İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml təbliğatı iflasa uğrayır: Moskva bölgədə itirdiyi təsiri dezinformasiya ilə bərpa etməyə çalışır

Kremlyönlü kanalların narahatlığı artıq gizlədilmir. Məlumdur ki, Rusiya son illər apardığı yanlış siyasət nəticəsində bölgədə həm təsir dairəsini, həm də etimad mühitini itirib. Moskvanın postsovet məkanında yaratdığı “təhlükəsizlik arxitekturası” çöküb, Ermənistan kimi müttəfiq hesab etdiyi ölkələr belə Qərbə doğru yön almağa başlayıb. Bu gün Rusiya itirdiyi mövqeləri geri qaytarmaq üçün yeganə vasitə kimi təxribat, dezinformasiya və saxta ittihamlar maşınını işə salıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ vasitəçiliyi ilə sülh prosesini irəli aparmaq istəyi, Zəngəzur dəhlizinin açılması planları və bu marşrutun beynəlxalq ticarətə inteqrasiyası ətrafında müzakirələr Moskvanı son dərəcə qəzəbləndirib. Paşinyanın regionu Qərb investisiyalarına açıq etməsi Rusiyanın Cənubi Qafqaz üzərindəki ənənəvi nəzarət mexanizmlərini sıradan çıxarır. Kreml bunun qarşılığında informasiya müharibəsini daha da sərtləşdirib, Ermənistanı Qərbin “müstəmləkəsi”, Paşinyanı isə “işğalçının polisi” kimi təqdim etməyə başlayıb.

NİKOO.jpg (66 KB)

Kremlyönlü “Navigator” kanalı və digər təbliğat resursları bu kampaniyada ön sıralardadır. Kanal iddia edir ki, Ermənistan artıq Qərbin tam asılılığına düşüb, Zəngəzur dəhlizi isə ABŞ-ın nəzarətinə verilib. Guya dəhliz 99 illiyinə amerikalı şirkətə təhvil verilib və “Tramp marşrutu” adlı layihəyə 145 milyon dollar ayrılıb. Kanalın manipulyasiyasına görə, bu marşrut Çindən Avropaya yüklərin daşınmasında nəzarəti Vaşinqtona verir, həm də İran üzərinə şimaldan təzyiq aləti kimi istifadə olunur.

Bu ittihamların ardınca Paşinyanın guya Azərbaycan üçün də dəhlizdən silah daşınmasına şərait yaradacağı iddia olunur. Nikol Paşinyanın “qarşılıqlılıq prinsipi”nə dair açıqlaması təhrif edilərək, Azərbaycanın NATO və Türkiyəyə məxsus texnikanı bu marşrutla Orta Asiyaya ötürəcəyi, hətta Suriyadan silahlı dəstələrinin daşınacağı kimi tamamilə əsassız ssenarilər gündəmə gətirilir. Kremlyönlü media bu yolla həm Azərbaycanı, həm də Qərbi “təhlükə mənbəyi” kimi qələmə verməyə çalışır.

Əslində isə vəziyyət köklü şəkildə fərqlidir. ABŞ və Qərbin təşəbbüsləri regionda sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi və kommunikasiya xətlərinin açılması məqsədi daşıyır.

Bu layihələrdən ən çox faydalanacaq ölkələrdən biri məhz Azərbaycandır. Bakı üçün Zəngəzur dəhlizinin açılması həm tarixi, həm də iqtisadi əhəmiyyət kəsb edir. Lakin Moskva bunu qəbul etmir, çünki regionun tranzit imkanlarının Qərbin nəzarəti altında inkişafı Rusiyanın təsir imkanlarını sıfıra endirir.

ZENGEZ.jpg (251 KB)

Kremlin dezinformasiya resursları bununla da kifayətlənmir. Onlar Ermənistan daxilindəki daxili siyasi gərginlikləri və kilsə ilə bağlı ziddiyyətləri də şişirdirlər. Paşinyanın guya katolikosun yerinə “öz adamını” gətirməyə çalışması “Ukrayna ssenarisi” kimi təqdim edilir. Məqsəd Ermənistan ictimaiyyətində parçalanmanı dərinləşdirmək və hökuməti zəiflətməkdir. Bununla yanaşı, Fransa və Böyük Britaniya ilə imzalanacaq “strateji tərəfdaşlıq” sazişləri “xilas planı” kimi göstərilir, amma əslində, Kreml bu sazişləri Ermənistana qarşı Qərb tələsi kimi qələmə verir. 

Bütün bunlar bir həqiqəti ortaya qoyur: Rusiya bölgədə itirdiyi mövqeləri yalnız qorxu ssenariləri, saxta informasiyalar və əsassız ittihamlarla kompensasiya etməyə çalışır. Kreml üçün əsas təhlükə Azərbaycanın güclənməsi, Türkiyənin regionda nüfuzunun artması və Ermənistanın Moskvanın orbitindən çıxaraq Qərbə inteqrasiya etməsidir.

Azərbaycanın mövqeyi isə tamamilə aydındır: ölkə öz suverenliyini, ərazi bütövlüyünü və regionda dayanıqlı sülhü təmin etmək istəyir. Bakı üçün Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri milli maraqların tərkib hissəsidir. Moskvanın dezinformasiya hücumları bu reallığı dəyişdirə bilməz. Əksinə, Kremlin təbliğatı onun zəifliyini, itirdiyi təsiri və perspektivsiz siyasətini üzə çıxarır.

RESMİ SON.jpg (244 KB)

Regionda yeni geosiyasi düzən formalaşır və bu düzəndə Azərbaycanın mövqeyi daha güclüdür. Moskva yalanlarla həqiqəti ört-basdır etməyə çalışsa da, faktlar dəyişmir: Cənubi Qafqaz artıq Rusiyanın istədiyini edə biləcəyi meydan deyil, suveren dövlətlərin və beynəlxalq əməkdaşlığın məkanıdır.

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR