İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Səfərov təhdid olunur: “Məni öldürə bilərlər”

Tanınmış jurnalist, “TNS” informasiya agentliyinin direktoru Tural Səfərov təhdid olunur.

Jurnalist bununla bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Tural Səfərov Musavat.com-a açıqlamasında bildirib ki, peşə fəaliyyəti ilə əlaqədar son vaxtlar sosial şəbəkələr üzərindən təhdid və təhqir olunur. Onun sözlərinə görə, bu təhdidlərin şəxsinin və ailə üzvlərinin həyatı üçün ciddi təhlükəyə çevrildiyini nəzərə alaraq, Daxili İşlər Nazirliyinə müraciət etməyi qərara alıb.

Juranalist deyib ki, “Facebook” sosial şəbəkəsində “Heyder Oguz” adlı feyk hesabda fotoşəkilləri paylaşılaraq şəxsi və ailə üzvləri təhqir olunur: “Bu səhifədəki paylaşımlarda günün birində evimə gələndə sui-qəsdə məruz qalacağımla bağlı təhdid və hədələr də var”.

Tural Səfərov bildirib ki, bu təhdidlər bir neçə aydır, davam edir.

“Hələ bu ilin əvvəlində Daxili İşlər Nazirliyinin müvafiq qurumuna bununla bağlı müraciət etmişdim. Təəssüf ki, buna ciddi əhəmiyyət verilmədi, nəticədə isə təhqir, təhdid və hədəqorxular daha da çoxaldı. Mənim və ailəmin başına gələcək hər hansısa hadisə ilə bağlı əvvəlcədən xəbərdarlıq edərək bundan sonra olacaqlar üçün məsuliyyət daşımadığımı bildirmək istəyirəm. Açıq bəyan edirəm ki, məni öldürə bilərlər. Əgər məni və ailə üzvlərimdən birini öldürsələr, bunun məsuliyyətini bu ölkənin hüquq-mühafizə orqanları daşıyır”, - jurnalist əlavə edib.

O, şəxsini və ailə üzvlərimi təhqir və təhdid edən, həyatları üçün ciddi təhlükə hesab etdiyi şəxslərin tapılaraq Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə cəzalandırılması üçün qanunamüvafiq tədbir görülməsini hüquq-mühafizə orqanlarından xahiş edib.

Jurnalist kimdən şübhələndiyi ilə bağlı qəti fikir söyləməyib.

Qeyd edək ki, Tural Səfərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qatı tənqidçilərindən biridir. O, bu gün də Vasif Talıbovu və onun keçmiş komanda üzvlərini sərt tənqid edir. Son vaxtlar isə rəhbərlik etdiyi informasiya agentliyində Naxçıvan Ali Məclisinin Aparat rəhbəri ilə bağlı kəskin tənqidi yazılar dərc olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR