Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin əvvəlində Yunanıstanın Santorini adası və ətrafında qeydə alınan 28.000-dən çox zəlzələyə dərindən yüksələn maqmanın səbəb olduğu ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Helmholtz Geoscience Center və Almaniyadakı GEOMAR Okean Tədqiqatları Mərkəzinin rəhbərlik etdiyi süni intellektlə işləyən məlumatların təhlili və dəniz dibi sensorları sayəsində bölgədəki seysmik aktivlik ətraflı şəkildə xəritələndirilib.
"Nature" jurnalında dərc edilən araşdırmaya görə, təxminən 300 milyon kubmetr maqma Yer qabığının dərinliklərindən qalxaraq, dəniz dibinin 4 kilometr dərinliyinə çatıb. Bu prosesdə maqma ətrafdakı qayaları sındıraraq minlərlə zəlzələlərə səbəb olub. Ən güclü zəlzələlər 5 bal gücündə qeydə alınıb. Tədqiqat göstərdi ki, maqma hərəkəti Santorinidə kiçik bir yüksəlişə səbəb olub, sonra isə çökmə baş verib və bu, iki vulkan arasında əvvəllər məlum olmayan hidravlik əlaqənin olduğunu göstərir.
Helmholtz Geoscience Center-in mütəxəssisləri kütləvi seysmik məlumat dəstlərini emal etmək üçün xüsusi süni intellekt metodu hazırlayıblar. Bundan başqa, GEOMAR Kolumbo kraterinin ətrafına yerləşdirilmiş dəniz dibi sensorları ilə həm seysmik siqnalları, həm də dəniz dibində 30 santimetrə qədər çökməni qeydə alıb. Bu onlara maqma axınının vaxtını, istiqamətini və sürətini yüksək dəqiqliklə izləməyə imkan verib.
Tədqiqatçılar bildirirlər ki, bu cür detallı məlumatlar həyati əhəmiyyət daşıyır və onlara bölgədəki vulkanların gələcək fəaliyyətini daha yaxşı izləməyə imkan verəcək.
GEOMAR-ın professoru Heidrun Koppın sözlərinə görə, bu tapıntılar müntəzəm olaraq Yunanıstan səlahiyyətliləri ilə paylaşılıb: “Məqsədimiz potensial yeni zəlzələlərin ən sürətli və dəqiq qiymətləndirilməsini təmin etməkdir”.
Afina Universitetinin professoru Paraskevi Nomikou isə deyib: "Belə aktiv geoloji bölgədəki prosesləri başa düşmək ictimai təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir".
Santorini və Kolumbo ətrafında elmi müşahidələr davam edir.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ