İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın 6 ayı: dünyamız indi daha təhlükəsizdir? - rəylər

Ekspertlər Ağ Ev sahibinin hakimiyyətinin ilk yarım ilini Azərbaycan üçün müsbət dəyərləndirir; “Azərbaycan Tramp dövründə açılan fürsət pəncərəsindən maksimum şəkildə faydalanmalıdır”

İyulun 20-də Donald Trampın ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başlamasının 6 ayı tamamlandı. Bu müddət dünya üçün, qlobal sülh və təhlükəsizlik üçün nə ilə, necə yadda qaldı? Trampın 6 ayını bu xüsusda pozitiv dövr adlandırmq olarmı?

Təbii ki, bizi ən çox Ağ Ev rəhbərinin Azərbaycana, Ermənistana, ümumən bölgəmizə formalaşmaqda olan mövqeyi düşündürür. O Ermənistan ki, konstitusiyasında ərazi iddiası səbəbindən hələ də sülh müqaviləsi imzalanmayıb. Doğrudur, 10 iyul Əbu-Dabi danışıqları bu yöndə nikbinliyi artırıb. Hətta Tramp da keçən həftə nikbincəsinə bəyan edib ki, Bakı və İrəvan heç vaxt olmadığı qədər sülh sənədinin imzalanmasına yaxındır.

Bu da faktdır ki, 6 aylıq prezidentliyi dönəmində Tramp və komandasının Konqresdəki çoxluğu ABŞ-ın imkanlı erməni lobbisinin cidd-cəhdlərinə rəğmən, “erməni fitnəsı”nə uymayıb. Azərbaycana qarşı hər hansı qətnamə, qərar qəbul olunmayıb. O sırada Bayden hökumətinin son günlərində imzalanmış ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası Trampın yadına belə düşməyib. Ağ Ev başçısının seçki təbliğat kampaniyası dövründə guya “artsaxın xristian ermənilərinin hüquqları”nı qoruyacağı barədə vədi də unudulub. Komandasında ermənipərəstlər yetərincə olsa da...

Azər Hüseynov: “Azərbaycanın strateji tərəfdaş kimi cəlbediciliyi artırır”  | Hafta.az

Azər Hüseynov 

Politoloq Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, bu müddətdə Trampın xarici siyasətdəki əsas istiqamətləri, beynəlxalq münasibətlərə yanaşması və xüsusilə də Azərbaycanla bağlı mövqeyi diqqət mərkəzində olub: “Sual yaranır: bu altı ay dünya üçün daha təhlükəsiz bir dövr oldumu və ya Azərbaycan üçün hansı real perspektivlər açıldı? Trampın ikinci dönəminə ümumi qiymət vermək ayrıca bir mövzudur. Lakin burada əsas diqqət Trampın Azərbaycan və Cənubi Qafqaz siyasətinə yanaşması üzərində cəmlənir. Tramp klassik anlamda ideoloji və ya "dəyərlərə əsaslanan" siyasətçi deyil. O, beynəlxalq münasibətlərə praqmatik və güc balansına əsaslanan yanaşma sərgiləyir. Bu yanaşma onu sələfi Baydendən və ümumiyyətlə, Demokratlar Partiyasının xarici siyasət fəlsəfəsindən fərqləndirir. Tramp üçün hər hansı bir ölkə ilə münasibətlər həmin dövlətin beynəlxalq sistemdəki funksionallığı, iqtisadi və geosiyasi gücü, habelə ABŞ-ın maraqları ilə nə qədər üst-üstə düşməsi ilə müəyyən olunur. Bu mənada Trampın Azərbaycanla bağlı mövqeyi də məhz bu praqmatik yanaşmanın məhsuludur. O, Cənubi Qafqaz regionuna baxarkən Azərbaycanın bölgənin ən güclü dövləti olduğunu görür. Azərbaycanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror əməliyyatlarından sonra regional güc balansında əsas aktora çevrildiyi danılmazdır. Həmçinin Azərbaycanın neft və təbii qaz ixracatçısı olması, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və onun Rusiya və İran kimi ABŞ-ın əsas rəqibləri ilə sərhəddə yerləşməsi Trampın diqqətindən yayınmır. Bunun əksinə olaraq, Ermənistan Trampın geosiyasi baxışında diqqətəlayiq aktor hesab edilmir. Çünki, nə təbii sərvətləri, nə beynəlxalq nüfuzu, nə də hüquqi baxımdan müasir beynəlxalq layihələrə qoşulmağa imkan verən islahatları mövcuddur. Ermənistanın hələ də konstitusiyasında qonşu dövlətə - Azərbaycana qarşı ərazi iddiasının yer alması onun beynəlxalq arenada etibarlı tərəfdaş kimi görünməsinə ciddi maneədir. Bu səbəbdən də Tramp hökuməti erməni lobbisinin Konqresdəki təzyiqlərinə baxmayaraq, son altı ayda Azərbaycana qarşı heç bir mənfi qərar qəbul etməyib. Bayden administrasiyasının son günlərində imzalanmış ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasına da Tramp dönəmində istinad belə olunmayıb. Əksinə, o, seçki kampaniyası dövründə səsləndirdiyi “artsaxın xristian ermənilərinin hüquqları” kimi ideoloji ritorikaları faktiki olaraq unudub. Trampın son aylar səsləndirdiyi “Bakı və İrəvan heç vaxt olmadığı qədər sülh sazişinə yaxındır” bəyanatı da Azərbaycan üçün əhəmiyyətli siyasi mesajdır. Bu, onun bölgədəki əsas tərəfdaş olaraq məhz Azərbaycanı gördüyünün göstəricisidir. Onun üçün burada əsas məsələ sülhün reallığı və qarşılıqlı faydanın təmin edilməsidir. Sülh yalnız region ölkələri üçün deyil, ABŞ-ın maraqları üçün də faydalı olarsa, Tramp bu prosesi dəstəkləyəcək.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Trampın jestlərinə yalnız pozitiv münasibətlə deyil, həm də ehtiyatla yanaşmalıdır. Çünki Trampın siyasətində sabitlik və öhdəlik anlayışı çox zəifdir. Onun üçün bugünkü tərəfdaş sabahkı tənqid hədəfi ola bilər. ABŞ-ın praqmatik yanaşması çərçivəsində maraqlar dəyişərsə, münasibətlərin istiqaməti də dəyişə bilər. Yekun olaraq, Trampın ikinci dönəminin ilk 6 ayı Azərbaycan üçün əsasən müsbət qiymətləndirilə bilər. Lakin bu müsbət dinamikanın davamlı olması Azərbaycanın öz gücünü qoruması, iqtisadi və diplomatik imkanlarını artırması və eyni zamanda milli maraqlarını rasional şəkildə müdafiə etməsi ilə bağlıdır. Azərbaycan Tramp dövründə açılan fürsət pəncərəsindən maksimum şəkildə faydalanmalı, lakin mümkün riskləri də nəzərdən qaçırmamalıdır".

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr  deyil,məhz Azərbaycan özü rol alacaq - RƏY - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Tramp hələ seçki kampaniyasında verdiyi vədlərin çoxunu yerinə yetirə bilməyib: “O, bu posta əyləşməzdən öncə dünyadakı münaqişələri sonlandıracağına dair nikbin vəd vermişdi. Bu vədin tam olaraq yerinə yetdiyini demək olmaz. Belə ki, ötən müddətdə dünyada baş verən hadisələr - 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin, 2023-cü ilin oktyabrında başlayan İsrail-HƏMAS müharibəsinin davam etməsi, bu ilin iyununda İsrail və İran arasında 12 günlük müharibə, o cümlədən İsrailin Suriyadakı və s. hərbi əməliyyatları, bu ilin mayında Hindistan-Pakistan arasında yaşanan hərbi-siyasi böhran, Myanmada daxili savaş, Afrika və Latın Amerikasındakı paramilitar-cinayətkar qruplar arasında və onlarla dövlət arasında baş verən qanlı toqquşmalar, o cümlədən 2023-cü ildən Sudanda başlayan vətəndaş müharibəsinin davam etməsi, bir neçə ildir sabitləşən və Tigray müharibəsi rəsmi olaraq başa çatan Efiopiyada ötən ilin sonundan bəri daxili-regional qarşıdurmanın yenidən artması, Kolumbiyada bu ilin yanvarından 100-lərlə insanın ölümü, 50 minədək insanın kütləvi köçü ilə nəticələnən ölkədaxili cinayətkar qruplaşmalar arasındakı qarşıdurmalar, Ekvadorda ötən ilin sonunda silahlı cinayətkar dəstələrə qarşı dövlətin elan etdiyi savaşın qanlı qarşıdurmalarla davam etməsi, Salvadorda 2022-dən bəri davam edən cinayətkar dəstələrlə mübarizənin bu ildən daha da güclənməsi, Meksikada kartellərarası silahlı qarşıdurmaların dronların və bombaların istifadəsi ilə artması, Haitidə cinayətkar paramilitar qruplar arasındakı müharibənin davam edərək indiyədək ümumilikdə 1,3 milyon insanın köçkün düşməsinə səbəb olması - bütün bunlar göstərir ki, dünya əvvəl olduğu kimi, yenə də münaqişə və müharibələrlə doludur. Bununla yanaşı, qeyd etməliyik ki, Trampın hakimiyyətə ikinci dəfə gəlməsindən sonra həqiqətən də yeni uzunmüddətli dövlətlərarası müharibə baş verməyib, yuxarıda adıçəkilən, o cümlədən Rusiya-Ukrayna, İsrail-HƏMAS, Hindistan-Pakistan arasında münaqişə və müharibələrin sonlandırılması üçün ABŞ prezidentinin cidd-cəhdləri olub. Bununla yanaşı, konstruktiv dialoq hələ tam olaraq qurulmadığı üçün dünya II İsrail-İran, yeni Hindistan-Pakistan qarşıdurmasının ola biləcəyinə dair gözlənti içərisindədir.

Ermənistanla Azərbaycan arasında sülh prosesinə gəlincə söyləmək olar ki, əvvəlki prezident Bayden dövründə ABŞ-ın ermənipərəst siyasətindən fərqli olaraq, hazırkı administrasiya daha balanslı siyasət yürüdür və bu siyasət Azərbaycanı ABŞ-a təkrar qazandırmaq, hətta daha geniş anlamda Cənubi Qafqaz regionunu ABŞ-a qazandırmaq məqsədinə xidmət edir. Bu məqsəd uzun perspektivdə Rusiyanın maraqları ilə toqquşaraq onun regiondan uzaqlaşdırılmasına hesablandığı üçün Rusiyanın əli ilə bölgədə yeni gərginlik ocaqları yaradılmağa çalışılır. Ermənistan daxilində gedən proseslərə baxdıqda bu, xüsusilə aydın görünür. Bununla belə, ABŞ-ın və Avropanın dəstəyi və təlqini ilə Ermənistan konstruktiv dialoqu qəbul edərək konstitusiyasına dəyişiklik  edərsə, bundan sonra Ermənistan və Azərbaycan yeni bir münasibətlər erasına qədəm qoyacaq ki, burada ABŞ Administrasiyası bağlayıcı ən önəmli layihədə - Zəngəzur dəhlizində iştirakçı olmaq niyyətini artıq bəyan edib. Bunun reallaşması Rusiyanın Cənubi Qafqazda 300 illik tarixi rolunu minimuma endirərək, hətta yox etmək deməkdir. Beləliklə, Trampın hakimiyyəti Azərbaycanın milli maraqları, o cümlədən Qafqazın imperiya buxovlarından xilas olması baxımından faydalı hesab olunur. O cümlədən Trampın ailə-gender dəyərlərində Azərbaycan milli mentalitetinə uyğun gələn baxışları da onu bizimlə yaxınlaşdırır. Bütün bunların media-diplomatiyası aləti - Şuşa Qlobal Forumunda ən uğurlu siyasi dillə Prezidentimiz tərəfindən ifadə olunması, Trampın isə öz növbəsində cənab Prezindentin çıxışını paylaşması - ABŞ-Azərbaycan dövlətlərarası və liderlərarası münasibətlərinin yeni bir mərhələyə yüksəldiyini göstərir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR