İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın rüsum siyasəti dünya iqtisadiyyatının inkişafını ləngidəcək – Azərbaycana təsirləri...

ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çinə qarşı tarif tətbiqinə dair qərarı dünya iqtisadiyyatına bomba atışı effekti yaradıb: fond indekslərinin azalması, yerli valyutaların dollar qarşısında dəyərsizləşməsi prosesini həm də böyük qeyri-müəyyənlik müşayiət etməkdədir.

Artıq dünya valyuta bazarlarında dolların bahalaşması prosesi başlanıb. ABŞ valyutası rüsum təyin olunan Kanada və Meksika valyutalarına münasibətdə 2 faizdən çox dəyər qazanıb. Hətta rüsum təzyiqinə məruz qalmayan Hindistanın rupisi belə dollar qarşısında tarixi minimuma düşüb: 1 dollar 88 rupiyə bərabərləşib.

HonqKonq birjasında indekslər 2 faizədək dəyər itirib. Eniş bütün sahələrdə qeydə alınıb. Kriptovalyuta birjalarından həftənin ilk günü 2 milyard dollardan yuxarı vəsait çıxarılıb. Bitkoin 93 min dollardan aşağı düşüb.
ABŞ fond bazarlarında da indekslərin düşməsi qeydə alınır. Hətta texnologiya nəhəngləri belə bazar kapitalında azalma ilə üzləşib.

Beləliklə, aydın görünür ki, Trampın dünya iqtisadiyyatına ilk zərbəsi kifayət qədər güclü təsir nümayiş etdirir. Analitiklərə görə, fevralın 4-dən təyin olunan rüsumlar qüvvəyə mindikdən sonra dünya iqtisadiyyatında daha ağır təsirlər hiss olunacaq.

İlk növbədə rüsumların tətbiq olunduğu ölkələr zərər görəcək. Belə ki, ABŞ Meksikanın ixracında ən böyük bazardır – 80 faiz payla. Meksikadan ABŞ-a ixraca rüsum həm də Avropanın avtomobil istehsalçılarıan böyük zərər vuracaq. Ucuz işçi qüvvəsi, istehsal materiallarının, ABŞ-a güzəştli ixrac imkanlarının mövcudluğu şəraitində uzun illər əvvəldən Avropa şirkətləri istehsalı Meksikaya köçürüblər. Ötən il onların ABŞ-a ixrac etdiyi avtomobillərin 96 faizi məhz Meksikada istehsal olunanlardır.

İxracının 70 faizini ABŞ-a reallaşdıran Kanada üçün də rüsumlar böyük problem yaradacaq. Analitik mərkəzlərin hesablamalarına əsasən ABŞ rüsumları ölkə iqtisadiyyatını tənəzzülə sürükləyə, üç ilə qədər müddətdə iqtisadi artımın olmamasına səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, ABŞ və Kanada arasında gözlənilən tarif müharibəsi 1930-cu illərdən bu yana iki ölkə arasında ticarət əlaqələri üçün "ən ciddi şok" ola bilər. İqtisadçılar həmçinin xəbərdarlıq edirlər ki, bu fonda Kanadada hazırda 6,7 faiz olan işsizlik səviyyəsi 2-3 faiz bəndi yüksələ bilər. Ölkə iqtisadiyyatının 2025-ci ildə 2 faiz kiçiləcəyi gözlənilir. Meksikada isə geriləmənin 4-4,5 faizə qədər çatacağı proqnozlaşdırılır.

Kanada və Meksikanın cavab addımları isə ABŞ-da ciddi problemlərə səbəb olacaq. Bu problemlərdən biri inflyasiyanın sürətlənməsidir. ABŞ bu iki ölkədən ildə 1,5 trilyon dollarlıq mal və məhsul idxal edir. Onların dəyərinin bahalaşması ABŞ-da inflyasiyanın kəskin şəkildə sürətləndirəcək. Tramp özü fevralın 3-də verdiyi açıqlamada rüsumların tətbiqinin ABŞ-da “müəyyən çətinliklər” yaradacağını etiraf edib, lakin onların 6 ay müddətində aradan qaldırılacağını, daha sonra ABŞ iqtisadiyyatının çiçəklənməyə başlayacağını deyib. Lakin hələlik heç bir analitik mərkəz onun bu optimizmini bölüşmür. Məsələ burasındadır ki, rüsumlar yalnız ABŞ-a idxal olunan hazır məhsulların deyil, ABŞ-ın özündə istehsal olunan məhsulların maya dəyərinin artmasına səbəb olacaq. Məsələn, Kanada Mədən Assosiasiyasının rəhbəri Pierre Grattonun fikrincə, Trampın tarifləri Şimali Amerikanın kritik minerallar üçün tədarük zəncirini təhdid edə bilər: "Bu tariflər mineralların və metalların əsas axınını pozacaq, tədarük zəncirindəki zəiflikləri daha da gücləndirəcək və ABŞ müştərilərimiz üçün iş görmək xərclərini artıracaq". Grattonun sözlərinə görə, bu səbəbdən Kanada mineralları və metallarının idxalına tətbiq edilən tariflər ABŞ-ın “milli təhlükəsizliyi və iqtisadi maraqlarına ziddir”.

Kanadadan idxal olunan minerallar və metalların bahalaşması ABŞ-ın yüksək texnoloji nəhənglərinin istehsalının dəyərini artıracaq. Bu isə yalnız ABŞ-ın özündə deyil, bütün dünyada onların rəqabət qabiliyyətini endirəcək. Texnoloji inkişaf baxımından Çinlə kəskin rəqabətdə olan bu şirkətlərin məhsullarının dəyərinin bahalaşması onların rəqabətədavamlılığına böyük zərbə olacaq.

Digər bir məqam Trampın analoji addımı Avropa İttifaqına qarşı da atacağını elan etməsidir. Hansı ki, Brüssel bu açıqlamaya kifayət qədər kəskin reaksiya verərək Trampın mümkün addımlarına hazır olduqlarını, onların da ABŞ mallarına münasibətdə eyni addım atacaqlarını elan edib. Bu isə ABŞ-ın üçüncü böyük ticarət tərəfdaşı ilə ticarətinin ikitərəfli bahalaşması demək olacaq. Belə olan halda, ABŞ iqtisadiyyatında yaranacaq problemlərin 6 ay müddətində aradan qaldırılması qeyri-real qiymətləndirilir.

Maraqlıdır ki, Tramp Çindən idxala daha az rüsum tətbiq etsə də, Çin artıq Vaşinqtonla anlaşmaq yolları axtarır. Pekinin Trampla 2020-ci ildə əldə olunmuş ilk razılaşmaya qayıtmaq istədiyi bildirilir. The Wall Street Journal-ın (WSJ) yazdığına görə, Çin ticarət müharibəsinin qarşısını almaq üçün Trampla ilk prezidentlik dövründə bağlanmış və ABŞ-dan idxalı 200 milyard dollar artırmaq öhdəliklərini özündə əks etdirən “birinci mərhələ”yə qayıtmaq, həmçinin Amerika iqtisadiyyatına, xüsusən də elektrik avtomobilləri üçün akkumulyator istehsalına sərmayələri artırmaq, yuanın süni şəkildə dəyərdən salınması siyasətindən əl çəkmək niyyətindədir.

Çin üçün əsas təhlükəni 10 faizlik rüsum deyil, ABŞ-a bağlamalarla çatdırılan mallara qoyulacaq məhdudiyyətlər yaradır. Belə ki, Trampın əmri ilə xaricdən bağlamalarla çatdırılan bütün mallar rüsuma cəlb ediləcək. İndiyədək 800 dollara qədər həcmdə malların bağlamalarla idxalı rüsumdan azad idi və Çindən ABŞ-a ixracın mühüm hissəsi bu yolla çatdırılırdı. Rüsumun tətbiq Çinin ABŞ-a idxalının böyük hissəsinin bahalaşmasına səbəb olacaq.

Analitiklərə görə, Kanada neftinin ABŞ-a idxalının 10 faiz rüsuma cəlb olunmasından ən çox zərəri məhz ABŞ-ın özü görəcək. Çünki Kanada nefti ABŞ-a ciddi endirimlə satılırdı. ABŞ neft emalı zavodları ağır Kanada neftinin emalı üzrə ixtisaslaşıblar, onların yüngül yerli neftə keçməsi üçün 12-24 ay müddət lazımdır. İndi Kanada tətbiq olunan endirimləri ləğv edir, eyni zamanda ABŞ 10 faiz əlavə rüsum təyin edir. Bu isə o deməkdir ki, yaxın 1-2 il ərzində ABŞ-da benzin qiymətləri yüksək olacaq. Bu isə ölkədə inflyasiyanın yüksək həddə çatması, yüksək faiz dərəcələri, nəhayət, iqtisadiyyatın maliyyələşməsi sahəsində problemlərin yaranması deməkdir. Bəzi analitiklər rüsum siyasətinin 2025-ci ildə ABŞ-da ÜDM istehsalını 1,5-2 faiz azaldacağını gözləyirlər.

Yüksək faiz dərəcələri bütün dünyada dolların dəyərinin artması deməkdir ki, bu da xammal bazarlarında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Digər tərəfdən, Trampın rüsum siyasəti ABŞ-la yanaşı Kanada, Meksika, Çin və Avropa İttifaqında, dolayısı ilə bütün dünyada iqtisadi artımı ləngitməklə xammala tələbatı azaldacaq. Bu isə xüsusilə neft bazarında yüksək təklif fonunda qiymətlərin sürətli enişinə səbəb ola bilər. Hələlik neft bazarı gözləmə mövqeyindədir - qiymətlər 76 dollar ətrafında dəyişir. Treyderlərə görə, əgər Tramp geri çəkilməsə, əksinə, cavab tədbirlərinə görə Kanada və Meksikaya rüsumları daha da artırsa, Avropa İttifaqına qarşı da eyni addımları atsa, bu, bütün bazarlar kimi neft bazarı üçün də böyük problemlər yaradacaq.

Neft qiymətlərinin kəskin ucuzlaşması ilə müşayiət olunması gözlənilən problemlər Azərbaycanın ixrac gəlirlərinin də azalmasına, eyni zamanda idxalının bahalaşmasına gətirib çıxara bilər.

Azərbaycan üçün digər təhlükə ABŞ və Avropa qiymətli kağızlarına yatırımların dəyərsizləşməsi ilə bağlı yarana bilər. Dövlət Neft Fondunun xüsusilə ABŞ texnologiya nəhənglərinə yatırımlardan gəlirinin kəskin azalması, hətta zərərlə əvəz olunması mümkün təsirlərdəndir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR