Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlatında Bakınım Sahil qəsəbəsi yaxınlığında, Sement zavodunun yaxın ərazisində vulkan püskürməsi qeydə alınıb. İlkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.
Bəs bu vulkan püskürməsi Bakını təhdid altına alırmı? Nələr ola bilər?
Qeyd edək ki, Abşeron yarımadası dünyada palçıq vulkanlarının ən sıx müşahidə olunduğu bölgələrdən biridir. Bu ərazidə 300-dən artıq aktiv və yarımaktiv vulkan mövcuddur və belə püskürmələr vaxtaşırı təbii geoloji proseslərin bir hissəsi kimi baş verir.
Mütəxəssislərin fikrincə, bu gün baş verən püskürmə təhlükəli seysmik hadisə deyil, lakin yeraltı qaz təzyiqlərinin dəyişməsi və geotermal aktivliyin artması ilə bağlı ola bilər. Hadisə həmçinin bölgənin tektonik hərəkətliliyinin artmasının göstəricisi kimi də qiymətləndirilir.
Seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a danışıb. O bildirib ki, palçıq vulkanlarının bir qismi adi xarakter daşıyır:
“Belə vulkanlar əsasən duruluğu yüksək, gilli və ağır palçıq kütləsi ilə püskürür, daha sonra ətrafa yayılaraq sakitləşir. İlk baxışdan zərərsiz görünsə də, bu proses kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurur, yəni torpağın münbit qatını məhv edir, bəzi hallarda əkin sahələrini tamamilə sıradan çıxarır.
Lakin palçıq vulkanlarının bir başqa, daha təhlükəli forması da mövcuddur - alovlu püskürmələr. Belə püskürmələr zamanı tərkibində metan qazı yüksək olan vulkanlar alışaraq yanmağa başlayır. Bu, həm vizual baxımdan möhtəşəm təbiət hadisəsi təsiri bağışlasa da, çox təhlükəli nəticələrə səbəb ola bilər. Çünki alovlanma ətrafdakı otlu sahələri, yaxınlıqdakı yaşayış məntəqələrini və sənaye obyektlərini ciddi şəkildə təhdid edir".
Ənvər Əliyev qeyd edib ki, bu cür alovlu püskürmələr, xüsusən Abşeron və Qobustan bölgələrində müşahidə olunur:
"Palçıq vulkanlarının yaranması ərazidə neft və qaz yataqlarının ilkin göstəricisidir. Yəni bu, həm təbiətin xəbərdarlığı, həm də yerin alt qatlarında enerji resurslarının mövcudluğunun əlamətidir.
Azərbaycan bu sahədə dünyada ikinci yerdə qərar tutur. Ölkə ərazisində, xüsusilə Qobustan və Abşeron yarımadasında 440-a yaxın palçıq vulkanı mövcuddur. Bu da regionun geoloji baxımdan nə qədər aktiv və enerjiyə malik olduğunu göstərir.
O ki qaldı alovla püskürən vulkanlara, bu hal son illərdə nisbətən az müşahidə olunur. Əvvəllər belə hadisələr daha tez-tez baş verirdi, lakin son illərdə nisbi sakitlik dövrü yaşanır.
Bu cür vulkanlar çox dərində yerləşmir, adətən 20–30 metr, bəzən 50–60 metr dərinlikdə formalaşır. Çatlar vasitəsilə yer səthinə çıxan qaz və palçıq kütləsi qısa zamanda təzyiqin təsiri ilə püskürür. Əgər qazın tərkibində metan çox olarsa, alışma baş verir və alovlu püskürmə yaranır.
Bəzən bu hadisələr dənizdə də baş verir. Dənizin dərin qatlarında baş verən belə püskürmələr zamanı kükürd və metan qazlarının qarışığı suyun tərkibini dəyişir, bu isə dəniz canlılarının kütləvi şəkildə məhvinə səbəb olur. Yəni belə vulkanlar yalnız quru sahələrdə deyil, dəniz ekosisteminə də böyük zərər vurur.
Beləliklə, palçıq vulkanlarının fəaliyyəti həm təhlükə, həm də təbiətin dərin qatlarında baş verən proseslərin xəbərdarlıqdır".
Xalidə GƏRAY
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ