Onlayn ictimai-siyasi qəzet
Kanadanın Ontario əyalətinin qubernatoru Duq Ford ABŞ-ın Minnesota, Miçiqan və Nyu-York ştatlarına verilən elektrik enerjisinə 25 faiz tarif elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ford bu addımın Donald Trampın Kanadadan idxala əlavə rüsum tətbiqinə cavab olaraq atdığını deyib:
"ABŞ tarifləri ləğv olunana, bu tariflərin təhlükəsi tamamən aradan qalxana qədər Ontario geri çəkilməyəcək".
Ford əlavə edib ki, ona həvalə edilmiş region ABŞ-a “maksimum təzyiq” göstərməyə davam edəcək. Ontarionun tədbiri ABŞ-ın üç ştatında təxminən 1,5 milyon ev təsərrüfatı və digər qurumlara təsir edəcək.
Tramp isə əyalətin addımına özünün Truth Social sosial şəbəkəsində əsəbi cavab verib, bildirib ki, ABŞ-ın Kanada avtomobillərinə, enerji və taxta materiallarına ehtiyacı yoxdur və Kanadadan gələn bütün mallara aprelin 2-dən etibarən 25 faiz Amerika tarifləri tətbiq ediləcək: "Kanadanın tarifləri var, həmişə belədir, amma Birləşmiş Ştatlar daha Kanadaya subsidiya vermək fikrində deyil. Biz sizin avtomobillərinizi, ağaclarınızı, enerjinizi istəmirik və siz bunu tezliklə öyrənəcəksiniz. Amerikanı yenidən möhtəşəm edəcəyik".
Tramp Kanadanın əvvəldən ABŞ məhsullarına yüksək rüsum təyin etdiyini bildirir: "Kanada bir çox kənd təsərrüfatı məhsullarımıza 250 faizdən 390 faizə qədər tariflər tətbiq edirdi, indi də Ontario elektrik enerjisinə 25 faiz tarif elan etdi. Bizim tariflərimiz qarşılıqlı olduğundan, sadəcə olaraq, aprelin 2-də hər şeyi geri qaytaracağıq".
Qeyd edək ki, Kanada ABŞ-ın əsas enerji təchizatçısıdır. 2024-cü ildə ABŞ-ın neft idxalının təxminən 60 faizini (gündə təxminən 3,8 milyon barel), təbii qaz idxalının 80 faizini (təxminən 65 milyard kubmetr) və elektrik enerjisinin əhəmiyyətli hissəsini - 40 teravatt-saat təmin edib ki, bu da ABŞ-ın ümumi istehlakının təxminən 1faizini təşkil edib.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ