Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Türkiyəni “vəhşi” adlandıran USAİD rəhbəri İrəvanda səfərdədir; onu bura gətirən səbəblər açıqlandı
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri, ifritəliyi ilə hər zaman seçilən Samanta Pauerin iyulun 8-də Ermənistana yenə üç günlük səfəri başlayıb. “Yeni Müsavat” bildirir ki, bu barədə qurumun Ermənistan missiyası xəbər yayıb.
“Samanta Pauer ABŞ-ın Ermənistanla tərəfdaşlığının dərinləşməsini təsdiqləmək, USAİD-in Ermənistan hökumətinin islahatlar gündəliyinə dəstəyini vurğulamaq və Ermənistanın dayanıqlığını gücləndirmək üçün səyləri artırmaq üçün iyulun 8-dən 11-dək Ermənistanda olacaq”, - məlumatda deyilir. Onun həmçinin Qarabağdan könüllü köçmüş ermənilərlə görüşü planlaşdırılır.
Məlumdur ki, Soros yetişdirməsi olan USAİD rəhbəri qatı ermənipərəstliyi və Türk düşməni kimi tanınır. Pauer daim Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərib, ölkənin ünvanına ən ağır böhtanlar səsləndirib, irqçi mövqeyi ilə seçilib. İki il öncə o, Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edərək Azərbaycanla Türkiyəni “vəhşi” adlandırmışdı. Pauer bundan öncə keçən ilin noyabrında Ermənistanda olmuşdu. Həmin vaxt Azərbaycanda da olmuş, layiqli cavabını almışdı. Amma göründüyü kimi, onun erməni sevgisi tükənmir və yenidən İrəvana səfər edib. Bəs, budəfəki səfərində gerçək hədəf nə ola bilər?
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu USAİD rəhbərinin İrəvan səfərini destruktiv addım adlandırır. Hüquq müdafiəçisi hesab edir ki, Pauer növbəti dəfə ermənipərəstliyini nümayiş etdirib.
Xəzər Teyyublu
X.Teyyublunun sözlərinə görə, Pauer guya demokratiyanın inkişafına dəstək məqsədilə Ermənistana səfər edir, hərgah məqsəd fərqlidir: “Amerikalılar fasilə vermədən İrəvanı ziyarət edirlər. Konqresmenlər gedir, senatorlar gəlir, USAİD rəhbəri gedir, amerikalı əsgərlərlə birgə hərbi təlimlər keçirilir. Yəni Birləşmiş Ştatlar Ermənistanı öz təsir dairəsinə salmaqdadır və kənardan bu ölkə haqda Avropa dövləti rəyi yaratmağa söy göstərilir. Ermənilərin hansı cinayətləri törətdikləri yaxın tarixdə məlumdur, onlardan sivil cəmiyyət olmaz. Sadəcə, piar aparılır, guya demokratik bir inkişaf var. Pauer də ABŞ-ın ümumi siyasətinin bir hissəsi olaraq iştirak edir”.
Hüquq müdafiəçisi USAİD rəhbərini keçmiş spiker Nensi Pelosiyə bənzədir: “Eyni dərəcədə ifritə, saxtakar, içlərində türkə nifrət, erməniyə yalançı sevgi görmək olar. Əslində isə USAİD Ermənistandakı QHT-lərə dəstəyi artırmaqla anti-Rusiya ritorikasının güclənməsinə kömək edir. Bir çox ölkələrdə müxalif və ya müstəqil QHT-lər xarici donorlardan qrant alırlar, Ermənistanda isə fərqlidir, Paşinyana yaxın təşkilatlar Qərbin qrantlarından qidalanırlar. Həmin vətəndaş cəmiyyətinin üzvləri də dayanmadan Rusiya əleyhinə təbliğatı gücləndirirlər. Bu səfərin arxasındakı siyasi hədəf bundan ibarətdir. Yəni USAİD qrantdan ayırır, vətəndaş cəmiyyəti Rusiya haqda mənfi rəy yaratmaq üçün fəaliyyətini artırır”.
QHT sədrinin fikrincə, ümumiyyətlə, Senatın Pauerin bu təşkilata rəhbər kimi namizədliyini irəli sürməsi təsadüfi deyildi: “Məhz ermənipərəst birinin bu vəzifəyə gətirilməsi planlaşdırılmışdı. Onun İrəvana səfəri isə heç nə dəyişə bilməz. Qərbin Ermənistana dəstəyi onu bu regionda xilas edə bilməz. Paşinyan hökuməti region ölkələri ilə əlaqələri yaxşılaşdırmağa məcburdur. Ermənistanın qonşuları ilə əlaqələrinə baxın - Türkiyə və Azərbaycanla münasibətlər yoxdur, müttəfiqi Rusiyadan üz döndərib, İran da əvvəlki səviyyədə onu müdafiə etmir, belə olan halda okeanın o tayından Ermənistana nicat gələ bilməz”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova isə USAİD-in Cənubi Qafqazda maraqları olduğunu güman edir: “ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öz əməliyyatlarını həyata keçirmək məqsədilə USAİD-dən pərdələnmək üçün istifadə edir. Bu təşkilatın Gürcüstandakı fəaliyyəti hər kəsə tanışdır və yekunda böyük bir qalmaqal yaşandı. Rəsmi Tiflis Gürcüstana gələn USAİD nümayəndələrini inqilaba dəstəkdə ittiham etmişdilər. USAID Azərbaycanda da 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə eyni üsullara, eyni taktikalara əl atılsa da, bu planlar dövlətin xüsusi xidmət orqanları tərəfindən zamanında ifşa edilib və reallaşmasına imkan verilməyib.
Samanta Pauerə gəlincə, bu şəxs Ermənistana səfər zamanı Qarabağdan köçənlərə 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi. 2006-cı ildə lentə alınan qondarma erməni “soyqırımı”ndan bəhs edən filmdə türkləri faşist adlandıran, saxta soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən Pauerdən daha artıq nə gözləmək olar? Bu adam xalis ermənipərəstdir".
Siyasi təhlilçi ABŞ-ın Ermənistanda hərtərəfli oturuşmağa çalışdığını müşahidə etməkdədir: “Bütün sektorlar üzrə Ermənistan Rusiyanın peykindən kənarlaşdırılır, təkcə iqtisadi asılılıq böyük təsir olaraq qalır. Paşinyanın hakimiyyətə gətirilməsi də məhz buna hesablanmışdı. Onun götürdüyü öhdəliklər ölkəsini Rusiyadan uzaqlaşdıra bilməkdir. Amma Nikol bunu astagəl edir, bəzi hallarda Moskvaya yarınır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ