Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna savaşının dayandırılması istiqamətində hələlik mümkün qədər qərarlı görüntü verməyə çalışır. Belə ki, Ağ Ev sahibinin bu problemi tez-tələsik həll etmək cəhdləri qabarıq şəkildə diqqəti çəkir. Böyük ehtimalla Ağ Evdə Ukrayna savaşı ABŞ-ın strateji hədəfləri qarşısında əsas əngəllərdən biri hesab olunur. Və bu səbəbdən də, Tramp adminstrasiyasının Ukrayna savaşının nəticələrini ABŞ-ın qlobal maraqlarına uyğun yekunlaşdırılması ilə bağlı xüsusi planın olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyasını Ukraynanın gələcək taleyinin qətiyyən narahat etmədiyi də inkaredilməz reallıqdır. İndi Ağ Ev bu problemin həllinə Avropa Birliyi və Rusiyanı qarşı-qarşıya gətirmək şansı kimi yanaşılır. Yəni, Ukrayna savaşından çıxmış Rusiyaya Avropa Birliyinə hərbi təhdid yaratmaq öhdəliyi yüklənməkdə olduğu müşahidə edilir. Çünki bu halda, Rusiya xofu Avropa Birliyini təhlükəsizlik naminə Ağ Evdən gələcək təlimatlara uymaq məcburiyyətində buraxa bilər. Və bu, Avropa Birliyinin öz iqtisadi-ticari, eləcə də, hərbi-siyasi fəaliyyətini məhz ABŞ-ın nəzarəti altına verməsi ehtimalını reallığa çevirə biləcək faktordur.
Təbii ki, burada əsas məqsəd Avropa Birliyini küncə sıxışdırıb, ABŞ-ın iqtisadi-siyasi müstəmləkəsinə çevirməkdən ibarətdir. Çünki Ağ Ev Avropa Birliyinin Çinin ən önəmli ticarət tərəfdaşı olduğunu anlayır. Bu tərəfdaşlığın tamamilə ləğv edilməsi Çinin ən önəmli qlobal maliyyə-iqtisadi gəlir qaynağının qapadılması anlamı daşımış olacaq. Ona görə də, Ukrayna savaşının dayandırılmasında Tramp adminstrasiyasının əsas strateji hədəfinin məhz Çin olduğu artıq tədricən aydınlaşdırmağa başlayıb. Və Ağ Ev mümkün qədər tez bir zamanda növbəti strateji mərhələyə - Çinlə hesablaşma dönəminə keçid etməyə can atır.
Məsələ ondadır ki, Çin üzərində həlledici qələbə ABŞ-ın dünya hegemonluğunu təmin edə bilər. Son illərdə ABŞ bəzi strateji sahələrdə üstünlüyü Çinə vermiş kimi görünür və indi Tramp adminstrasiyası həm iqtisadi-ticari, həm də hərbi-siyasi balansı bərpa etmək niyyətindədir. Tramp adminstrasiyası ilk növbədə Çinə qarşı yeni ticari tariflər tətbiq etməklə, ABS-da istehsalı gücləndirmək və öz əsas qlobal rəqibindən indiki asılılığını azaltmaq məqsədi daşıyır.
Digər tərəfdən, Ağ Ev Çinin qlobal nüfuzunu məhdudlaşdırmaq – rəsmi Pekinin Asiya, Afrika və Latın Amerikasındakı iqtisadi və siyasi təsirini azaltmaq üçün beynəlxalq alyansları gücləndirməyə çalışır. Və eyni zamanda, rəsmi Pekinin ABŞ biznes məkanına təsirini azaltmaq, yəni, Çin şirkətlərinin ölkədə fəaliyyətini çətinləşdirmək, bəzi sahələrə investisiyaları məhdudlaşdırmaq niyyətindədir.
Bütün bunları nəzərə aldıqda, Tramp adminstrasiyasının Çin siyasətinin sərt proteksionist və milli təhlükəsizlik əsaslı yanaşmaya söykəndiyi qətiyyən şübhə doğurmur. Ona görə də, yaxın gələcəkdə intensivləşəcəyi gözlənilən ABŞ-Çin qarşıdurması qlobal miqyasda bir çox mühüm nəticələrə səbəb ola bilər. İlk növbədə ABŞ və Çin arasında tariflərin və sanksiyaların artması ilə müşayiət oluna biləcək ticarət müharibəsinin qlobal ticari zəncirləri pozaraq, iqtisadi böhran yarada biləcəyi istisna deyil. Və rəsmi Pekin özünü qorumaq üçün dollara alternativ axtarışlarına məcbur olarsa, bu, beynəlxalq maliyyə sistemində köklü dəyişikliklərə yol aça bilər.
Təbii ki, Tramp adminstrasiyasının qarşıya qoyduğu bu strateji hədəflər dünyada yeni soyuq müharibə dövrünə şərait yaratmaq deməkdir. Çünki ABŞ və Çin arasında qarşıdurma dərinləşdikcə, ölkələr öz təsir dairələrini genişləndirmək üçün yeni tərəfdaşlıqlara cəhd göstərəcəklər və nəticədə dünya yenidən ikiqütblü sistemə keçmiş olacaq. Bu proseslər hətta Tayvan böhranını və Cənubi Çin dənizi ətrafındakı mübahisələri hərbi toqquşmalara da çevirə bilər. Və ABŞ öz müttəfiqləri ilə Çinin müqavimət məqsədli hərbi təzyiq manevrlərinə qarşılıq vermək niyyətinə düşərsə, bu, qlobal müharibə riskini də artırar.
Bütün bunlar onu göstərir ki, rəsmi Pekinin alternativ reaksiya mexanizmləri istənilən halda, mövcuddur. Yəni, rəsmi Pekinin Tramp adminstrasiyasının Çini zəiflətmək planlarına sadəcə, seyirçi qalacağını düşünmək sadəlövhlük olardı. Rəsmi Pekin Ağ Evin qurduğu iqtisadi-ticari oyunlara BRICS-in güclənməsi ilə cavab vermək imkanına da malikdir. Yəni, Çin ABŞ-ın təsir və təzyiqlərindən yayınmaq üçün Rusiya, Hindistan, Braziliya və Cənubi Afrikanın daxil olduğu BRICS-i alternativ iqtisadi-ticari müqavimət çevirmə şansını qoruyur. Və Ağ Evin Ukrayna savaşının dayandırılması prosesində böyük güzəştlərlə Rusiyanı Çindən uzaqlaşma öhdəliyi altında buraxmağa cəhd göstərməsinin əsas səbəbi də məhz bu önəmli məqamla bağlıdır.
Göründüyü kimi, Tramp adminstrasiyasının hazırda israrla can atdığı ABŞ-Çin qarşıdurması qlobal iqtisadiyyata, təhlükəsizliyə və beynəlxalq münasibətlərə dağıdıcı təsir göstərə bilər. Əgər, bu qarşıdurma nəzarətdən çıxarsa, uzunmüddətli ticarət müharibəsinin növbəti mərhələdə ümumiyyətlə, qlobal savaşa da yol aça biləcəyi qətiyyən istisna deyil. Bu, o deməkdir ki, prezident Donald Trampın Ukrayna böhranını həll etməklə, yeni dünya müharibəsinin qarşısını almağa cəhd göstərdiyini iddia etməsi, əslində, reallığı əks etdirmir. Və Ağ Ev sahibi Çinlə hesablaşmaq cəhdi ilə indi dünyanı daha dağıdıcı fəlakətə yaxınlaşdıra biləcək avantürist hədəflərə can atmış kimi görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ