İnsanlara hürriyət, millətlərə istiqlal!

Turistlərin nəzərinə! - Yeni meyarlara uyğun olmayan hotellər...

“Yeni təsnifatlaşdırma Avropa standartlarına uyğundur. Prosesə Azərbaycan Hotellər Assosiasiyası nəzarət edir”.

Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a bildirdi ki, çox zaman hotellər özlərinə uyğun əvvəlki kvalifikasiyada ulduz sayı qoyurdular, bu da uyğunsuzluq, müştərilər arasında narazılıq yaradırdı: “Təsnifatlaşdırmanın icbari qaydada aparılması o deməkdir ki, hər bir hotel öz kateqoriyasına uyğun, həmçinin, binanın imkanları, xidmətin çeşidləri ona uyğun olmalıdır. Yeni təsnifatlaşdırılmadan sonra müştərilərdə sual yaranmayacaq. Proses Avropa standartlarına uyğun aparılır”.

Qeyd edək ki, bu gün hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası təsdiq edilib. Azərbaycanda müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır. Bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiq etdiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb. Meyarlara əsasən, daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.

Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:

- Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.

- Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.

- Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.

Nigar Həsənli,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR