İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə terrorçulara qarşı “cəza əməliyyatı” aparır - Ərdoğandan sərt açıqlamalar

Ekspert: “Ankara şərtləri öz xeyrinə dəyişə bildi”

Noyabrın 20-də Türkiyə Suriyanın Tel Rıfat və Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK terrorçularına qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, terror yuvaları sərrast atəşlərlə darmadağın edilir.

Bunun ardınca YPG/PKK terror təşkilatı Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb. Bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, mərmilər boş əraziyə düşüb.

Terror qruplaşması cinayətkar əməlindən geri durmayıb Qaziantep şəhərinə ikinci dəfə raket atıb. Onlar qismən də olsa, niyyətlərinə çatıblar. Belə ki, atılan raket nəticəsində həyatını itirənlərin sayı üç nəfər olub.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, həlak olanlardan biri uşaqdır.

Türkiyənin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pençe Kılıç” antiterror əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bununla bağlı məsləhətləşmələr davam edir: “Bunu asanlıqla deyə bilərəm ki, əvvəla, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmiz, torpaqlarımıza təcavüz edirsə, bunun cavabını ona verəcəyik”.

Ərdoğan əlavə edib ki, o, bu əməliyyatla bağlı Bayden və Putini məlumatlandırmayıb: “Amma həm cənab Bayden, həm də cənab Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt bu cür əməliyyatlar edə bilərik”.

Türkiyə Prezidenti “Pençe Kılıç”ın icrasında 70-ə yaxın döyüş təyyarəsi və PUA-ların iştirak etdiyini də vurğulayıb.

Türkiyə Prezidentinin açıqlamasının bu hissəsi də xüsusi diqqət çəkir.

“Ruslarla 2019-cu ildə Soçidə əldə etdiyimiz razılaşmamız var. Onlar bölgədəki terrorçuları təmizləməli idilər. Lakin dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etmədilər. Biz də bunlara qarşı səssiz qalmayacağımızı, oradakı terrorçulara qarşı addım atacağımızı söylədik”, - deyə Ərdoğan bildirib.

“Kobanidəki 12 hədəfi vurmaqla terrorçuları zərərsizləşdirdik. Havadan və qurudan nə lazımdırsa, etdik. Bundan sonra da edəcəyik”, - Ərdoğan bildirib.

Ərdoğan Ağ Evi də sərt tənqid edib: “Biz NATO daxilində ABŞ-la müttəfiqik. Amma minlərlə nəqliyyat vasitəsini, silahı Suriyadakı terror bölgəsinə aparan ABŞ-dır. Bu, Barak Obamanın hakimiyyəti dövründən başlamış Donald Trampın dövründə də davam etmişdi. Həmin hadisələr, indi, Baydenin hakimiyyəti dövründə də təkrarlanır”.

“Bununla bağlı dəfələrlə həmkarlarıma mövqeyimi çatdırmışam. Əlbəttə, bir söz demirlər. Biz də lazım olanı özümüz elədik, eləməkdəyik, eləməyə davam edəcəyik”, - Türkiyə lideri vurğulayıb.

Tayvanı qarışdıran qoca Nensi İrəvana gəlir - planı nədir....

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu bu əməliyyatda fayda görür: “Hələlik bildiyimiz kimi, hava bombardmanı aparılır. Həm İraqdakı, həm də Suriya ərazisindəki PKK və onun müttəfiqi olan separatçı silahlı qrupların mövqeləri bombalanır. Bunun quru əməliyyatlarına keçməsini yaxın günlərdə görəcəyik. Amma onu da deyim ki, Türkiyənin Suriyada PYD/YPG silahlılarına qarşı quru əməliyyatı keçirəcəyi ilə bağlı hazırlıqlar neçə aydır davam edir. Ancaq belə görünür ki, indiyə qədər beynəlxalq və regional şərtlər imkan verməyib əməliyyatlara. Ancaq indi bombardmanın miqyasından görünür ki, yaxın zamanda quru əməliyyatı da - ciddi bir maneə yaranmasa - keçirilə bilər. Türkiyənin şərq vilayətlərində, eləcə də Suriya və İraq ərazisindəki silahlı kürd qrupları Türkiyənin suverenliyini təhdid edir. Çünki bu təşkilatların hamısının əsas hədəfi kürd dövlətinin qurulmasıdır. Hazırda İraqda yarımüstəqil kürd muxtariyyəti, Suriyada isə qeyri-rəsmi kürd idarəçiliyi var. Hansı ki, xarici dövlətlər tərəfindən dəstəklənir. Bu səbəbdən də Ankara vaxtaşırı İraq və Suriyadakı kürd silahlı qruplarını vurmaqla zəiflətməyə çalışır, həmçinin bu qrupların ölkənin içərisinə nüfuz etməsinin qarşısını alır. Müasir hərbi-siyasi strategiya belə tələb edir ki, düşmənlə öz ərazində deyil, xaricdə, ən yaxşısı isə onun öz ərazisində vuruşmaq əlverişlidir. Bu səbəbdən də Ankara kürd separatçı-terror qruplarını İraq və Suriya ərazilərində vurur. PKK və onun Suriya müttəfiqləri, əlbəttə, cavab verməyə çalışacaq. Amma bu, əsasən terror aktları və ya postlara hücum şəklində ola bilər. Amma bunun ciddi nəticə verməsini gözləmirəm. Hərbi əməliyyatlar həm də daxildəki siyasi qeyri-sabitliyi nəzarət altında tutmaq üçün sınanmış vasitədir. Bu mənada indiki mərhələdə xaricdə əməliyyatlar türk cəmiyyətini birləşdirmək üçün faydalıdır”.

Türkiyənin bölgədə aparıcı faktora çevrilməsi rəsmi Tehranı narahat edir" - ZÜRİYƏ  QARAYEVA

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva bu əməliyyatı uğurlu sayır: “Türkiyənin antiterror əməliyyatlarına daha bir uğurlu əməliyyat əlavə olundu. Türkiyə Suriyanın Tel Rıfat və Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK terrorçularına qarşı irimiqyaslı hərbi əməliyyatları uğurla həyata keçirdi. İstanbulun mərkəzində terror aktının həyata keçirilməsindən sonra daxili işlər naziri Süleymən Soylunun "ABŞ-ın başsağlığını qəbul etmirik" deməsi yaxın zamanda adekvat addımın atılacağını göstərirdi. Türkiyə Silahlı Qüvvələri cavabı düz bir həftə sonra verdi. PKK/PYD/YPG qərargah və mövqelərini vurmaqla gözlənilən addımı atdı. Əslində müvafiq istiqamətlərdən Türkiyə ərazisinə bundan öncə də təxribatlar törədilirdi. Lakin Suriyanın məlum bölgəsində ABŞ hərbi bazası yerləşdiyi üçün mövqe toqquşması halı yaşana biləcəyi üçün tərəflər belə bir toqquşmadan yayınmağa çalışırdı. Lakin son terror hadisəsi bardağı daşıran damla olduğu üçün Ankaranın Moskva ilə razılaşdırılması sonrası silahlı qüvvələr hava hücumlarını həyata keçirə bildi. Türkiyənin NATO üzvü olmasından dolayı radar qurğuları vasitəsilə digər ölkələr tərəfindən hansı addımların planlaşdırıldığı öncədən bilindiyi üçün, ABŞ-ın qabaqlayıcı tədbirləri almasını diqqətə alsaq, Türkiyənin Pence Kılıç əməliyyatının olduqca uğurla həyata keçirildiyini deyə bilərik”.

Siyasi analitik Asif Nərimanlının da mövqeyi diqqət çəkir. O, Amerika və Rusiyanın bu əməliyyatlarda seyrçi qalmalarının səbəblərinə toxunub: “Ərdoğanın uzun müddətdir anonsunu verdiyi əməliyyat son terror aktından sonra legitimliyini bir daha qazandı. Hərçənd Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də var:

- Ruslar hazırkı geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur;

- Amerikalılar ruslarla qarşıdurmada Ankaranın tərəzinin Moskva gözünə ağırlıq verməsini istəmirlər, o cümldən, NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılıdır;

Türkiyə şərtləri öz xeyrinə dəyişə bildi. İndi birinci mərhələnin - hava əməliyyatının ardınca Suriyada quru əməliyyatının başlanacağı ehtimalı da var, xüsusilə sərhəd bölgəsində Kilisə atılan raket bu zərurəti gücləndirə bilər. Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgənin yaradılmasında israrlıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR