət əvvəl Şamil Əmirov bəyan edib ki, özünü çox yorğun hiss edir və döyüşlərə ara vermək niyyətindədir.  Onun sonrakı taleyi haqda heç bir mənbədə məlumat yoxdur.

Ş.Əmirovun Türkiyədə hansı fəaliyyətlə məşğul olduğu deyilmir. Məlumdur  ki, Rusiyada “qanuni oğru”larla bağlı qanun sərtləşdikdən sonra  cinayət aləminə yaxın şəxslər Türkiyəyə yerləşməyə üstünlük verirlər. Bu da xüsusilə böyük şəhərlərdə kriminal mühitə ciddi təsir edir. Mafiyaların daxili hesablaşmaları, bir-birlərinin qanına susaması Türkiyədə stabilliyə ciddi təhdid yaradan amillərdən biridir. O səbəbdən son aylar keçmiş SSRİ-dən olan kriminallara qarşı Türkiyədə xüsusi əməliyyatlar aparılır. O səbəbdən mümkündür ki, dələduzluğa görə axtarışda olan Şamil Əmirov “ciddi təhlükəli cinayətkar  qruplaşmanın lideri” kimi qeydiyyata alınsın.

Orxan ƏLİYEV,

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR