Onlayn ictimai-siyasi qəzet
Musavat.com -un da xəbər verdiyi kimi, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.
Ağ Evin mətbuat katibi Karolin Livittin yaydığı rəsmi açıqlamada bildirilir ki, iki lider əsasən Ukrayna müharibəsinin dayandırılması və sülh prosesinin başlanması barədə müzakirələr aparıblar.
Məlumata görə, Tramp və Putin Ukraynada müharibənin dayandırılmasının və uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar. Hər iki lider Rusiya və ABŞ arasındakı ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, həm Ukraynanın, həm də Rusiyanın bu müharibəyə xərclədiyi qan və sərvət öz xalqlarının ehtiyaclarına yönəldilməlidir.
Açıqlamada qeyd olunur ki, münaqişə heç vaxt başlamamalı və çoxdan səmimi və xoşniyyətli sülh səyləri ilə başa çatmalı idi. Liderlər sülhə doğru addımların enerji və infrastruktur atəşkəsi ilə başlanacağını razılaşdırıblar. Bundan əlavə, Qara dənizdə dəniz atəşkəsinin tətbiqi, tam atəşkəs və daimi sülhün təmin edilməsi üçün texniki danışıqların aparılacağı bildirilib. Bu danışıqların dərhal Yaxın Şərqdə başlanacağı vurğulanıb.
Tramp və Putin Yaxın Şərqi potensial əməkdaşlıq regionu kimi müzakirə ediblər. Onlar strateji silahların yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb və bu məsələdə digər ölkələrlə əməkdaşlıq edəcəklərini bildiriblər. Eyni zamanda, hər iki lider İranın heç vaxt İsraili məhv edəcək vəziyyətdə olmamalı olduğu fikrini bölüşüblər.
ABŞ və Rusiya prezidentləri gələcəkdə iki ölkə arasında daha yaxşı münasibətlərin böyük iqtisadi faydalar və geosiyasi sabitlik gətirəcəyini bildiriblər. Sülh təmin edildikdən sonra böyük iqtisadi razılaşmaların və beynəlxalq stabilliyin əldə olunacağı qeyd olunub.
Bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da xüsusu açıqlama yayıb. Musavat.com həmin açıqlamanın məzmununu təüdim edir. Trampın sözlərinə görə, söhbət “çox yaxşı və məhsuldar” olub.
“Biz bütün enerji və infrastruktur məsələlərində dərhal atəşkəs barədə razılığa gəldik və bu məsələdə sürətlə irəliləyərək tam atəşkəsə və nəhayət, Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibənin bitməsinə nail olmağa çalışacağıq. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı!” – Tramp bildirib.
ABŞ lideri sülh müqaviləsinin bir çox aspektlərinin müzakirə olunduğunu və minlərlə hərbçinin həyatını itirdiyini vurğulayıb. Trampın sözlərinə görə, həm Vladimir Putin, həm də Volodimir Zelenski müharibənin sona çatmasını istəyir və bu proses hazırda tam sürətlə davam edir.
“Ümid edirəm ki, insanlıq naminə biz bu işi başa çatdıracağıq!” – deyə Tramp əlavə edib.
Musavat.com
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ