İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Baş Planının icrası başlayır

Strategiya iki əsas məqsədə nail olmağı hədəfləyir: paytaxtın mərkəzinin yüklənmədən azad olunması və şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması

“Azərbaycanın müasir planlaşdırma fəlsəfəsinin parlaq nümunələrindən biri hazırda tarixi transformasiyadan keçən Bakının Baş Planıdır”. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

O qeyd edib ki, bu plan insan yönümlü inkişaf, dayanıqlılıq və davamlılıq prinsiplərinə əsaslanır. Komitə sədrinin dediyinə görə, Bakı Baş Planının ən mühüm yeniliklərindən biri polisentrləşmiş inkişaf modelinin tətbiqidir. Yəni bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, paytaxtın müxtəlif hissələrində özünəməxsus xarakterə, infrastruktur və iqtisadi funksiyaya malik bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi yaradılır: “Bu gün Azərbaycan münaqişədən sonrakı bərpa modelini qürurla təqdim edir - bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində həm şəhər, həm də kənd yaşayış məntəqələri üçün genişmiqyaslı baş planlar hazırlanıb və bu ərazilərdə iddialı bərpa işləri aparılır. Bu planlar sadəcə texniki sənədlər deyil - onlar insanların həyatının yenidən qurulması və dolanışığının bərpası üçün yol xəritəsidir.

Köçkünlər artıq yenidən dirçəlmiş şəhər, qəsəbə və kəndlərinə qayıdır, yaşayır, işləyir və təhsil alırlar. Bu nailiyyətlər təkcə bölgənin fiziki bərpasını deyil, həm də icmaların möhkəmliyini və ölkənin inklüziv, davamlı bərpaya sadiqliyini nümayiş etdirir".

Qeyd edək ki, Bakıda komitə sədrinin dediyi çoxmərkəzli inkişaf strategiyası Baş Planda əksini tapıb. Strategiya iki əsas məqsədə nail olmağı hədəfləyir: Mərkəzi Bakının yüklənmədən azad olunması; Şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, mənzil fondunun müasirləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi.

2019-cu ildən hazır olduğu bildirilən, lakin ötən il ictimaiyyətə təqdim edilən sənəddə qeyd olunur ki, hazırda Bakıda şəhər xidmətlərinin - təhsil, səhiyyə, ictimai iaşə, idman, əyləncə, mədəni, turizm, inzibati-hüquqi, rabitə və sair xidmətlər - əksəriyyəti Bakı şəhərinin mərkəzi hissəsində cəmlənib.

Şəhərətrafı yaşayış məntəqələrində bu xidmətlərlə təminat səviyyəsi aşağı olduğuna görə mərkəzdən kənarda yerləşən ərazilərin yaşayış baxımından cəlbediciliyi nisbətən aşağıdır. Planda bildirilir ki, bu problemin həlli üçün Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur: “Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur.

Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək".

Baş Plana əsasən mərkəzlər üç kateqoriyaya bölünüb:

- Əsas şəhər mərkəzi (Mərkəzi Bakı) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək;

- Regional Mərkəzlər Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional mərkəzlərin mövcud/planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur;

- Alt-mərkəzlər Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu ərazilər və əsas şəhər mərkəzi arasında əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.

Çoxmərkəzli inkişaf konsepsiyası müəyyən olunmuş mərkəzlərin “eynitipli inkişaf etdirilməsi” məqsədi daşımır. Əksinə, konsepsiyaya əsasən, mərkəzlərin şəhər xüsusiyyətlərinin qorunması, lakin eyni zamanda həmin mərkəzlərin nəzərdə tutulan əhatə dairəsi daxilində mənzil fondu və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması və bununla öz tələbatlarını yerli səviyyədə ödəyə bilən ərazinin formalaşdırılması nəzərdə tutulur.

Baş Planda qeyd olunur ki, Əsas Şəhər Mərkəzi (Mərkəzi Bakı) Bakı şəhərinin altı inzibati rayonunu (Səbayel, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai) və Qaraçuxur qəsəbəsinin ərazisini əhatə edir. Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir. Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır. Həmçinin qəsəbə topoqrafik məhdudiyyətlərə görə şərq və cənub hissəyə bölündüyü üçün Mərkəzi Bakı ilə funksional əlaqələr üstünlük təşkil edir.

Şəhər ərazisində iki regional mərkəzin yaradılması nəzərdə tutulur:

Mərdəkan - Bakının şərqində yerləşən qəsəbə özünün kənd tipli məntəqə xarakterini qoruyub saxlayacaq. Fərdi evlər olan orta sıxlıqlı ərazilərdəki boş torpaq sahələri nöqtəvi inkişaf konsepsiyası əsasında inkişaf etdiriləcək;

Ələt - Bakının cənub hissəsində Azad İqtisadi Zona ətrafında yaranacaq yüksək sıxlıqlı yaşayış ərazilərindən ibarət yeni iqtisadi mərkəz olacaq.

Bunlardan əlavə, şəhər ərazisində 4 altmərkəzin yaradılması planlaşdırılır:

Zığ və Hövsan - Bakının şərqində şəhər qapısı rolu oynayan, orta sıxlıqlı yaşayış məhəllələri, sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Hazırda iki yaşayış məntəqəsindən heç biri mərkəz kimi çıxış etmək potensialına malik deyil, lakin iki sahilyanı qəsəbənin birgə inkişafı olduqca perspektivli görünür;

Sabunçu - çoxfunksiyalı (qarışıq-istifadə təyinatlı) yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi nəzərdə tutulur. Sabunçu güclü ictimai nəqliyyat əlaqəsinə və əhatə dairəsi hazırda 0,38 milyon nəfər olan xidmət şəbəkəsinə sahibdir;

Binəqədi - şimal qapısı rolunu oynayan, orta sıxlıqlı yaşayış ərazilərindən ibarət mərkəz kimi inkişaf etdiriləcək. Binəqədi alt-mərkəzi şəhərin şimalında Böyükşor gölünün bərpa planı çərçivəsində yaradılan istirahət imkanlarından istifadə etmək imkanı əldə edəcək;

Lökbatan - şəhərin qərb qapısı rolunu oynayan, şərq hissə boyu yaşıl zolağın bir hissəsini təşkil edən logistika (son təyinat mərkəzinə çatdırılma) və istehsal mərkəzi kimi inkişaf etdiriləcək.

Qeyd edək ki, Baş Planın icrasına 2040-cı ilə qədər 94 milyard manat sərf olunması nəzərdə tutulur. Əsas Şəhər Mərkəzinin plana uyğun formalaşdırılması istiqamətində işlər əslində çoxdan başlanıb: Qış bulvarının yaradılması ilə. Keçmiş Sovetski və digər ona bitişik ərazilərdə aparılan işlər planın icrası çərçivəsində icra olunur.

Bakıda yaradılması nəzərdə tutulan iki regional mərkəzdən birində - Ələtdə də işlər on ildən çoxdur aparılır, mühüm iqtisadi layihələr icra olunur. Bura Ələt Beynəlxalq dəniz limanı, Ələt Azad İqtisadi Zonası kimi layihələr aiddir. Ələtin daha çox sənaye zonası kimi inkişaf etdirilməsi planlaşdırılır.

Altmərkəzlərdən birinin yaradılması istiqamətində də bir sıra addımlar atılıb. Söhbət Sabunçudan gedir - Böyükşor gölünün yarısının təmizlənməsi (Baş Planda şəhərdəki göllərin bərpasına xüsusi diqqət yetirilib), Olimpiya stadionu, Olimpiya kəndinin tikintisi artıq başa çatdırılıb. Növbəti mərhələ Böyükşor gölündən Dərnəgül istiqamətindəki ərazilərin boşaldılmasıdır. Bununla bağlı sentyabrda Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin rəhbəri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, sənəd irimiqyaslı “Şəhərdaxili şəhər” layihəsinin həyata keçirilməsini nəzərdə tutur. Bir neçə milyard dollarlıq investisiyaları nəzərdə tutan saziş Böyükşor gölünün ətrafında səhiyyə, ticarət, təhsil və mehmanxana infrastrukturu ilə tamamlanan müasir sahil zonasının yaradılmasını nəzərdə tutur.

Baş Planın həyata keçirilməsinə 2040-cı ilədək 94 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur. Aydın məsələdir ki, bu vəsaitin dövlət hesabına təmin olunması mümkün deyil. Xüsusilə əsas gəlir mənbəyi olan neftin hasilatının və qiymətinin azalması şəraitində dövlətin xərclərinin mümkün qədər azalacağı gözlənilir. Sabunçuda başladılan proses planın icrasına xarici özəl şirkətlərin cəlb olunmasına başlandığını göstərir. Ərəb şirkəti ilə sazişin detalları açıqlanmasa da, burada söhbətin dövlət-özəl tərəfdaşlığından getdiyi görünür. Böyük ehtimal, dövlət müvafiq ərazilərin ayrılması, kommunal infrastrukturla təminatını öz üzərinə götürəcək, qalan işləri özəl tərəfdaş icra edəcək. Belə tərəfdaşlıq dəyəri 5 milyard dollara yaxın hesablanan layihənin icrasını daha real edir, eyni zamanda xərcləmələrdə real məsrəflərdən kənara çıxılmayacağının zəmanətinə çevrilir. Çünki özəl şirkət hər hansı layihəyə yalnız gəlir əldə etmək imkanı baxımından vəsait yatırır. O, öz vəsaitlərini xərcləyir, əvəzində gəlir götürmək niyyətilə. Buna görə də hansısa xərclərin şişirdilməsi, əlavə vəsait xərclənməsi ona sərf etmir.

Bakının Baş Planının digər bəndlərinin icrasına da özəl şirkətlər cəlb olunarsa, daha uğurlu və daha keyfiyyətli nəticələr əldə edilə bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR