Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Donald Tramp ölkəsinin xərclərini deyil, gəlirlərini artırmağı qarşısına məqsəd qoyub. Ağ Ev sahibinin müxtəlif ölkələrin şirkətlərinə çağırışı bu şəkildədir: “Məhsullarınıza yüksək rüsumların tətbiqini istəmirsinizsə, istehsal sahələrinizi və investisiyalarınızı ABŞ-a yönəldin”. Tramp bu çağırışının ilk bəhrələrini görməyə başlayıb”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Tayvanın TSMC şirkəti ABŞ-da çip istehsalı məqsədilə bu ölkəyə 100 milyard dollar yatırım qoymağı planlaşdırır:
“Bu haqda dünyada ən böyük çip istehsalını həyata keçirən şirkətin rəhbəri Çe Çia Vey və ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bəyan ediblər. Bununla Ağ Ev sahibi Amerikaya milyardlarla dollar yatırım cəlb etdiyini əyani göstərib. TSMC dünyada çip istehsal edən ən böyük şirkətdir. Bu şirkətin çipləri avtomobil və bilgisayarlarla yanaşı hərbi-sənayedə və qırıcı təyyarələrin istehsalında istifadə edilir.
Tayvan şirkəti ABŞ-ın Arizona ştatında 5 zavod inşa edəcək, bunlardan üçü birbaşa çip istehsalı ilə məşğul olacaq. Bundan başqa Arizonada çip istehsalı ilə bağlı böyük araşdırma mərkəzi inşa ediləcək. Mütəxəssislərinə qənaətinə görə, şirkət həmin zavodları Tayvanda inşa etsəydi, bu daha ucuz başa gələrdi. ABŞ-da inşa işləri şirkətin xərclərini 10 dəfəyə qədər artıracaq. Tayvan şirkətinin ABŞ-da çip istehsalının özü də 30 faiz baha başa gələcək. Belədirsə, Tayvan şirkətini ABŞ-da zavodlar tikməyə nə məcbur edib? Görünür, burada əsas amil siyasəsidir.
Çin Tayvanı ələ keçirməyə çalışır. Tayvanın əsas dayağı ABŞ-dır. Yalnız Amerika Birləşmiş Ştatları Tayvanın təhlükəsizliyinə təminat verə bilər. Ancaq Donald Tramp müharibələrdə maraqlı deyil, onun əsas diqqəti ölkəsinə gəlir gətirməkdir. Ağ Ev sahibi gəlir gətirən sahələrin və ölkələrin təhlükəsizliyinə təminat verməyə hazırdır. Tayvan ABŞ-a yüz milyardlarla dollar yatırım qoyacaqsa, Donald Tramp istər-istəməz adanın təhlükəsizliyinə cavabdehlik daşımalıdır.
Buna baxmayaraq, Tayvan şirkətinin ABŞ-da çalışmaları problemlərlə üzləşib. Tayvan şirkəti həmin zavodları inşa etmək üçün 500-ə yaxın işçisini ABŞ-a gətirmək istəyib. Şirkət rəhbərliyinin iddiasına görə, ABŞ-da bu sahədə mütəxəssis yoxdur. Ancaq ABŞ-dakı həmkarlar ittifaqları buna etiraz ediblər. Tayvan şirkətinin ABŞ-da zavodlar inşa etməsi Pekinin də narahatlığına səbəb olub. Çünki Çin nə vaxtsa Tayvan adasına nəzarəti ələ keçirsə, çip zavodları onun nəzarətində keçəcək. Ona görə Pekin istəmir ki, Tayvanın çip istehsalı ABŞ-a köçürülsün.
Tayvan şirkətinin yatırımlarına baxmayaraq, ABŞ-ın özündə də çip istehsalını gücləndirmək istəyirlər. ABŞ-ın keçmiş prezidenti Co Bayden də bu siyasətə üstünlük verirdi. Çip istehsalı ABŞ üçün həyati əhəmiyyət daşıyır.
Çip istehsalı ilə ABŞ-ın Intel şirkəti məşğuldur. Ancaq bu şirkət son illərdə problemlərlə üzləşib. Şirkət Almaniya, Polşa və Malayziyada zavod inşası planlarından imtina edib. Maraqlıdır ki, “Intel” şirkəti çip istehsalı üçün bəzi komponentləri elə həmin TSCM şirkətindən alır. Odur ki, “Intel” şirkətinin Tayvanın TSCM şirkəti tərəfindən alınacağı proqnozlaşdırılır”.
Xalidə Gəray
Musavat.com
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ