İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə ticarətimiz azalıb? - Rəqəmlərin arxasındakı gerçək

Satış mağazaları onlayn platformalarla rəqabət apara bilmir

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən geyim idxalını 7,503 milyon dollara qədər azaldıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% azdır. Bu haqda Türkiyə İxracatçılar Şurası bildirir.

Fevralda Türkiyə Azərbaycana 3,895 milyon dollar dəyərində geyim tədarük edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 27,1% azdır. Ümumilikdə, 2025-ci ilin ilk iki ayında Türkiyənin geyim ixracının dəyəri 5% azalaraq 2,77 milyard dollar, fevralda isə 9,3% azalaraq 159 milyard dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin yanvar ayına olan məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 1,6 faiz artaraq 483,2 milyon dolları üstələyib.

Azərbaycandan Türkiyəyə ixrac: 308 milyon dollar (+1 faiz)

Türkiyədən Azərbaycana idxal: 175,1 milyon dollar (+2,8 faiz)

Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 9,49 faiz təşkil edib.

O ki qaldı digər sahələrə, bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,861 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. Türkiyə İxracatçılar Şurasının rəsmi məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır. Təkcə fevralda isə Türkiyə Azərbaycana 1,584 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,8 % azdır. İki ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 12,1% azalaraq 410 milyon ABŞ dollarına, fevralda isə 14,8% azalaraq 199 milyon ABŞ dollarına enib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bir neçə gün öncə mətbuata açıqlamasında bildirib ki, regionda və qlobal miqyasda mürəkkəb şəraitə baxmayaraq, Türkiyənin ixrac həcminin artım tendensiyası davam edir. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin proteksionizm istəyinə baxmayaraq, Ankara ixracatçı şirkətlərə dəstək kursunu davam etdirir, o cümlədən onların yeni bazarlara çıxmasını stimullaşdırmaq və yerli malların rəqabət qabiliyyətini artırmaq üzrə səylər göstərir.

Türkiyənin ticarət naziri Ömer Bolat daha əvvəl sosial şəbəkədə ölkənin bu ilin mart ayı üzrə ixrac rəqəmlərini paylaşmışdı. O qeyd etmişdi ki, mart ayında Türkiyə mallarının ixrac həcmi 23,4 milyard dollar təşkil edib. “Bu, Türkiyə Cümhuriyyəti tarixində beşinci ən yüksək aylıq ixrac göstəricisi sayılır”, - deyə o vurğulamışdı.

Ümumilikdə, 2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdədir. Ötən il Azərbaycan Türkiyədən 3,1 milyard dollar dəyərində məhsul idxal edib.

Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 34,2 milyard dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2023-cü ildə təxminən 31,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz artım deməkdir.

Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 13 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 5,2 milyard dollarla Bolqarıstan, 4,8 milyard dollarla Yunanıstan, 3,2 milyard dollarla İran, 3,1 milyard dollarla Azərbaycan qərarlaşıb. İxracda ən böyük illik artım 21,9 faizlə Bolqarıstana, 15,5 faizlə Yunanıstana və 10,1 faizlə Azərbaycana qeydə alınıb.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat” a şərhində bildirdi ki, Türkiyədən geyim idxalının azalmasına səbəb fərdi sifarişlərdir. Ekspert hesab edir ki, dükanlarda geyimlər baha qiymətə satıldığı üçün fərdi sifarişlər artıb: “Fərdi sifarişlər Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi statistikasına daxil edilmir. DGK-nın statistikası xarici ticarət dövriyyəsini əhatə edir. Türkiyədə bir neçə onlayn platformanın mövcudluğu, azərbaycanlıların da bu platformalardan daha geniş istifadə etməsi rəsmi kanallarla, yəni şirkətlər və fiziki şəxslər tərəfindən həm topdan gətirilən geyim məhsullarının azalmasına səbəb olub. Bəlkə də fərdi sifarişlər də nəzərə alınsa idi, statistikaya daxil edilsə idi, ciddi artım müşahidə oluna bilərdi. Bir sözlə, bu tendensiyanın yaranmasının əsas səbəbi pərakəndə satış mağazalarının onlayn sifarişlərlə rəqabət apara bilməməsidir. Onlarda qiymət daha yüksəkdir, vətəndaşlar da onlayn sifarişlərə üstünlük verirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR