Onlayn ictimai-siyasi qəzet
1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü olaraq elan edilib. 1952-ci ilin 21 fevralında Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin qətli bu günün əbədiləşdirilməsi ideyasını ortaya çıxarıb.
Bir millətin varlığında dil faktorunun nə qədər önəmli rol oynadığı hər zaman deyilib, yazılıb, bu mənada mübahisələr yersizdir. Hər bir xalqın dövlət arzusuna çatması mümkünsüz olduğu kimi, hər bir dilin də dövlət dili statusu qazanması asan məsələ deyil. Nə yaxşı ki, Azərbaycan dilinin “imzalar içində yeri var”, dövlətimiz kimi, bayrağımız kimi!
Amma elə bu günlərdə də dil mövzusu ən aktual mövzulardan biridir. Təsadüfmü, yoxsa zərurətdən irəli gəlir, həm Azərbaycanın quzeyində, müstəqil Azərbaycan Respublikasında, həm də güneydə, bugünki İran ərazisində ana dili mövzusu aktual şəkildə gündəmin baş mövzularındandır. Bu gün quzeydə, müstəqil dövlətimizdə rus dilinin dilimizə təsir imkanlarından danışılır, dövlət hesabına (!!!) fəaliyyət göstərən bu qədər rus məktəblərinə ehtiyac olmadığı bildirilir, eyni zamanda cənubdakı milyonlarla qardaş-bacımızın ana dilində təhsil almaq haqqının hələ də verilməməsindən danışılır. Elə bu günlərdə İran İslam İnqilabının növbəti ildönümü qeyd olundu. Amma Azərbaycan türklərinin flaqman olduğu 1979-cu il inqilabından sonra ana dilində təhsil almaq hüququ konstitusiya ilə vəd olunsa da, bu günədək o vədə əməl edilməyib. Düz 46 ildir! Daha onda Şah Pəhləvi rejimindən nə fərqi oldu?
Ana dilində danışmaq, təhsil almaq, öz dilində yazmaq, dərc olunmaq Yaradanın tanıdığı hüquqdursa, dini dövlətdə bu, təbii haqqın tanınmaması nə dərəcədə ədalətlidir? On illərdir ki, 40 milyondan artıq soydaşımız “Haray, haray, mən türkəm!”, “Öz dilində mədrəsə, olmalıdır hər kəsə!”- hayqırır, amma onların səsini eşidən yoxdur, nə İran daxilində, nə də beynəlxalq aləmdə. Bir ovuc erməninin isə məktəbi də var, qəzeti də, sərbəst şəkildə də öz dillərində danışırlar.
Amma...Bu günlərdə mövzunu daha da aktuallaşdıran nümayişkaranə şəkildə “mən türkəm” deyən, İran seçicilərinin etimadını qazanaraq prezident seçilən Məsud Pezeşkiana anasının dilində şeir söyləməsinə fars rejimindən verilən təpkilər oldu. Heyrətamiz olaydır, iki min illik dövlətçilik tarixi olduğu deyilən bir ölkənin prezidenti şeiriyyatını çox sevdiyi Məhəmmədhüseyn Şəhriyardan iki bənd şeir deyir və elə o andaca, yüzlərlə insanın qarşısında çıxış edən prezidentə “sarı vərəqə” göstərilir. Bu, nonsesdir!
2015-ci ilin martında İranın sabiq prezidenti Mahmud Əhmədinejat da türk dilində şeir oxumuşdu. O ustad Şəhriyarın “Heydərbabaya salam” şeirindən söyləmişdi, təbii ki, azərbaycanlıların xoşuna gəlməkdən ötrü. Özü də Şəhriyarın öz dilində, həm də 3 bənd. Amma kimsə sözünü kəsməmişdi, “vərəqə” göstərməmişdi, prezidenti pis vəziyyətdə qoymamışdı. Hətta Əhmədinejad zaldakılara türk dilində müraciətlə “Sizlər mənim qəlbimdəsiniz” demişdi və iştirakçılar onu ayaq üstə alqışlamışdılar. İranın dini lideri də dəfələrlə Azərbaycanın qəhrəman oğlanları haqqında xoş sözlər söyləyib, alqışlar qazanıb. Amma Məsud Pezeşkianın iki bənd şeirinə dözə bilmədilər. Bəlkə ayrı bəndləri desəydi, belə olmazdı. Bəlkə “Biz də vallah unutmarıq sizləri...”, “Unutmarıq, daim xidmətinizdəyik”, “Namərdlərin burunların ovginən”misraları, sözləri birilərinin kürkünə birə saldı... Onun seçki prosesində “Mən türkəm”. Anam da, atam da türkdür. Türkliyimlə fəxr edirəm. O, “Evdə uşaqlarımla türkcə danışıram, farsca yox” deməsini unutmayıb şovinistlər...Axı, onlar elə bir ay öncə Azərbaycan və Türkiyəyə qarşı həqarətlər söyləmişdilər, məhz Azərbaycan şəhərində. Bununla araya ayrılıq salmağa çalışmışdılar...Pezeşkian planları pozur...
Təbrizdəki toplantıda Məsud bəy əslində baş verənləri göz altına almışdı, “burada da vəzir-vəkil var, olmaz ki, türki dildə danışam”, deməklə əslində öncədən buna işarə etmişdi. Amma gülüşü ilə vəziyyəti yumşaltmağa çalışmışdı. Xeyri olmadı, xəbərdarlıq gəldi... Məsud bəd “Heç bir problem yoxdur, iki türkcə şeir oxumaqda problem olmayacaq”, deməyi də unutmadı. Dünya tarixində bir ilk idi...
İranda prezident olaraq çalışmağın nə qədər çətin olduğunu nümayiş etdirdi, vaxtilə azərbaycanlı seçicilərə vədlər verən Pezeşkian. Şeir dili ilə. Amma eyham vurdu ki, unutmayıb...Bundan əvvəl dəfələrlə etirafları olub, səmimi şəkildə işləməyin çətin olduğunu söyləyib. Amma öz yurdunda, Təbrizdə belə bir durumla üz-üzə qaldı İranın prezidenti, amma növbəti jesti ilə bir daha xarakter nümayiş etdirdi.
Azərbaycanın Baş naziri Əli Əsədovu və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini tək-tək səmimiyyətlə qarşılayaraq, Azərbaycan dilində “Xoş gəlibsiniz. Allah salamat eləsin. Çox xoş gəlibsiniz”, deməsi birilərinə, dilimizin düşmənlərinə ismarıc oldu.
İrandakı mühafizəkarların, türk düşmənlərinin yuxusunu qaçıran hallardır bütün bunlar. Kim bilir, bəlkə növbəti “sarı vərəqə” olacaq. Amma mənası yoxdur...
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin 10 dekabrında, Bakıda keçirilən Zəfər paradında çıxış edərkən
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar…” deməsinə İranın xarici işlər naziri Cavad Zərif tərəfindən etiraz bildirməsi, bununla bağlı “Twitter”də yazması da unudulmayıb. Bu mühafizəkarlar türkcə şeirdən, bayatıdan niyə bu qədər qorxurlar?!
Hətta nazirin reaksiyasından sonra Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə dəvət edilərək ona rəsmi etiraz çatdırılmışdı və izahat tələb edilmişdi.
Daha sonra isə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləmişdi və o bayatını təkrarən yazmışdı, “Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar”, əlavəsi ilə...
Azərbaycan ona normal münasibət bəsləyən bütün ölkələrlə, o cümlədən 40 milyondan artıq soydaşımızın yaşadığı İranla normal əlaqələr qurmaqda maraqlıdır. Elə bu günlərdə qarşılıqlı səfərlərin həyata keçirilməsi, İranın parlament sədrinin elə bu gün Bakıda, yüksək səviyyədə qəbulu və sair faktlar bunu təsdiqləyir. Amma gərəkdir ki, cənub qonşumuz Azərbaycan türklərinə ana dilində təhsil almaq haqqını da özlərinə versinlər, məhz İran Konstitusiyasına əsaslanaraq! Bu yaxınlarda İraqda türk dili dövlət dili kimi rəsmən təsdiqləndi! Bəs, İran niyə dil səddi çəkir? Özü də müsəlman qardaşlarının qarşısına?..
1978-79-cu il inqilabında azı 25 min qurban verən təbrizlilərin, digər güneylilərin qarşısına... Bu, ədalətlidirmi ki, İranın “Azad İslam Universiteti”nin Tehrandakı mərkəzi filialı erməni dili və ədəbiyyatı kafedrasının açıldığını və abituriyentlərin qəbulunun imtahansız aparılacağını bəyan edir. İran Milli Tədqiqat İnstitutunun direktoru Əkbər Babayi isə elan edir ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, yalnız ermənilərin ana dilində təhsil almaq hüququ var. Bax, belə...
Qorxurlar, Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan 40 milyon soydaşımızın əksəriyyəti ana dilində təhsil ala bilmir”, həqiqətindən. Qorxurlar, Azərbaycan Prezidentinin bizim bir ailəmiz var, türk dövlətləri ailəsi bəyanatından. Bir ölkənin əhalisinin yarıdan çoxu türkdürsə və prezidenti də həmçinin, əlbəttə qorxacaqlar. Ona türkcə şeir deməyi də yasaq edərlər...İstisna deyil ki, Pezeşkianın Bakıya yolunu bağlamaq üçün hər vasitəyə əl atırlar. Ancaq nə vaxta kimi... “Arazın o tayı da, bu tayı da bizim doğma el-obamızdır”sa...
Azərbaycan Respublikasında rus məktəbləri ilə bağlı həyəcanlananlar isə bir az sakitləşsinlər. Rusiyada 3 milyondan çox azərbaycanlı yaşayır. Onlar üçün neçə azərbaycanlı məktəb var və dövlət hesabına?! Azərbaycanda yaşayan rusların sayı isə 100 mini ötmür. Bu qədər sadə... Beynəlxalq Ana Dili Günümüz mübarək!
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ