İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Azərbaycan milli xalçaları və geyimlərinin sərgisi açılıb - FOTOLAR

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən mədəniyyət günü çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzində milli geyimlərimiz nümayiş olunub, milli xalçalarımızdan ibarət sərgi açılıb.

Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbul Böyükşəhər Bələdiyyə rəhbərinin müavini Oytun Əskəroğlu, Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal və digərləri Türkiyə ilə Azərbaycan arasındakı tarixi bağlar və ortaq mədəniyyətimiz barədə danışıblar.

Qeyd edilib ki, iki qardaş ölkənin ortaq dəyərləri və tarixi bağları bütün mürəkkəb dövrlərdə özünü ən gözəl şəkildə büruzə verib.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulovanın Azərbaycanı bölgələr üzrə təmsil edən 9 qadın geyimi nümayiş olunub.

Tədbir əsnasında xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsusu, özündə Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – oğul Zəfəri” adlı dünyada analoqu olmayan ikiüzlü xalça sərgilənib.

Milli xalçalarımızla bağlı sərgi maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi bir həftə ərzində İstanbulda Atatürk Mədəniyyət Mərkəzində nümayiş etdiriləcəkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR