Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan bəri verdiyi əmrlər və sərəncamlar arasında elələri var ki, onlar dünyanın hər tərəfində əsasən rəğbətlə qarşılanır.
Belə sərəncamlardan biri də Trampın cinsi azlıqlara və cinsini dəyişənlərə münasibətdə tutduğu birmənalı mövqe və buna dair qəbul etdiyi qərarlardır.
Heteroseksualların böyük çoxluq təşkil etdiyi və hər cür cinsi azlıqları xor gördüyü dünyada bu təbiidir. Başqa siyasi liderlərdən fərqli olaraq, Tramp üzünə saxta demokrat maskası çəkmir və homofobluqda ittiham olunmaqdan qorxmur. Görünür, o, bu qərarlarla özünün və partiyasının daha çox heteroseksual səsi toplayacağına əmindir.
Bildiyiniz kimi, Tramp 12 gün öncə ABŞ ordusunda xidmət edən cinsi azlıqların ordudan kənarlaşdırılması barədə sərəncam verib. Ondan sonra məlum olub ki, ABŞ-nin hərbi sferasında 16 minə yaxın cinsi orientasiyası ənənəvi olmayan hərbi qulluqçu xidmət edir.
Onların istefaya və ya təqaüdə göndərilməsi insan haqlarına nə dərəcədə uyğundur, bunu ABŞ-nin hüquq müdafiəçiləri deyəcəklər, hələlik diqqət ona yönəlib ki, bu qədər cinsi azlıq heç də azlıq deyil, hətta başqa ölkələrin silahlı qüvvələrinin şəxsi heyəti ilə müqayisədə çoxluqdur. Məsələn, ABŞ-nin tələb etdiyi Qrenlandiya adasıının sahibi olan Danimarkanın cəmi 17 min hərbçisi olduğu bildirilir. Bu o deməkdir ki, Pentaqonun sərəncamındakı cinsi azlıqlar legionu Danimarka ordusu ilə təndir.
Uşaqların və yeniyetmələrin cinsini dəyişdirmələri üzrə aparılan tibbi əməliyyatların ABŞ dövləti tərəfindən maliyyələşdirilməsinin yasaqlanması da Trampa müəyyən müsbət xallar gətirib. Eyni zamanda bəzi liberal dairələr bu qərarı tənqid edirlər.
Ancaq cinsini dəyişdirmiş kişilərin qadınların idman yarışlarında iştirakını qadağan edən fərman imzalayan Trampı, yəqin ki, daha çox adam dəstəkləyəcək. Çünki son illərdə bu məsələ beynəlxalq idman camisənin yaralı yeriydi.
Tramp bu qərar barədə danışaraq deyib ki, bundan sonra qadın idmanı yalnız qadınlar üçün olacaq. O, əvvəlki Amerika administrasiyasını “radikal solçu ideyaları” dəstəkləməkdə və “bioloji cinsiyyət anlayışından əl çəkməyə” cəhd göstərməkdə ittiham edib.
Amerika lideri deyib ki, özünü qız kimi qələmə verən kişilər 3,5 mindən çox yarışda rəqiblərinin qələbələrini oğurlayıblar və bu, çox böyük rəqəmdir.
Doğrudan da 3.5 min kişinin öz qadın rəqibləri üzərində qələbə qazanması heç də ədalətli göstərici deyil. Trampın dediyinə görə, cinsini dəyişmiş kişilər qadınlar üçün nəzərdə tutulan 11 mindən çox yarışda iştirak edib.
Ancaq o da maraqlıdır ki, hər halda 11 min yarışın 6,5 minində cinsini dəyişmiş kişilər yenə də qadın rəqiblərinə bata bilməyiblər.
Bununla belə, cinsini dəyişib kişi olmuş qadınlarn sırf kişilər üçün nəzərdə tutulmuş yarışlarda iştirakına dair statistika yoxdur.
Məlum olduğu kimi, kişi və qadın orqanizmlər bir-birindən fərqli olduğu üçün bu iki cinsin daşıyıcıları arasında ciddi fiziki güc fərqi də var. Hətta belə bir qənaət var ki, qadınlarla kişilərin intellektual potensialları arasında da fərq var və məhz ona görə də fiziki gücə əsaslanmayan, sırf zəka oyunu olan yarışlar (məsələn, şahmat, dama) qadınlar üzrə ayrı, kişilər üzrə ayrı keçirilir.
Xatırlayırsınızsa, ötən ilin yayında Parisdə keçirilən yay olimpiadasında əlcəzairli boksçu, İman Xalif adlı qız bütün rəqiblərini ciddi fərqlə məğlub edərək qızıl medal qazandı. Onun cinsini dəyişmiş oğlan və ya hermafrodit (qız-oğlan) olduğu iddia edilirdi. Fiziki, bioloji, tibbi ekspertizalar müxtəlif nəticələr göstərirdi. Fakt o idi ki, adı da kişi (İman) ismi olan o qızda kişi gücü vardı və kişi idmançıar kimi döyüşürdü.
İndi ən azı Amerikada kişidən dönmə qadınlar əsl qadınların yarışmalarında iştirak edə bilməyəcək. Trampın imzaladığı sərəncam belə idmançıların federal maliyyədən məhrum edilməsini və bioloji kişilərin qadınların idman yarışlarında iştirakına icazə verən təhsil müəssisələrində araşdırma başlanmasını təmin edir. Bundan başqa, Trampın fərmanına əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cinsini dəyişən kişi idmançılara Amerika vizası verməyəcək. Tramp deyib ki, bu fərman qadın idmanı uğrunda mübarizənin sona çatması deməkdir və bu, çoxdan edilməliydi.
Tramp administrasiyası gözləyir ki, ABŞ Olimpiya Komitəsi və Milli Atletika Assosiasiyası da kişilərin qadın idmanında yarışmasına icazə verməyəcək. Bununla belə, Trampın yeni fərmanının 2028-ci ildə Los-Ancelesdə (Kaliforniya) keçiriləcək Yay Olimpiya Oyunlarının qaydalarına necə təsir edəcəyi və cinsini dəyişən kişilərin orada qadın yarışlarında iştirakına icazə verilib-verilməyəcəyi sualı açıq qalıb. Ağ Evin mətbuat katibi Kerolayn Leavitt bu suala cavab verməyib.
Ancaq bu sərəncama riayət olunsa, heç olmasa idman sahəsində ədalət bərqərar olunacaq. Yoxsa cinsini dəyişmiş kişilərin öz izafi (qadınlarla müqayisədə) fiziki güclərindən yararlanaraq qadınların qələbəsini oğurlamaq tendensiyasi getdikcə güclənirdi. Onları buna tibbi-fizioloji, psixoloji cəhətləri ilə yanaşı, həm də idman şan-şöhrəti, böyük mükafatlar vadar edirdi.
Araz Altaylı, Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ