Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Ovanavan monastırında keçirilən liturgiyada (kilsə ayinində) iştirak etməsi onun şəxsi təşəbbüsü olub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin səlahiyyətlərini aşması barədə səslənən iddialara münasibət bildirərkən o qeyd edib ki, rəsmi səlahiyyətlər və vətəndaş kimi atılan addımlar bir-birindən fərqləndirilməlidir.
Qalyan deyib:
“Kim hansı addımı vətəndaş, kim hansı addımı məmur kimi atır - bu, bir-birindən ayrılmalıdır. Baş nazir də ayində vəzifə borcu çərçivəsində iştirak etməyib. Bu, hər bir vətəndaşın, o cümlədən baş nazirin şəxsi arzusu ola bilər”.
Nazir eyni zamanda vurğulayıb ki, “kilsənin işlərinə heç kim qarışmır” və Paşinyanın iştirakı kilsə ilə dövlətin münasibətlərinə aid edilə bilməz. O, bəzi ekspertlərin Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı çıxışlarını “konstitusiya quruluşunun pozulması” kimi qiymətləndirməsini də qəbul etməyib:
“Kilsə “konstitusiya quruluşu” anlayışına daxil deyil”, - deyə Srbui Qalyan qeyd edib.
Jurnalistlərin ayin zamanı hüquq-mühafizə orqanı əməkdaşlarının bir vətəndaşı zorla kilsədən çıxarması barədə yayılan görüntülərlə bağlı sualına cavabında Qalyan bildirib ki, həmin kadrları görməyib.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ