İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İsrailə zərbə: Fələstini tanımağa hazırlaşır

May ayının ortalarında Səudiyyə Ərəbistanı ABŞ-nin prezidenti Donald Trampın ölkəyə səfəri çərçivəsində Körfəz ölkələrinin sammitinə ev sahibliyi edəcək.

Musavat.com xəbər verir ki, sammitin böyük maraq doğurmasının səbəbi isə Trampın Ər-Riyadda "ən vacib bəyanatını" edəcəyinə dair verdiyi işarələrdir.

"The Jerusalem Post" yazır ki, sammit ərəfəsində Trampın mayın 6-da Kanada Baş Naziri ilə Ağ Evdə keçirdiyi görüş zamanı bəhs etdiyi "vacib bəyanat" ətrafında çoxsaylı proqnozlar ortaya çıxıb.

 Diplomatik dairələr hazırda həmin bəyanatın məzmununu təxmin etməyə çalışırlar. Bu barədə mayın 10-da "Maariv" saytı ərəb mediasına istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli Körfəz diplomatı "The Media Line" agentliyinə verdiyi açıqlamada Trampın Amerikanın Fələstin dövlətini tanıması ilə bağlı bəyanat verəcəyini iddia edib: "Lakin bu, HƏMAS-sız bir tanınma olacaq".

Diplomatın sözlərinə görə, "belə bir bəyanat Yaxın Şərqdə güc balansını tamamilə dəyişə və digər ölkələrin də “İbrahim sazişi”nə qoşulmasına səbəb ola bilər". Bəzi iddialara görə, Trampın bəyanatı iqtisadi qərarlarla da bağlı ola bilər. Mənbə bu ehtimala cavab olaraq qeyd edib ki, "iqtisadi qərarlar da olacaq. Amma təkcə onlar deyil. Ola bilsin, yeni və inkişaf etmiş “İbrahim sazişi”nə  qoşulan ölkələr ABŞ-yə ixrac etdikləri məhsullar üçün gömrük rüsumlarından azad olacaqlar".

Lakin digər mənbələr bu ssenariyə şübhə ilə yanaşır. Körfəz ölkələrindən birinin təcrübəli diplomatı Əhməd Əl-İbrahim bildirib:

"Mən Trampın bəyanatının Fələstin məsələsi ilə bağlı olacağına inanmıram. Axı nə Misir prezidenti, nə də İordaniya kralı sammitə dəvət olunmayıb, halbuki onlar Fələstin məsələsi ilə daha çox məşğul olurlar".

Diplomatın fikrincə, bəyanatın daha çox 2017-ci ildə Trampın ilk səfəri zamanı imzalanan genişmiqyaslı ticarət sazişlərinə oxşar olacağı ehtimal edilir.

Xatırladaq ki, həmin vaxt Birləşmiş Ərəb Əmirlikləri ABŞ-yə bir trilyon dollardan çox investisiya yatıracağını elan etmiş, Səudiyyə Ərəbistanı isə 600 milyard dollarlıq investisiya öhdəliyi götürmüşdü. Mümkündür ki, bu dəfə söhbət Səudiyyənin dinc atom proqramının həyata keçirilməsindən də getsin.

Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı edəcəyi gözlənilən bəyanatın İsraili təəccübləndirə biləcəyi bildirilir. "Detali" saytının məlumatına görə, husilərlə imzalanan atəşkəs sazişi və Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmaq tələbindən imtina edilməsi, Trampın Fələstin məsələsində də kursunu dəyişəcəyinin işarəsi kimi qiymətləndirilir.

 "Al-Arabi al Jadeed" nəşrinin məlumatına görə, Tramp administrasiyası Qəzza sektorunda yeni bir yanaşmaya keçid edəcək.

ABŞ HƏMAS-ın tərksilah tələbindən geri çəkilərək, atəşkəs müqaviləsi bağlandıqdan sonra silahlara nəzarət məsələsini təxirə salmağa hazır olduğunu bildirib. Trampın son addımları Yaxın Şərqdəki siyasətinin istiqamətini açıq şəkildə göstərir.

Hazırda Tramp administrasiyası İsrailə ciddi təzyiq göstərir və HƏMAS-la razılaşmanın prezidentin regiona səfərinə qədər imzalanmasını tələb edir.

İsrail təhlükəsizlik xidməti nümayəndəsinin bildirdiyinə görə, Trampın Yaxın Şərqə səfəri başa çatana qədər Qəzzada hərbi əməliyyatların genişləndirilməsi planları təxirə salınıb. Lakin, səfər bitənədək girovların azad olunması danışıqlarında irəliləyiş əldə edilməzsə, İsrailin genişmiqyaslı hərbi əməliyyata başlayacağı və məqsədlər tam yerinə yetirilməyincə dayandırmayacağı vurğulanıb.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR