Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Co Bayden ötən ilin aprelində ölkədə “TikTok”u qadağan edən sənəd imzalamışdı. Bu sənədə əsasən, yaxın 9 ay ərzində sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” platformanı satmasa, sosial şəbəkənin ABŞ ərazisində istifadəsi qadağan olunacaq. Çinlilər 9 ay ərzində vəziyyətin dəyişəcəyinə ümidli idilər. Ancaq müddətin bitməsinə bir neçə gün qalıb. “TikTok”un rəhbəri Şou Tzu Çyu Baydenin imzaladığı sənədi şərh edərkən problemi həll edəcəklərini bildirmişdi. Ancaq irəliləyiş yoxdur və ABŞ ərazisində sosial platformanın qapadılması ehtimalı artıb”.
Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
O vurğulayıb ki, amerikalı gənclər “TikTok”u Çinin digər platformaları olan “Lemon8” və “RedNote”la əvəz etməyə başlayıblar:
“Dəyəri 17 milyard dollar olan “RedNote” istifadəçilərə fotoşəkillər, videolar və mətnlər yerləşdirməyə imkan verir. Böyük Britaniyanın “The Guardian” nəşrində yayımlanan məqalədə cəmi iki gün ərzində 700 mindən çox istifadəçinin fərqli platformalara qoşulduğu yazılıb. ABŞ-da “RedNote” platformasının yüklənməsi bu həftə illik müqayisədə 200 faizdən də çox, əvvəlki həftə ilə müqayisədə isə 194 faiz artıb. “Lemon8”də isə dekabr ayında yükləmələr 190 faiz artaraq 3,4 milyona çatıb. Ancaq ekspertlərin sözlərinə görə, bu platformalar da ABŞ ərazisində qapadıla bilər. “TikTok” mübarizəni davam etdirir və qadağanın qeyri-qanuni olması barədə Amerika məhkəməsinə müraciət edib”.
Elxan Şahinoğlunun fikrincə, Vaşinqton başqa dövlətin sosial platformasının ABŞ ərazisində istifadə olunmasını istəmir:
“Bunu təhlükəsizlik amili ilə izah edirlər. Bir qrup amerikalı konqresmen “TikTok”a Çin Kommunist Partiyasının nəzarət etdiyi qənəatindədir. Onlar hesab edirlər ki, “TikTok”un Çindəki əməkdaşları “sosialist sistemi” dəstəklədikləri barədə and içməyə məcbur ediliblər. “TikTok” rəhbərliyi bu iddiaları rədd edib.
Beləliklə, ABŞ-də “TikTok”la bağlı problem ciddidir və Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra bu məsələnin həlliylə də məşğul olmalıdır. “Bloomberg” agentliyinin məlumatına görə, Çin “TikTok”un Amerika bölməsini Trampın yaxın dostu İlon Maska satmağı planlaşdırır. Belə olarsa, Tramp “TikTok”u qapatmaq ideyasından daşına bilər. Məlumdur ki, Donald Trampın özü “Facebook” və “X” sosial şəbəkələrinin sərbəst fəaliyyətinin tərəfdarıdır. Çünki bu sosial şəbəklərinin rəhbərləri onun siyasətini dəstəkləyirlər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ