Onlayn ictimai-siyasi qəzet
ReAL sədri İlqar Məmmədovun Strasburqda baş verən hadisələrin fonunda Türkiyənin deputatlarının mövqeyi mövzusunu qabartması “samanlıqda iynə tapıb” sevinmək kimidir. Səsvermənin nəticəsini həmin saatlarda Bakıda gözləyirdik, amma zatən bir gün əvvəldən də bəlli idi ki, Azərbaycanla bağlı məlum qərar ratifikasiya ediləcək, avropalı deputatların mövqeyində ciddi dəyişiklik olmayacaq.
Düzü, o səbəbdən də səsvermədə Türkiyənin, eləcə də Azərbaycana simsar dövlətlərin deputatlarının mövqeyinin xüsusi əhəmiyyəti qalmamışdı. Bəli, sonra bu nəticələrə baxmaq da maraqlı idi, amma bu səsverməni hörmətli İlqar bəy kimi fövqəladə ”təhlil” etməyə həvəsləndirən səbəblər də olmalıdır.
Ola bilsin ki, ReAL sədri Strasburqdakı partiya üzvü olan deputatından daha müfəssəl məlumatlar alıbmış, o səbəbdən anti-Azərbaycan qərarına daha emosional mövqe bildirib. Amma niyə məsələn, qərəzli mövqeyi şübhə doğurmayan almaniyalı və ya Pribaltika ölkələrinə deyil, Türkiyəni "suçlu və hədəf" göstərib? Türkiyənin kürd separatçılarına yaxın deputatının AŞ PA-da Azərbaycan əleyhinə səs verməsi də o vaxt ciddiyə alınardı ki, məsələn, bu “Eurovision” yarışması olardı, kürd deputat da Türkiyə adından 12 xalı bizə yox, Ermənistana verəydi. O zaman demək olardı ki, bu cür seçimlərdə Türkiyə mövqeyi bəlli birinə deyil, münasibətlərə xələl gətirməyənə seçim imkanı vermələydi. Türkiyəyə AŞ PA-dakı məlum qərara görə bu qədər yüklənməyə nə səbəb var, nə ehtiyac. Üstəlik də, “AŞ PA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş bir az açıq danışsaydılar.
“Qəliz susdular” kimi şübhələr yaradan qəliz cümlələrə də gərək yox idi. İlqar Məmmədov həbsxana həyatı yaşayıb və yaxşı bilməlidir ki, belə gərgin situasiyalarda bu cür araqarışdırıcı, şübhələr doğuran ifadələr işlətmək “içəridə”də, çöldə də pis qarşılanır.
Türkiyə dövlət olaraq lazımi məqamlarda Azərbaycanın yanındadır və bunu hər dəfə xüsusi təftiş etməyə qətiyyən gərək yoxdur. Qardaş ölkədəki son prezident seçkisində Azərbaycanda iqtidar-müxalifət namizədlərinə görə sosial şəbəkələrdə didişmələr olanda da yazmışdım ki, Türkiyənin öz çıxarları, öz siyasi maraqları olan ölkə olduğunu unutmamalıyıq. Bizə bu dünyada Türkiyə qədər yaxın dövlət olmayıb, olmayacaq da.
İlqar Məmmədov deyib ki, ”türklər Azərbaycan mümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi, gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub guya Azərbaycanın tərəfini tutdu. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər”. Partiya sədrinin nəzərinə bir daha çatdırmaq lazım gəlir ki, bəli, biz bir millət, iki dövlətik, bir dövlət deyilik. Türkiyə böyük bir arealda öz siyasəti olan dövlətdir, bizlə dövlət maraqları toqquşmasa da, üst-üstə düşməyə bilər. Məsələn, davam edən İsrail-Fələstin müharibəsində Bakı ilə Ankaranın mövqeyində müəyyən fərqlər var, amma bu, iki qardaş ölkənin münasibətlərini heç bir halda zədələyə bilməz. (Düzdür, Türkiyədə bəzi başıpozuq dairələr Bakının mövqeyini qabardıb, münasibətləri kölgələməyə çalışdılar) İndiki halda, Türkiyənin özünü AŞ PA-nın islamafob, əslində antitürk dalğasının qarşına sipər etməsinə ehtiyac yox idi, heç bunu ondan uman da. AKP-ni təmsil edən deputatın mövqeyi kifayət etdi...
Türkiyənin bizə qardaş ölkə olduğunu sübut etməyə gərək yoxdur, Avropa təşkilatları Azərbaycanın Qarabağdakı qələbəsindən danışanda Türkiyənin adını, dəstəyini də daima yada salırlar. Yaxın illərdə də iki qardaş ölkənin bir-birinə dəstəyinə daha çox ehtiyacı olacaq...
AŞ PA savaş meydanı deyildi, Türkiyədən "Bayraqdar" gözləyək. Strasburq siyasi dartışma yeridir, Azərbaycan da fasilə götürüb, təslim olmayıb...
Nazim Sabiroğlu,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ