İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliği, tədrisi  istiqamətində də layihələr həyata keçirirlər.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaqdır.

Kurslar Qazi Universitetinin Mərkəzi Kampusunda Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış “Azərbaycan Araşdırmalar Mərkəzi”ndə üz-üzə olaraq keçiriləcək və dərslər  çərçivəsində tələbələr üçün oxu günləri, film nümayişləri və danışıq-müzakirə klubları təşkil ediləcəkdir.  Kursların iştirakçılarının azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və ana dilimizdə Azərbaycan, onun nailiyyətləri, milli mədəniyyətimiz və s. maraqlı mövzulara dair müzakirələr keçiriləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzindən əldə edilən məlumata görə Azərbaycan dili kursları -dərsləri Mərkəzin bu sahədə təcrübəyə malik podaqoqu tərəfindən ödənişsiz olaraq aparılacaqdır. Qazi Universitetində isə dərslər “məcburi olmayan, tələbələrə tövsiyə edilən dərslər”in onlayn siyahısına da daxil ediləcəkdir. Gələcəkdə Azərbaycan dili kurslarının daha da genişləndirilməsi, habelə ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də işlər həyata keçiriləcəkdir.

Qeyd edək ki, tədrisə dair metodiki vəsaitlər, nəşrlər Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq, dərslərdə informasiya texnologiyaları tətbiq olunaraq, audio-video materiallar, dialoq və filmlər nümayiş olunacaq, dərslər fərqli metodika ilə aparılacaqdır.  Kursları uğurla başa vuran müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə rəsmi sertifikatı veriləcəkdir.

Azərbaycan dili kurslarında Qazi Universitetinin tələbələri ilə yanaşı, digər Universitetlər, maraqlı şəxslər, habelə başqa ölkələrin Türkiyədə təhsil alan tələbələri də iştirak edə biləcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR