İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Ermənistan sərhədləri açılır? - İrəvan Ankaradan razılıq alıbmı...

Politoloq: “Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi, ”soyqırımı" iddialarından rəsmən əl çəkmədiyi sürəcdə sərhədlərin açılması real görünmür"

“Türkiyə-Ermənistan sərhədindəki Marqara sərhəd-buraxılış məntəqəsi istismara hazırdır”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin 2 dekabr açıqlamasında bildirilir.

“Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - məlumatda bildirilib. 

Söhbət hansı “üçüncü ölkə vətəndaşları”ndan gedir? Az sonra Ermənistan vətəndaşları da keçə bilərmi? Şəffaflıq necə təmin ediləcək? Türkiyə tərəfdən də hazırlıq aparılıbmı?

Xatırladaq ki, qardaş ölkə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair ikitərəfli təmaslar xeyli müddətdir dayanıb. Türkiyəni bu danışıqlarda Prezidentin xüsusi nümayəndəsi, təcrübəli diplomat Sərdar Kılıç, Ermənistanı isə parlamentin vitse-spikeri Rubin Rubinyan təmsil edir. Onlar arasında indiyədək dörd rəsmi görüş keçirilib. Sonuncu görüş təxminən il yarım əvvəl Vyanada baş tutub. Məhz həmin görüşdə quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşlarına açılması barədə razılığa gəlinib.

Onu da yada salaq ki, bu ilin fevralında Türkiyədəki dəhşətli zəlzələdən sonra Marqara keçid məntəqəsi Ermənistandan humanitar yük maşınları üçün müvəqqəti açılmışdı. 

Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu  dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib", son xeberler

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanması 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə cavab olaraq Türkiyə tərəfindən atılmış addımdır: "Uzun dövr ərzində Azərbaycan torpaqları işğal altında olduğu zamanlarda Ermənistan və onun havadarları tərəfindən Türkiyəyə təzyiqlər edilərək Ermənistanla sərhədlərin açılması, iqtisadi əlaqələrin qurulmasına cəhdlər edilirdi. Bir sıra hallarda hətta bunu Ermənistanı Türkiyədən asılı vəziyyətə gətirməklə Ermənistanla Azərbaycan arasında daha uyğun şərtlər altında sülh müqaviləsinin imzalanması üçün real zəmin yaratmaqla bəzəməyə çalışırdılar. Xüsusilə də 2009-cu ildə bu istiqamətdə ciddi nəticələr əldə olundu. Belə ki, həmin ilin oktyabrında ABŞ, Rusiya və Fransanın birbaşa təzyiqi ilə Türkiyə tarixə Sürix protokolları kimi düşən sənəd imzalamaq məcburiyyətində qaldı. Bu sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin həlli əks olunmadan Ermənistanla-Türkiyə arasında sərhədlərin açılması, əlaqələrin qurulması əks olunurdu. Məhz 2010-cu ilin yanvarında Ermənistan tərəfindən bu protokollar qəbul olunduqdan sonra Konstitusiya Məhkəməsi bu protokolların Ermənistan Konstitusiyasına uyğunluğu ilə bağlı məsələyə baxdı və xüsusilə üç istiqamətdə mövqe sərgiləndi, qərar qəbul olundu. Birincisi, bu protokolların imzalanmasına baxmayaraq Ermənistan 1915-ci ildə saxta "soyqırımı"nın dünya səviyyəsində tanınması istiqamətində addımlarını bundan sonra da davam etdirəcəyini bəyan etdi. İkincisi, bu protokollarda heç bir halda Ermənistan-Azərbaycan münasibətləri əks olunmurdu. Üçüncüsü, Konstitusiya Məhkəməsinin qərarında qeyd olunurdu ki, hazırkı sərhədlər yekun sərhədlər kimi qəbul edilə bilməz. Bunları əsas göstərərək Türkiyə tərəfi sonradan Sürix protokollarından imtina etdi. Uzun müddət Qərb tərəfindən Türkiyəyə təzyiq edilərək bu protokolun şərtləri çərçivəsində münasibətlərin qurulmasına çalışdılar. Lakin nəticə olmadı. 2018-ci ildə isə Sürix protokolu Ermənistanın o zamankı prezidenti Serj Sərkisyanın qərarı ilə qüvvədən salındı. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən əl çəkmədiyi, saxta “soyqırımı” kampaniyasını davam etdirmək fikrindən geri çəkilmədiyi sürəcdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, sərhəd-buraxılış məntəqələrinin açıq fəaliyyətə başlaması real görünmür. Marqara sərhəd buraxılış məntəqəsinin istismara hazır olmasına qədər də Türkiyə ilə Ermənistan arasında üçüncü ölkənin vətəndaşlarının sərbəst keçidi ilə bağlı problemlər mövcud deyildi. Amma Ermənistan bu prosesi kütləviləşdirməklə tədricən Azərbaycanla sülh müqaviləsi imzalamadan və Türkiyəyə qarşı əsassız iddialardan əl çəkmədən əlaqələrin genişlənməsinə çalışır".

Politoloq hesab edir ki, Türkiyə bu addıma getməyəcək: “İndiki halda Türkiyə üçün prinsipial olan bu üç istiqamətin yenə də Ermənistan tərəfindən qəbul edilməsi üçün təkid ediləcək. Birincisi, saxta soyıqırımla bağlı iddialardan əl çəkmək, ikincisi, Ermənistanın Türkiyəyə ərazi iddialarından imtina etməsi, üçüncüsü, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması. Bundan sonra da Türkiyənin Ermənistana münasibətdə xarici siyasətinin prioritet istiqamətini məhz bu üç tələb təşkil edəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR