Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın həyata keçirdiyi rüsum siyasəti Azərbaycan Dövlət Neft Fondunun yatırımları üçün risklər formalaşdırır.
Musavat.com xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib. Onun sözlərinə görə, belə risklər bütün investisiya fondları üçün yaranır.
Fond rəsmisinin dediyinə görə, artıq ilin əvvəlindən bəri ABŞ mənşəli səhmlərin ucuzlaşması, Avropa səhmlərinin bahalaşması müşahidə olunur. Bunun da əsas səbəbi Avropada aktivliyin yaranmasıdır.
Fond rəsmilərinə görə, investisiyalar uzunmüddətli dövr üçün həyata keçirildiyinə görə onların yeni formalaşan risklərdən qorunması üçün qısa müddətdə hansısa effektiv addımların atılması mümkün deyil. Rusiyanın timsalında dünya təcrübəsi də göstərir ki, hətta 1 il əvvəldən hansısa risklərin yaranacağı bəll olduqda belə, uzunmüddətli yatırımlarda dəyişiklik edib, risklərdən tam sığortalanmaq mümkün olmur.
ARDNF rəsmiləri bildirirlər ki, qızıla investisiyaların artırılması geosiyasi proseslər fonunda aktivlərin dəyərsizləşməsinin qarşısının alınması tədbirlərindən biridir. Bundan əlavə, Asiyada, Şərqdə investisiyaların artırılması da mümkün ABŞ və Avropada yarana biləcək risklərə görə həyata keçirilən diversifikasiya siyasətinin nəticəsidir.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ