Onlayn ictimai-siyasi qəzet
Kanadanın Baş naziri və Liberal Partiyanın lideri Castin Trüdonun yaxın günlərdə vəzifəsindən istefa verəcəyini elan edəcəyi bildirilib. Musavat.com bildirir ki, “The Globe and Mail” qəzetinə danışan üç mənbə təsdiqləyib ki, Trüdo çərşənbə günü baş tutacaq vacib milli fraksiya iclasından əvvəl bu qərarını açıqlayacaq.
İstefa qərarının səbəbləri
Trüdonun bu qərarı, keçmiş baş nazir müavini və uzunmüddətli müttəfiqi Kristia Frilendin gözlənilməz istefasından sonra Liberal Partiya daxilindəki təzyiqlərlə əlaqələndirilir. Frilend, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kanadaya tətbiq edəcəyi yeni tariflər kimi səbəbləri əsas gətirərək istefa verdiyini açıqlamışdı.
Kanadanın CBC dövlət televiziyasının məlumatına görə, Trüdo partiya üzvlərinin tənqidlərinə məruz qalıb. 15-ə yaxın millət vəkili keçən ilin dekabrında keçirilən iclasda Frilendin istefasının idarə edilməsini kəskin tənqid edib və Baş naziri gələcəyi ilə bağlı ciddi qərar qəbul etməyə çağırıb.
Trüdonun gələcəyi necə olacaq?
Baş nazirin vəzifəsini dərhal tərk edib-etməyəcəyi və ya yeni lider seçilənə qədər baş nazir kimi qalacağı hələ məlum deyil. Məlumata görə, Trüdo maliyyə naziri Dominik LeBlanla müzakirələr aparıb. Bildirilir ki, LeBlan müvəqqəti lider və baş nazir olaraq vəzifə götürməyə hazır olduğunu bildirib. Lakin əgər LeBlan partiya liderliyi uğrunda yarışmağa qərar verərsə, bu ssenarinin mümkün olmayacağı qeyd olunur.
Siyasi irs və ictimai dəstək
Castin Trüdo 2015-ci ildə hakimiyyətə gələrək, 2019 və 2021-ci illərdə Liberal Partiyanı növbəti seçkilərdə qələbəyə aparıb. Lakin bu il keçiriləcək seçkilərdə onun başlıca rəqibi olan Mühafizəkar Partiyanın lideri Pyer Poliyev ictimai rəy sorğularında Trüdodan 20 faiz irəlidədir.
Baş nazirin istefası Kanadada yeni hökumətin formalaşması üçün erkən seçki çağırışlarına səbəb ola bilər. Bu xüsusilə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə əlaqədar olaraq Kanadanın gələcək dörd illik idarəetməsinə təsir edə biləcək strateji qərarların qəbul edilməsi üçün vacib hesab olunur.
Trüdonun mətbuat xidməti şərh vermir
Baş nazirin ofisi iş saatlarından kənar dövrdə mediaya hər hansı şərh verməkdən imtina edib. Trüdonun istefasının Kanada siyasətində mühüm dəyişikliklərə yol açacağı gözlənilir.
Son 5 ildə Kastin Trudo hökuməti Kanada siyasətini qlobal arenada ikili standartlar və tərəfli yanaşmalarla idarə etməsi ilə yadda qaldı. Xüsusilə Azərbaycan və Türkiyə ilə bağlı açıq şəkildə ermənipərəst mövqe tutması hökumətin tərəfsizlik prinsipini pozaraq destruktiv siyasət yürütməsinə səbəb oldu.
2020-ci il Vətən müharibəsi günlərində Kanada hökuməti Azərbaycanın haqq mübarizəsini dəstəkləmək əvəzinə, əksinə, Türkiyənin dron istehsalı üçün tələb olunan avadanlıqların ixracını qadağan etdi. Bu qərar yalnız Ermənistanın işğalçı siyasətinə dolayısı ilə dəstək olmaqla kifayətlənmədi, həm də Türkiyənin müdafiə sənayesinə zərbə vurmağa yönəlmiş açıq düşmənçilik jesti kimi qəbul edildi.
Kanada hökumətinin destruktiv mövqeyi təkcə bununla məhdudlaşmadı. Son dövrlərdə Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına Kanada zabitlərinin və kəşfiyyatçılarının daxil edilməsi bu ölkənin bölgədəki təhrikçi siyasətini bir daha üzə çıxardı. Bu addım, Azərbaycanın maraqlarına zidd olaraq, Ermənistanın dəstəklənməsinə yönəlmiş, regionda sülh və sabitliyin təmin olunmasına əngəl yaradan bir hərəkət idi.
Kastin Trudo hökuməti Azərbaycana və Türkiyəyə qarşı tərəfsizlik prinsipini bir kənara qoyaraq, ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirdi. Bu siyasət, Kanadanın beynəlxalq arenada tərəfli və qeyri-obyektiv bir aktor kimi tanınmasına səbəb oldu. Trudo hökumətinin bu yanaşması onun beynəlxalq siyasət arenasında etibarlılığını sarsıtdı və Kanada-Türkiyə, Kanada-Azərbaycan münasibətlərində gərginliyə yol açdı.
Trudo hökumətinin istefaya hazırlaşdığı bir dövrdə Kanada xalqı və yeni rəhbərlikdən bölgədə sülh və sabitlik üçün daha obyektiv və balanslı siyasət yürütməsi gözlənilir. Bu, yalnız Azərbaycanın və Türkiyənin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin sülh və əməkdaşlıq maraqlarına uyğun olacaq. Trudo hökumətinin qlobal arenadakı destruktiv mirası isə Kanadanın yeni hökuməti üçün düzəldilməsi vacib olan ciddi səhvlərdən biri kimi tarixdə qalacaq.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ