İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: "Hacı Şahinlə şəhid ailələrinin ziyarəti zamanı görüşürdük”

Heydər məscidində tanınmış ilahiyyatçı,mərhum Hacı Şahin Həsənlinin yas mərasimində tanınmış millət vəkilləri, siyasi partiyaların rəhbərləri, din adamları və mərhumu sevənlər iştirak edirlər. Ziyarətə gələnlər sırasında Ağ partiyanın sədri Tural Abbaslı da var idi.

Partiya sədri Musavat.com-a açıqlamasında dərin üzüntü və kədərini belə ifadə edib:

“Biz Hacı Şahinlə uzun müddət qiyabi tanış olmuşuq, moizələrini dinləmişəm. Şəxsi tanışlığımız isə  Vətən müharibəsi zamanı olub. Biz şəhid ailələrinin yanında tez-tez görüşürdük. Şəhid ailələri Hacı Şahini də öz yanlarında görmək istəyirdilər, bizi də. Buna görə çox vaxt görüşlərimiz üst-üstə düşürdü. O, həm çox gözəl ilahiyyatçı idi, həm də bir insan kimi olduqca mədəni dost idi. Buna görə Hacı Şahin bu qədər insanın sevgisini qazana bilib. Sünnisi, şiəsi fərq qoymadan hamı Hacı Şahin haqqında müsbət fikirlər bildirirlər, hətta ateistlər belə onun insani keyfiyyətlərini yüksək qiymətləndirirlər. Xalqımız qədirbilən xalqdır, həmişə yaxşı ilə pisi ayıra bilirlər.

Ona görə də dəfn mərasimi və anım mərasimlərində onu minlərlə insan andı. Bir dost və tanış kimi, həm də siyasi partiya kimi biz də öz mənəvi borcumuzu yerinə yetirdik, ziyarətimizi etdik. Allah Hacıya rəhmət eləsin, ailəsinə, onu sevənlərə səbir versin. Ölkədə səhiyyə sisteminin o qədər də güclü olmaması, bərbad olması insanlarımızda tiblə, səhiyyə ilə bağlı münasibətdə də mədəniyyəti tam formalaşdırmayıb. Normal ölkələrdə 6 ayda bir, ağrı olmadan öncə müayinə olunur, bizdə bu işi son ana qədər saxlayırıq. Səhiyyəmizə güvən yoxdur deyə hər kəs çalışır oralardan tez uzaqlaşsın. Görünür, Hacı da həmin anda, ağrıları olanda həkimə müraciət edib və ilkin ağrılar kəsəndən sonra qalmaqdan imtina edib.  Alın yazısıdır, qismətdir. Allah rəhmət eləsin, məkanı cənnət olsun".

 

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR