İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Mask arasında GƏRGİNLİK: Müttəfiqlər düşmənə ÇEVRİLİR

ABŞ prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında münasibətlər gərginləşib.

Musavat.com xəbər verir ki, "The Wall Street Journal"ın mənbələrə istinadən yazdığına görə, iki nüfuzlu şəxs arasındakı gərginlik Ağ Evin Maskın müttəfiqinin NASA rəhbəri postuna namizədliyini geri çəkməsindən sonra daha da artıb.

Qəzet qeyd edir ki, Tramp Maskın onun genişmiqyaslı vergi və xərclər qanun layihəsinə (One Big Beautiful Bill) yönəlik tənqidlərinə görə səbirini itirir. Nəşrə danışan mənbə bildirib ki, prezident iş adamı ilə sıx əməkdaşlığa baxmayaraq, onun sərt bəyanatlarının səbəbini anlaya bilməyib. Trampın baş müşavirləri də Maskın qanun layihəsi ilə bağlı son açıqlamalarından sonra çaşqınlıq içində qalıblar.

Öz növbəsində, Mask Trampın milyarder Cared Ayzekmanı NASA rəhbəri təyin etməməsindən narazıdır. WSJ-nin mənbələrinin sözlərinə görə, Mask yaxın çevrəsinə Trampın seçki kampaniyasına yüz milyonlarla dollar ianə etdiyini, amma buna baxmayaraq belə bir addım atıldığını deyərək şikayətlənib. Qəzetə danışan mənbələr bildiriblər ki, NASA rəhbərliyi ilə bağlı yaşanan bu hadisə Maskı dərin məyusluğa uğradıb və məhz bu səbəbdən o, Trampın vergi qanun layihəsini bu qədər sərt tənqid etməyə başlayıb.

Tramp və Maskın münasibətlərinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verən Ağ Evdəki mənbə bildirib ki, bu barədə danışmaq hələ tezdir: "Prezident mərhəmətli ola bilər, amma belə inciklikləri unutmur".

"Axios"un yazdığına görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampın Maskdan narazı olduğunu və "İlonun mövqeyini 180 dərəcə dəyişməsindən heyrətə gəldiyini" konqres üzvlərinə qapalı iclasda bildirib. Maskın tənqidlərindən sonra Respublikaçılar Partiyasında da onun ünvanına sərt ifadələr işlədilib.

Nümayəndələr Palatasının adı açıqlanmayan respublikaçı üzvlərindən biri milyarder haqqında belə deyib: "O, tam bir gülünc fiqurdur. Nə etdiyinin fərqində belə deyil".

Başqa bir konqresmen isə Maskın bəyanatlarına fikir vermədiyini, onun seçilmədiyini, sadəcə prezidentin istəyi ilə orada olduğunu bildirib. "Mən bilirdim ki, bu iki alfa-kişi arasında gec-tez qarşıdurma yaşanacaq", – deyə Palatanın daha bir üzvü qeyd edib.

Qeyd edək ki, Trampın iqtisadi qanun layihəsi onun seçkiqabağı vədlərinin həyata keçirilməsinə yönəlib. Sənəd 2017-ci ildə tətbiq olunan vergi güzəştlərini uzadır, dövlət borcunun yuxarı həddini 4 trilyon dollara qədər artırır. Bununla yanaşı, layihə "Medicaid" kimi sosial təminat proqramlarına ayrılan xərcləri azaldır. May ayında qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul edilib və hazırda Senatda müzakirə olunur.

İlon Mask bu qanun layihəsini tənqid edib. O, xəbərdarlıq edib ki, bu qanun layihəsi artıq mövcud olan nəhəng büdcə kəsirini 2,5 trilyon dollara çatdıracaq və Amerika vətəndaşlarını dözülməz bir borc yükü ilə üz-üzə qoyacaq.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR