İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni binalarda parkinq problemi

Ekspert deyir ki, səbəb şəhərsalma prinsiplərində olan nöqsanlar və tikinti sektorundakı özbaşınalıqdır

Vətəndaşların yaşadıqları binanın yaxınlığında avtomobil saxladıqları üçün Dövlət Yol Polisi (DYP) tərəfindən cərimələnmələri məsələsi gündəmdədir. Nəqliyyat vasitəsi idarə edən şəxslərin avtomobili yaşadıqları binaların həyətlərindən qismən kənarda saxlaya bilməmələri bu və digər formada narazılıq yaradır. Narazılıqlar əsasən müasir binalara aiddir. Paytaxtda yeraltı parkinqlərdə bir avtomobil yerinin qiyməti yerindən asılı olaraq 20000 manatdan başlayaraq, 100000 manata qədər davam edir.

Evlərin qiyməti bahalaşdıqca parkinq yerlərinin qiyməti də bahalaşır. Bina tikilib istismara veriləndən sonra mənzillərdə olduğu kimi həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür. Belə qiymətlər yalnız yüksək gəlirli ailələr üçün əlçatandır, orta və ya aşağı gəlirli vətəndaşlar isə bu yerləri ala bilmir. Alternativ olaraq, parkinq yerini kirayə götürmək də mümkündür, lakin bu da əlverişli deyil. Bir çox binalarda aylıq parkinq kirayəsi 100-200 manat arasında dəyişir. Bu, orta əmək haqqı ilə yaşayan insanlar üçün kifayət qədər ciddi əlavə xərc deməkdir - xüsusilə nəzərə alsaq ki, bu məbləğ mənzil kirayəsi, kommunal xərclər və digər gündəlik xərclərlə yanaşı əlavə yük yaradır. Nəticədə nə baş verir? İnsanlar nə parkinq yeri ala bilir, nə də kirayə edə bilir. Avtomobillərini küçələrdə, yol kənarlarında və binaların ətrafında park etmək məcburiyyətində qalırlar. Bu isə yenə də DYP tərəfindən cərimələnmə ilə nəticələnir. Problemin sosial yönü də budur: vətəndaş həm parkinq yeri almağa, həm kirayə etməyə gücü çatmır, həm də qanunsuz park etməyə görə cərimələnir.

Ekspertlər hesab edir ki, problemin həlli üçün bir sıra tədbirlər görülməlidir. İlk növbədə, yeni binaların tikintisi zamanı minimum parkinq standartları qanunvericiliklə məcburi edilməlidir. Parkinq yerlərinin kommersiya məqsədilə satışı məhdudlaşdırılmalı və əhalinin ehtiyacları nəzərə alınaraq dövlət tərəfindən tənzimlənməlidir. Eyni zamanda dövlət subsidiyaları və ya güzəştli şərtlərlə parkinq proqramları tətbiq edilə bilər. Böyük şəhərlərdə mərtəbəli parkinq binalarının tikintisi təşviq olunmalı, rəqəmsal parkinq sistemləri vasitəsilə boş yerlər daha effektiv şəkildə idarə edilməlidir.

Nəqliyyat problemlərinin tam şəkildə aradan qaldırılması isə yalnız parkinq məsələsinin deyil, bütövlükdə şəhərsalma strategiyasının yenidən düşünülməsini tələb edir.

İctimai nəqliyyatda təhlükəsizliyi təmin etmək dövlət, şirkət və nəzarət  orqanlarının birgə öhdəliyidir”

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında paytaxtda nəqliyyat və parklanma ilə bağlı mövcud vəziyyətin ciddi problemlərə yol açdığını bildirib. Onun sözlərinə görə, bu sahədəki çatışmazlıqlar Bakıda yaşayan insanlar üçün gündəlik həyatın ayrılmaz, lakin ağır bir hissəsinə çevrilib: “Bu, şəhərdə yaşayan insanlar üçün çox ciddi və genişmiqyaslı bir problemdir. Əsasən də tıxacların yaranmasının səbəbləri məhz bu problemdən qaynaqlanır. Şəhərsalma prinsiplərində olan nöqsanlar və tikinti sektorunda müşahidə olunan özbaşınalıqlar bu vəziyyəti doğurur. Halbuki əgər Bakıda şəhərsalma qaydalarına ciddi şəkildə əməl olunsaydı, istər yaşayış binaları, istərsə də ictimai və kommersiya obyektləri inşa olunarkən onların hər biri üçün əhali və istifadəçi sayı ilə uyğun şəkildə parklanma yerləri nəzərdə tutulmalı idi”.

Ekspertin sözlərinə görə, istər yeraltı, istərsə də yerüstü parklanma sahələri bu obyektlərin layihələndirilməsi zamanı vacib element kimi nəzərə alınmalı idi. Lakin reallıqda bu tələblər ya nəzərə alınmır, ya da tamamilə gözardı edilir: "Hazırda şəhərdə parklanma yerləri ilə bağlı tələblərə faktiki olaraq əməl olunmur. Bununla yanaşı, bu tələblərə əməl olunmasına nəzarət edən effektiv bir mexanizm də illərdir yoxdur. Elə hallar olur ki, birbaşa avtomobil yollarının kənarında, hətta üzərində çoxmərtəbəli yaşayış binaları tikilir, lakin həmin obyektlərin heç birində nə parklanma yerləri var, nə də buna uyğun infrastruktur nəzərdə tutulub. Belə olan halda şəhərdə tıxacların olması və ya park problemi artıq təəccüb doğurmamalıdır".

Eldəniz Cəfərov problemin əsas həll yolunun şəhərsalma prosesində ciddi nizam-intizamın yaradılmasından keçdiyini vurğulayıb. O bildirib ki, tikinti sektoruna ciddi nəzarət tətbiq olunmalı, bu sahədə mövcud olan özbaşınalıqların qarşısı alınmalıdır: "Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerləri ilə təmin olunması prosesi dərhal və ciddi şəkildə başlanmalıdır. Bu, yeni ortaya çıxan bir tələb deyil. Bu, illərdir mövcud olan və şəhərsalma qaydalarında əksini tapan bir normadır. Sadəcə olaraq, bu günə qədər bu qaydalara əməl edilməyib və nəzarət mexanizmləri də zəif olub".

Ekspertin fikrincə, müvafiq dövlət qurumları bütün tikinti obyektlərinə baş çəkməli, onların nəzdində parklanma yerlərinin olub-olmadığını yoxlamalı, əgər yoxdursa, həmin obyektlərə qarşı konkret tələblər irəli sürməlidir: "Bu gün tikilən hər bir obyekt - fərqi yoxdur yaşayış binasıdır, ticarət mərkəzidir, ofis binasıdır - onların hamısında müəyyən sayda insanın işləyəcəyi və ya yaşayacağı nəzərə alınaraq müvafiq parklanma sahələri ayrılmalıdır. Əks halda, nə tıxac problemini, nə də şəhər mühitində yaranan gərginliyi aradan qaldırmaq mümkün olmayacaq".

Cəfərov əlavə edib ki, problemin kökündən həlli yalnız planlı və sistemli yanaşma ilə mümkündür: “Şəhərsalma prinsiplərində ciddi intizam yaradılmadan, bu sahədəki pozuntular aradan qaldırılmadan biz bu problemlərin öhdəsindən gələ bilməyəcəyik. Nizam-intizam təmin olunmalı, hüquqi tələblər icra olunmalı, hər kəs bu qaydalara əməl etməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR