Onlayn ictimai-siyasi qəzet
Müəllifi, deyəsən, Əbülfəz Elçibəy olan bir aforizm vardır: “Hər siyasətçi üçün həbsxana qızılcadır, mütləq başına gəlməlidir”. Bizdə vaxtaşırı hansısa siyasini, müxalifətçini qazamata salanda işlədilir. Halbuki uğursuz, qeyri-elmi yanaşmadır. Rəhmətlik bəyin tibbi biliklərinin zəifliyini göstərir.
Qızılcaya hər kəsin mütləq, həyatı boyunca yoluxacağı deyə bir fakt, prosedur, qayda yoxdur. Qızılca kəskin virus xəstəliyidir, qədimlərdə - vaksinasiya, dərman olmayan zamanlarda yüz minlərlə insanın ölümünə səbəb olurdusa, indi körpələri 6-9 aylığından peyvənd edirlər, vəssalam. Ta həmin uşağın ömrü boyu qızılcaya yoluxmaq ehtimalı sıfıra bərabərdir. Sadəcə, bəzən kasıb ölkələrdə vaksinləşmə düzgün, vaxtında aparılmır, yaxud antipeyvənd hərəkatının nümayəndəsi olan heyvərələrin günahı, propaqandası üzündən (“Hamısı Bill Geytsin zibilləridir” şüarıyla) hansısa dövlətlərdə uşaqları peyvənd eləmirlər, nəticədə qızılca epidemiyası baş verir. Azərbaycanda 2003 və 2005-ci illərdə kiçik miqyasda qızılca epidemiyaları olub.
Sözümü ona gətirirəm ki, qızılcaya yoluxmaq mütləq olmadığı kimi, türməyə düşmək də siyasətçi üçün vacib deyil. Olmamalıdır. Olursa da, bunu müti, fatalist qarşılamaq lazım deyil.
Lakin ta aforizm varsa, həyatımızı ona uyğun qurmalıyıq. Ata sözünə əməl elədiyimiz kimi. Məsələn, “qızını döyməyən dizinə döyər” kimi ata sözümüz var, ona görə bütün qız ataları çalışırlar vaxtlı-vaxtında qızlarını təpiyin altına salsınlar. Yaxud deyir el üçün ağlayan göz kor olar. Sonra da tuturlar aktyorun yaxasından, problemlərin həllini istəyirlər. Qardaşım, adam kor olmaq istəmir! Əl çəkməliyik.
Xülasə, Allah bəyə rəhmət eləsin, necə deyərlər, igid ölər, sözü qalar. Bugünlərdə həmin yuxarıdakı sözün ABŞ-da sınaqdan çıxdığını gördük: Donald Trampı bir neçə dəqiqəlik də olsa türməyə saldılar. 200 min dollar girov qoyub çıxdı. Türmədə sənədləşmə üçün çəkilən fotosunda ABŞ-ın eks-prezidenti qızarmış gözlər, sarı saçlar və pörtmüş sifətlə elə kəskin baxırdı, sanardın həqiqətən qızılcaya yoluxubdur.
Burada bir haşiyə çıxım. Trampı Corciya ştatında seçki saxtakarlığında ittiham edirlər. Sənədləri əkişdirmək, biznesdə saxtakarlıq, zənənləri zorlama-filan suçları, deyəsən, başqa ştatlardakı məhkəmələrin ixtiyarındadır. İttihamnaməyə görə Donald müəllim seçicilərin səslərini saxtalaşdırıb prezident olmaq istəyibdir. (Bu yerdə Məzahir müəllim bığaltı qımışır. Bəzən bığaltı qımışmaq üçün bığın olması zəruri deyil).
Cəmi 20 dəqiqəlik dustaq həyatı Trampa 10 milyon dollara yaxın pul qazandırdı. İşbaz amerikalılar Trampın həmin dustaqlıq fotosunu köynək, çanta, fincan, şapka kimi suvenirlərin üstünə çəkib satdılar, seçki kampaniyası fonduna kalan vəsait yığıldı. Bəlkə də Tramp növbəti seçkidə Baydenin qabağına “AUE- jizn voram” şüarı, “Dolya vorovskaya” mahnısıyla çıxdı. Faktiki Amerikanın lotu aləminin krallarından biridir. Əsl bizim adamdır. Lotu Bəxtiyar, Masallı Mamed, Sabirabadlı Hikmət, Lotu Quli, Rövşən Lənkəranski yolunun davamçısıdır. Bu dədiqə Tramp türmə həyatından kitab yazsa, “Qanun” nəşriyyatında çap etdirsə bir dənəsi də köşkdə qalmaz, hamısı satılar. Xalqımız oğru aləminə böyük hörmətlə yanaşır, onları dəyərli ziyalılarımız sayır, sağlığında başına, öləndə qəbir daşına and içir.
Hazırda Donald müəllim Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında ən çox səs yığır, haradasa 50-60 faiz. Böyük ehtimal elə onun namizədliyi üzərində dayanacaqlar.
BMT TŞ üzvü, dünyanın fövqəldövləti kriminal keçmişli bir adama bu qədər rəğbət bəsləyirsə, üçüncü dünya ölkələri niyə aydan arı, sudan duru olmalıdır?
Qlobal sual bu dəqiqə budur.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ