İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Nobel Sülh Mükafatına gedən yolu sürətlə açılır- “O, yeganə ABŞ prezidentidir ki...”

Amerika prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışının ilk 7 ayında dünyada bir sıra münaqişələrin aradan qaldırılması üçün göstərmiş olduğu təşəbbüslər rəğbət doğurmaqdadır. Xüsusilə, avqustun 8-də onun iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında Birgə Bəyannamənin əldə olunması, eləcə də, bundan bir həftə sonra Alyaskada Ağ Ev və Kreml sahibləri arasında keçirilən məlum görüş biznesmenin daha çox Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsinə səbəb olub.

Bununla bağlı Musavat.com-a açıqlama verən hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Aydın Mirzəzadə bir sıra təkliflər də irəli sürüb: “Donald Trampın ikinci prezidentlik dönəminin birinci ilində dünyanın bu və ya digər bölgəsində müharibə təhlükəsinin aradan qaldırılması üçün atdığı addımlar insanlarda böyük hörmətlə qarşılanıb. Qısa zamanda o Pakistanla Hindistan, Tailanda Kamboca arasındakı qarşıdurmaların aradan qaldırılmasına nail oldu. Bundan başqa Rusiya-Ukrayna müharibəsinin dayandırılması, tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün də ciddi addımlar atır. Bu günlərdə ABŞ-ın Alyaska ştatında onun Rusiya prezidenti ilə görüşərək həm Rusiya-Ukrayna müharibəsi, eyni zamanda, ABŞ-Rusiya münasibətləri barəsində ciddi danışıqlar aparması Trampın sülhpərvər siyasətindən xəbər verir. O, yeganə ABŞ prezidentidir ki, onun birinci hakimiyyəti dövründə ölkəsi heç bir müharibəyə cəlb olunmadı. Keçmiş biznesmen kimi, o ticarətin, əməkdaşlığın ilk növbədə sülh, əmin-amanlıq şəraitində mövcud olduğu qənaətindədir. Bu baxımdan o imkanlarını əməkdaşlığa, münaqişələrin aradan qaldırılmasına yönəltməyə çalışır. Düzdür, Rusiya-Ukrayna savaşında hələ sonluq görünmür. Amma bununla belə Trampın xarici siyasətinin əhəmiyyətli bir hissəsi məhz bu məsələyə yönəlib. Ümid etmək istərdik ki, bu öz müsbət nəticəsini verəcəkdir. Həmçinin, onun bu günlərdə Azərbaycan-Ermənistan arasında sülhməramlı bir sənədin imzalanması üçün göstərdiyi fəaliyyət də çox böyük rəğbətlə qarşılanıb. Doğrudur, bu istiqamətdə Azərbaycan tərəfindən çox böyük işlər görülmüşdü. Ancaq Ermənistan tərəfindən hələ də bu məsələyə bir qədər ehtiyatla yanaşma məsələləri var idi ki, onun da aradan qaldırılmasına Cənab Tramp böyük təşəbbüs göstərdi. Onun təşəbbüsü ilə Zəngəzur dəhlizindən bir “Tramp marşrutu”nun keçməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında gediş-gəlişin mümkünlüyünü ortaya qoyması əlbəttə ki, bu regionu əmin-amanlığa çevirir. Eyni zamanda, “Tramp marşrutu” çox ciddi bir marşruta çevriləcək. Bunun nəticəsini bundan istifadə edənlər, o cümlədən Ermənistan da görəcək. Trampın sülhün təmin edilməsi üçün atdığı addımlar dünyanın müxtəlif bölgələrində onun Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsinə səbəb olub. Cənab Prezident Ağ Evdə keçirilən görüşdən sonra Trampın bu sülh mükafatına namizəd kimi göstərilməsi üçün erməni baş nazirlə birlikdə müraciət sənədi imzalayacağını da elan etdi. Bu onu göstərir ki, Trampın fəaliyyətinə ən yüksək qiymət verilməsi gözləniləndir. Düzdür , hesab edirəm ki, Nobel Sülh Mükafatına Azərbaycan Prezidenti də namizəd kimi göstərilə bilər. Məhz Dövlət Başçımızın fəaliyyəti nəticəsində keçmiş Dağlıq Qarabağ tarixə qovuşdu, regionda sabitlik yarandı. Eyni zamanda onu da təklif edərdim ki, Donald Trampın adına beynəlxalq sülh mükafatı təsis olunsun. Düşünürəm ki, gələcəkdə sülhpərvər dövlət rəhbərlərinin adına belə mükafatların təsis olunması sabitlik, dinc yaşayışın təmin olunması, əmin-amanlıq üçün çox müsbət töhfə olardı”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR