Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü olub.
Son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir".
Musavat.com xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlı dövriyyə qeydiyyat alınmışdısa, bu göstərici ötən il 223.9 milyon dollaradək yüksəlib:
"Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarət dövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1 milyon dollar".
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyatın bir sıra sahələrində, xüsusən də turzim sektorunda və qarşılıqlı sərmayə qoyluşları istiqamətində əməkdaşlıq imkanları yüksəkdir:
"Ölkələrin paytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı aparılan müzakirələr turizm sahəsində əməkdaşlığa xüsusi töhfə verə bilər.
Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarları üçün də sərmayə qoyuluşu aspektindən cəlbedici hesab olunur. Son illər bu ölkəyə investitsiya qoyuluşu həyata keçirmək istəyən yerli sahibkarların sayı artmaqdadır. Eyni zamanda, Azərbaycanın emaledici qida, aqrar və xidmət sahələri də Vyetnam biznesi üçün cəlbedicidir.
Bütövlükdə, ölkələr arasında əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir. Vyetnam rəhbərinin Azərbaycana dövlət səfəri münasibətlərin daha da dərinləşməsində yeni bir səhifə açacaq".
Xalidə Gəray
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ