Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin Ukrayna müharibəsinə münasibətdə rus şovinisti kimi mövqe tutması, son 3 ildə Kiyevə hər cür dəstək verən Avropa ölkələri liderləri isə “neprav” çıxarmaq istəməsi, bir az da qeyrət məsələsinə çevrilməkdədir...
Avropa liderləri sanki yenidən kəşf olunubmuş kimi Amerikadan verilən açıqlamaları bir az heyrətlə, bir az da qeyrət hissində boğularaq izləməkdədir. Qeyrət ifadəsi sizi çaşdırmasın, prezident Donald Trampın Avropa ilə davası təkcə qitənin bəzi liderlərinin Demokratlar Partiyasına deyil, həm də LGBT-yə və ya aborta dəstəklərinə görə də ola bilər. Amma indi həm də tam fərqli situasiyadır, ABŞ prezidentinin Ukrayna müharibəsinə münasibətdə Trampov kimi mövqe tutması, son 3 ildə Kiyevə hər cür dəstək verən Avropa ölkələri liderlərini də “neprav” çıxarmaq istəməsi bir az da qeyrət məsələsinə çevrilməkdədir. Onlar hələ ki, Ukraynaya dəstək verməyə davam edəcəklərini deyirlər, ABŞ-ın sərgilədiyi mövqeyə müqavimət göstərməyə çalışırlar. Zənnimcə, bu dəstək uzun sürməyə bilər, Amerikadan da indilikdə Ukraynaya silah-sursat və maddi yardım getməkdə davam edir, yeni hakimiyyəti köhnə müqavilələri ləğv edə bilmir. Amma bu da müvəqqətidir, Avropa ABŞ-ın Ukrayna nizamlanmasına qarşı sonadək çıxa bilməz.
“Türkiyənin bu axarını dəyişən prosesdə lazımsız qızışdırılması cəhdləri var, Zelenskinin səfərində Ərdoğanın onu öz çətirinin altına çəkməsində hansısa mesaj var, amma bundan çox uzaqgedən nəticələr çıxarmaq da yersizdir”
Yeri gəlmişkən, Türkiyənin bu axarını dəyişən prosesdə lazımsız qızışdırılması cəhdləri var. Zelenskinin Türkiyəyə səfərində təcrübəli dövlət adamı Rəcəb Tayyib Ərdoğanın onu öz çətirinin altına çəkməsində hansısa mesaj əlbəttə var, amma bundan çox uzaqgedən nəticələr çıxarmaq da yersizdir. Guya ki, Ankara az qala bu danışıqlarda tərəf kimi çıxış etməli, Ukraynanı sonunadək müdafiə etmələdir və sairə. Türkiyə danışıqlar masasından uzaqlaşıbmış kimi görüntü var, amma bu o demək deyil ki, Ərdoğan Qəzza məsələsində olduğu kimi Ukraynanın taleyinin həllində də prinsipial mövqeyini davam etdirməlidir, Amerika ilə “kələ-kələyə” gəlməlidir. Ankara mövqyini hələ bu savaşın ilk mərhələsimdə, 2014-cü ildə Krımın anneksiyasında ortaya qoyub, indi də o mövqeyində qalır, Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını hər dəfə vurğulayır. Hələ Trampın Rusiyanı öyməkdən, Ukraynanı söyməkdən başı açılmır ki, görək, bu hökumətin Cənubi Qafqaza, Azərbaycana, bizim üçüm mühüm olan Türkiyəyə münasibətdə hansı siyasət izləyəcək. Türkiyənin indi Qərb dünyası, xüsusilə ABŞ-la konfrantasiyaya girmək kimi lüksu yoxdur, bu həm də lazımsız iş olar. Belə götürəndə, qoy bir az xristian dünyası da prinsipallığını göstərsin.
Qayıdaq ABŞ-Rusiya məsələsinə. Rusiyaya bu cür dəstəyin Amerika üçün çox yanlış siyasət olduğunu ötənlərdə yazdıq, amma Tramp dayanmır və hər ötən gün sanki acığa Moskvaya doğru reveranslar etməkdə daha da irəli gedir.
“Rusiyanın bu savaşın başlamasında suçsuz olduğunu” deməklə Tramp yenidən diqqəti özünə çəkdi. Onun sözündə müəyyən həqiqət var (qarşıdakı günlərdə bu barədə yazmağa zaman olacaq), amma Tramp onu deyəcək zamanı doğru seçməyib. Ruslar özü də söylənilənlərdən çox eyforiyaya qapılmaq istəmirlər, amma onlar belə, Amerika prezidentinin bu açıqlamalarla çox irəli getdiyinin fərqindədirlər. Ona görə prosesi diqqətlə izləyirlər ki, görsünlər, bu açıqlamaların əsl məramı nədir, ABŞ-ın Rusiya və Ukrayna siyasətində “U dönüşü”nün məğzində hansısa fərqli siyasət dayanmırmı? Məncə, baş verənlər elə göründüyü kimidir. ABŞ-Rusiya münasibətlərində “perezaqruzka”dan sonra anlaşma davam edəcək. Hələ maraqlısı daha irəlidə ola bilər. Məsələn, ABŞ da Kanada da bir qondarma “birləşmə” referendumu keçirə(Krımdakı kimi), nəticələri də hamıdan əvvəl Moskva tanıya bilər...
Avropa liderləri narahat olmaqda haqlıdırlar. Ukrayna ilə bağlı ortaq qərar verə bilməsələr də, Makronu və Britaniyanın baş nazirini Trampla görüş üçün görəvləndirdilər, bu görüş Ağ Evdə gələn həftə olacaq. Doğru qərardır, istəyirlər ki, bu “rusçu bəyanatları” bir də Trampın özündən eşitsinlər. Bəlkə Tramp şəxsi görüşdə bunların Rusiya üçün qurulmuş bir oyun, Moskvanın da güzəştə getməsi üçün bir plan olduğuna inandıracaq.
Bir az da gözləyək...
Nazim SABİROĞLU,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ