Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Müdafiə Nazirliyi ölkənin son illərdə üzləşdiyi ən ciddi kiberhücum faktını təsdiqləyib.
Musavat.com xəbər verir ki, 19 oktyabr səhər saatlarında Rusiya mənşəli haker qruplaşması ilə əlaqəli olduğu iddia edilən şəxslər nazirliyə məxsus məlumat bazasına daxil olaraq səkkiz hərbi obyektə aid gizli sənədləri ələ keçirib və onları internetdə yayıb.
Səkkiz baza hədəfə alınıb
Hücum nəticəsində RAF və Royal Navy-yə məxsus səkkiz baza üzrə yüzlərlə “rəsmi həssas” sənəd oğurlanıb. Hücumun əsas məqsədi bazaların təhlükəsizlik sistemlərini, şəxsi heyətin məlumatlarını və infrastruktur detallarını ifşa etmək olub.
Hücum Britaniya ordusuna texniki xidmət göstərən əsas podratçılardan biri olan Dodd Group şirkətinin serverlərinə yönəldilmiş “ransomware” (şantaj proqramı) vasitəsilə həyata keçirilib.
Sızan məlumatların miqyası
Əldə olunan sənədlər arasında baza planları, şəxsi heyət siyahıları, elektron poçt ünvanları və hətta hərbi nəqliyyat vasitələrinin qeydiyyat nömrələri də var. Sızmanın ümumi həcmi təxminən 4 terabayt məlumatla qiymətləndirilir.
Nazirlikdən açıqlama
Müdafiə Nazirliyinin sözçüsü açıqlamasında bildirib:
“Biz milli təhlükəsizliyə yönəlmiş bütün kiber təhdidlərə qarşı ciddi və qabaqlayıcı addımlar atırıq. Hazırda iddialar araşdırılır və təhqiqat davam edir”.
Nazirlik qeyd edib ki, sızan məlumatlar dövlət sirrini əhatə edən əməliyyat detalları ilə bağlı deyil. Araşdırma nəticələri açıqlanana qədər əlavə şərh verilməyəcək.
“Zəncirin zəif halqası”
Təhlükəsizlik mütəxəssislərinin fikrincə, bu hücumlar Britaniyanın müdafiə sistemində “üçüncü tərəf risklərinin” artdığını göstərir. Çünki bir çox mühüm hərbi xidmətlər müstəqil şirkətlər vasitəsilə həyata keçirilir.
London Kiber-Təhlükəsizlik Mərkəzinin analitiki Mark Ellison bildirib:
“Əgər hücum doğrudan da Rusiya mənşəlidirsə, bu, yalnız Britaniyanın müdafiə sisteminə zərbə vurmaqla kifayətlənməyəcək, həm də NATO daxilində etimad balansını sarsıda bilər”.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ