İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq

Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır.

BHUT.jpg (96 KB)

1969-cu ildə onun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: “Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!"

Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləyir: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?”

1947-1948-ci illərdə Kəşmirdən dolayı ilk Hindistan-Pakistan müharibəsi oldu. Ümumilikdə 1 milyon insan öldürüldü, 17 milyon insan didərgin düşdü. İndiyə qədər 3 dəfə Hindistan-Pakistan müharibəsi olub. 4-cü müharibədə atom silahından istifadə olunması ehtimalı son dərəcə yüksəkdir. Digər nüvə ölkələrinin, xüsusən Çinin bu müharibəyə qarışmaq ehtimalı var...

2021-ci ilin oktyabrında Pakistanın nüvə proqramının atası hesab olunan nüvə fiziki Əbdül Qadir Xan COVID-19-un güdazına getdi. Pakistanın hazırda həbsdə olan Baş naziri İmran Xan “Pakistan “milli qəhrəman”ını itirdi”, dedi: “Xalqımız onu sevirdi, çünki biz nüvə silahını daha çox onun sayəsində əldə etmişik”.

QADİR.jpg (68 KB)

O, Pakistan üçün milli qürur simvolu idi. “O bizə ölkəmizi xilas edən nüvə vasitələri əldə etməyimizə kömək etdi. Minnətdar xalq onun xidmətlərini heç vaxt unutmayacaq”, - Pakistan prezidenti Arif Alvi onun xidmətlərini belə dəyərləndirmişdi.
Qərbdə isə pakistanlı fizikə nifrət edirdilər. Məsələn, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Corc Tenet cənab Xanı “Əl-Qaidə” terror təşkilatının əfsanəvi lideri Üsamə bin Laden qədər təhlükəli olduğunu bəyan etmişdi.

Hindistan 1974-cü ildə atom bombasına sahib oldu. Pakistan isə 1998-ci ildən etibarən nüvə silahına malikdir. Pakistan hazırda nüvə silahına malik yeganə müsəlman dövlətidir. İran da nüvə silahı əldə etməyə can atır.

Məsələn, Səudiyyə Ərəbistanın maddi imkanları Pakistandan müqayisəyə gəlməz dərəcədə üstündür. Ancaq Səudiyyə Ərəbistanının nüvə silahı yoxdur. Niyə belədir? Çünki Səudiyyə Ərəbistanının nüvə silahı əldə etmək hədəfi olmayıb. Ancaq İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı bölgədəki əbədi rəqibi İrandan geri qalmamaq üçün həmən hərəkətə keçməli olacaq...

Bu kimi məqamları nədən bu qədər qabarıq şəkildə ortaya qoymaq istədik? Deməli, bugünlərdə “Ərdoğan Türkiyəsi Qərbi heyrətdə qoydu - XXI əsr TÜRK ƏSRİNƏ çevrilir” adlı yazı ilə çıxış etdim.

YANAS.png (594 KB)

Bu yazıya bir-birinə daban-dabana zidd olan yanaşmalar gördüm. Adı çəkilən məqalədə söhbət Türkiyə hərbi sənayesinin inkişafından gedirdi. 5-ci nəsil qırıcısı kimi uğurla sınaqdan çıxan KAAN-ın gələcək perspektivindən bəhs etmişdim. Qərb mənbələrinə istinadən hazırlanmış yazıda fakt olaraq ortada olan həqiqətlərə toxunmuşduq.

Qərbin təsir dairəsində olan bəzi dostlarımız and-aman etdi ki, Ərdoğan Türkiyəsi nəyinki inkişaf etmir, əksinə, Türkiyədə insanlar az qala acından ölürlər. Türkiyə iqtisadiyyatı batıb gedir...

ELMA.jpg (31 KB)

KAAN, Bayraktar KIZILELMA, ANKA-3 və TAI Hürjet kimi uçaqlar fakt olaraq ortadadır. Selçuk Bayraktarın dediyi kimi, Türkiyə aviasiyası qızıl dövrünü yaşayır... Mən hələ Türkiyə hərbi sənayesinin digər nailiyyətlərini sadalamıram. Yeni və son dərəcə gəlişmiş mühərriklər istehsal etməklə Türkiyə ən böyük problemini həll edib. Altay Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankıdır. Türkiyə bu tank üçün xaricdən mühərrik ala bilmirdi. Niyə? Çünki Amerika məqsədli şəkildə buna imkan vermirdi. İndi isə Türkiyə Altay tankının da mühərrik problemini öz daxili imkanları hesabına həll etmək gücündədir. Gələn ildən Altay-ın kütləvi istehsalına start veriləcək...

Türkiyəli mütəxəssislər tərəfindən yaradılmış TOGG avtomobili yollarda şütüyür. Bu araba sayəsində Türkiyə 60 illik xəyalına qovuşdu.

TOG.jpg (103 KB)

Belə şeyləri necə görməmək olar? Türkiyə iqtisadi sıçrayış dövrünə qədəm qoyub...

Bəli, Türkiyədə ciddi problemlər var. Bunu kimsə inkar etmir. O cümlədən AKP iqtidarı da mövcud durumdan məmnun deyil. Ancaq Ərdoğan hökuməti problemi kökdən həll etmək üçün ciddi işlər görür.

Bir daha vurğulayıram: Sayın Ərdoğan və AKP iqtidarı olmasaydı Türkiyənin hərbi sənayesi və avtomobil sənayesi olmayacaqdı. Qərb buna imkan verməzdi. Qərbin istəyi o idi ki, Türkiyə sonsuzluğa qədər silahı ondan alsın. Özü də Qərbin köhnə, işə yaramayan silahlarını. Bu həqiqəti Qərb mediası da etiraf edir. Ancaq bizim qərbpərəstlər daş atıb başın tutur ki, yox, elə deyil. Türkiyə batır, CHP iqtidara gəlməsə, Türkiyə düzəlməyəcək...

Gələn faktlarla danışaq. Məsələn, 2022-ci ildə Türkiyənin xaricə silah satışı 4 milyard dolları keçib.

İXRACİ.jpg (54 KB)

Bunu Türkiyənin böyük uğuru kimi təqdim edirdilər. Qərb mətbuatı da bu fikirdə idi. 2023-cü ildə nə oldu? Bu göstərici 5.5 milyard dollara yüksəldi. Yəni 25 faiz artım ortaya çıxdı. Başqa bir məqam, bu da son dərəcə önəmlidir. 2023-cü ildə xarici ölkələr Türkiyə ilə hərbi sahədə 10.2 milyard dollarlıq müqavilə imzalayıb. Başqa sözlə desək, türk silahı almaq üçün dövlətlər sıraya düzülüb...

Bir daha Zülfüqar Əli Bhuttonun vurğuladığım fikrinə diqqət edin: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!"

Şükür ki, Türkiyə belə bir kritik durumda deyil.

2023-cü ilin 6 fevralında Türkiyədə 7.8 bal gücündə zəlzələ oldu.

KAHRAMAN.jpeg (238 KB)

60 minə yaxın insan təbii fəlakətin qurbanı oldu. Cəmi 80 saniyə çəkən zəlzələ nəticəsində Türkiyəyə 150 milyard dollara yaxın ziyan dəydi. 4 milyon tikili dağıldı, 15 milyondan çox insan evsiz-eşiksiz qaldı. Ancaq Türkiyə sınmadı. Hazırda Türkiyə dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün nəhəng tikinti işləri həyata keçirir...

Problem ondadır ki, Qərb bütün imkanlarını səfərbər edərək Türkiyəyə qarşı bütün təzyiq mexanizmlərini işə salıb. Süni şəkildə Türkiyəyə problemlər yaradırlar. Qərb istəyir ki, Türk insanı pomidor-xiyar yetişdirib satsın. Əldə etdiyi pulu da aparıb Qərbə versin və Qərbin tullantı silahlarını alsın. Cənab Ərdoğanın böyüklüyü ondadır ki, bütün məhrumiyyət və təzyiqlərə baxmayaraq Türkiyənin iqtisadi cəhətdən güclənməsi üçün ağlasığmaz işlər görüb. Xüsusən hərbi sənayenin inkişafında Türkiyəni göylərə qaldırıb. Türkiyənin hərbi sənayesi isə yaxın gələcəkdə lokomotiv kimi bütün Türkiyə iqtisadiyyatını öz arxasınca aparacaq. Biz Türkiyənin hərbi sənayesində gördüyümüz inkişafı tezliklə Türkiyə iqtisadiyyatının digər sahələrində də görəcəyik. Mən buna əminəm.

Türkiyə Qərbin onun əl-ayağına bağladığı buxovları və zənciri birdəfəlik qırıb atmalıdır. Bizim hədəfimiz azad və qüdrətli Türkiyədir. Türkiyə osmanlı əzəmətinə qovuşmadan Türk Dünyası bir araya gəlib dünyanın siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilə bilməz. Türkiyə Qərbin arxasınca sürünmək şakərindən birdəfəlik imtina etməlidir...

Əminəm ki, bütün çətinliklərə rəğmən, Türkiyə iqtisadiyyatı yeni-yeni zirvələri fəth edəcək. Türkiyəyə və türklərə elə yaraşan da budur...

İQTİS.jpg (131 KB)

AKP və cənab Ərdoğan Türkiyənin çağdaş iqtisadiyyata sahib olması üçün elə bir möhtəşəm özül atdı ki, o özülün üzərində möhtəşəm bir iqtisadiyyat yüksələcək. Qərb mətbuatı da yazır ki, XXI əsrin başlanğıcından bəri Türkiyə yeni sənayeləşmə mərhələsinə qədəm qoydu. XXI əsrin başlanğıcından üzə bəri isə Türkiyəni AKP və onun lideri Tayyib Ərdoğan idarə edir...

Özü də Qərb Türkiyənin təkcə sənayeləşməsinə mane olmurdu. Həm də Türkiyənin öz ərazisindən neft və qaz çıxarmasına imkan vermirdi. Türkiyə bu baryeri də aşıb keçə bildi. Məsələn, Türkiyə hər il 50-60 milyard kub.metr qaz istifadə edir. Dünənə qədər bu qazın hamısı xaricdən, əsasən Rusiyadan idxal olunurdu. 2023-cü ildən etibarən isə Türkiyə Qara dənizdən qaz hasil edir. Türkiyə əhalisinin 80 faizindən çoxunun evində qazı var. Türkiyə üç tərəfdən su ilə əhatə olunmuş yarımada kimdir. Dənizlərdə kifayət qədər qaz və neft var. Mütəxəssislər əmidirlər ki, yaxın gələcəkdə Türkiyə neft və qaza olan tələbatını öz daxili imkanları hesabına həll edə biləcək. Bu isə o deməkdir ki, Türkiyə neft və qaz idxalı üçün xərclədiyi 10 milyardlarla dolları, məsələn, süni intellekt kimi aparıcı sahələrə ayıracaq. Bu isə Türkiyəni yeni inkişaf mərhələsinə qovuşduracaq.

Qərb mənbələrinə görə, Türkiyə 1948-ci ildə yaradılmış İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organization for Economic Co-operation and Development, OECD) və G20-nin (19 ölkəni və Avropa İttifaqını (Aİ) birləşdirən hökumətlərarası forum) qurucu üzvüdür. Ölkə iqtisadiyyatı 2023-cü ildə nominal ÜDM-ə görə dünyada 17-ci, Avropada isə 7-ci yerdədir. Türkiyə həmçinin 2023-cü ildə Alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə dünyada 11-ci, Avropada isə 5-ci yerdədir. Beynəlxalq Valyuta Fonduna görə, 2022-ci ilə qədər Türkiyə orta-yuxarı gəlir, qarışıq bazar, inkişaf etməkdə olan iqtisadiyyata malik idi.

CEDVELİM.jpeg (127 KB)

Türkiyə dünyada turistlərin ən çox ziyarət etdiyi dördüncü ölkədir.

TURİZM EN SON.jpg (153 KB)

Türkiyədə həm çoxmillətli, həm də milli firmalar tərəfindən yaradılmış 1500-dən çox tədqiqat və inkişaf mərkəzi var. Bu nə deməkdir? Tədqiqat və İnkişaf həm bir şirkət, həm də bir ölkə üçün yenilik sayəsində böyümənin və inkişafın vacib bir elementidir. Şirkətlərə öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağa kömək edir. Türkiyə kənd təsərrüfatı məhsulları, tekstil, motorlu nəqliyyat vasitələri, nəqliyyat avadanlığı, tikinti materialları, məişət elektronikası və məişət texnikası sahəsində dünyanın aparıcı istehsalçıları sırasındadır.

Beynəlxalq statistikanı kimsə dəyişə bilməz. Ümumi daxili məhsulun həcminə görə 2021-23-cü illərdə Türkiyə dünyada 17-ci yerdə olub. 2030-cü ildə isə Türkiyə 9-cu yerə çıxacaq. Düşünün ki, Böyük Britaniya 10-cu, Fransa 11-ci, Meksika 12-ci, Cənubi Koreya 13-cü, İtaliya 14-cü, İspaniya 15-ci, Kanada 16-cı yerdə olacaq. 2040-ci ildə Türkiyə dünyada 7-ci, 2050-ci ildə 6-cı, 2060-cı ildə isə 5-ci yerə çıxacaq. Hətta Almaniya və Yaponiyanı belə arxada qoyacaq...

Təsəvvür edin ki, 16 ölkənin adı keçən siyahıda türkiyə yeganə müsəlman ölkəsidir. Yalnız Səudiyyə Ərəbistanı 2040-cı ildə bu siyahıda 16-cı yerə çıxacaq. O vaxt isə Türkiyə 7-ci yerdə olacaq. Məsələn, hətta 2060-cı ildə belə İranın adı bu siyahıda yoxdur...

ECON .png (241 KB)

Başqa bir məqam da var. Türkiyə təkbaşına bu uğurlara imza atır. Düşünün ki, bütün türk xalqları vahid dövlətdə birləşib. Belə bir dövlət 15-20 il dünyanın ən üstün iqtisadiyyatlarından birinə sahib ola bilər...

Mən başa düşürəm ki, çoxlarına bunlar fantastik görünür. Ancaq bu, Elbəyi Həsənlinin fantaziyası deyil. Bu, beynəlxalq səviyyəli ekspertlərin ümumi rəyidir. Ən önəmlisi isə odur ki, bu statistikanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı təqdim edib. Xatırladım ki, 38 ölkəni özündə birləşdirən bu təşkilatın mərkəzi Parisdə yerləşir. Yəni nə Fransa Türkiyəni tərif etməz, nə də başqalarına belə bir imkan tanımaz. Ona görə də Türkiyəni kiçik görənlər özlərinə çəki-düzən versə, yaxşıdır...

Türkiyə iqtisadiyyatının inkişaf tempi ilə daha yaxından tanış olmaq üçün:

https://en.wikipedia.org/wiki/Economy_of_Turkey?fbclid=IwAR2n7VrGUvNoyd8QlhGf3nMHUgnX62_nka7WAwXngpn661nuY9C5bPDEQWQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR