Onlayn ictimai-siyasi qəzet
Britaniyanın xüsusi xidmət orqanları - daxili təhlükəsizlik xidməti MI5, xarici kəşfiyyat xidməti MI6 və hökumətin radioelektron kəşfiyyata cavabdeh strukturu olan Hökumət Rabitə Mərkəzi (GCHQ) - qarşılıqlı əlaqə və koordinasiya sahəsində ciddi çətinliklərlə üzləşir.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzetinin ələ keçirdiyi məxfi hesabatda qeyd olunur.
Nəşrin məlumatına görə, sənəd 2023-cü ildə sabiq baş nazir müşaviri Nik Timoti tərəfindən hazırlanıb, lakin ondan bəzi hissələrin dərcinə yalnız iki ildən sonra icazə verilib.
Hesabatda xüsusi xidmətlər arasında “aşağı səviyyəli əməkdaşlıq” və “parçalanmış hesabatlılıq sistemi” olduğu vurğulanır.
Mənbələrdən birinin qəzetə bildirdiyinə görə, müxtəlif xidmətlər arasında baş verən fikir ayrılıqları çox zaman çıxılmaz vəziyyət yaradır.
“The Times” misal kimi Britaniyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) terror təşkilatı kimi tanınıb-tanınmaması ilə bağlı aparılan müzakirələri göstərir. Məlumata görə, bu addımı MI5 dəstəkləsə də, MI6 diplomatik nəticələrdən ehtiyat edərək ona qarşı çıxıb. Nəticədə hazırda MI6-nın mövqeyi üstünlük təşkil edir.
Hesabatda vəziyyətin yaxşılaşdırılması üçün “təhlükəsizlik məsələləri üzrə nazir vəzifəsinin təsis edilməsi” tövsiyə olunur. Bu nazirlik MI5, MI6 və GCHQ arasında əlaqələndirici orqan kimi çıxış etməli, milli təhlükəsizliyin təminatı funksiyaları isə Skotland Yarddan Milli Cinayətkarlıq Agentliyinə (National Crime Agency - NCA) verilməlidir.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ