Onlayn ictimai-siyasi qəzet
Azərbaycan cəmiyyətində yas mərasimləri uzun illərdir ki, həm dini, həm də milli adət-ənənələrin ayrılmaz hissəsi kimi qəbul olunur. Lakin bu mərasimlərin keçmişlə müqayisədə indi daha çox sosial göstəriş, israfçılıq və süni rəqabət müstəvisinə keçməsi çox böyük neqativ mənzərə yaradır.
Kədərini yaşamaq istəyən, yaxınını itirmiş insanlar yas mərasiminin maddi sıxıntısının yükü altında əzilir. Ən acınacaqlısı isə odur ki, yaxınını itirən şəxs ehsan vermək üçün borc alır və ya kredit götürür. Hətta iş o yerə gəlib çatıb ki, bəzi insanlar yas yerində verilən yeməklərin keyfiyyəti barədə müzakirələr aparmağa başlayıblar. Halbuki yas mərasimlərinin məqsədi mərhumun ruhuna sayğı göstərmək və ailəyə mənəvi dəstək vermək olmalıdır.
Mövzu ilə bağlı Musavat.com-a danışan Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, xalqımız təmtəraqı sevir və imkanlarından asılı olmayaraq, borca-xərcə girərək, başqalarını razı salmağa çalışır. Bu isə cəmiyyət üçün problemlər yaradır:
"Bu, düzgün yanaşma deyil. Dövlət tərəfindən bu məsələyə nizam gətirilməlidir. Hələ sovet dövründən ziyalılarımız bu problemə toxunub, çıxış yolları axtarıblar. O zaman toyxana mafiyasının da qarşısını almaq üçün köhnə Bakı çadırlarına qayıtmaq istəmişdilər. Amma zamanla həmin çadırlara elə bəzəklər vuruldu ki, qiyməti restoranlardan fərqlənmədi.
Yasda ehsan verilməsi məsələsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi müdaxilə etməli, ümummilli yanaşma formalaşdırılmalıdır.
İnsanlar dolanışıqdan şikayətlənsələr də, yas mərasimlərində özlərini düşünmədən, başqalarının könlünü almaq üçün dəridən-qabıqdan çıxırlar. Hər kəs ayağını yorğanına görə uzatmalıdır".
Xalq şairi əlavə edib ki, yas mərasimlərində israfçılığın qarşısını almaq üçün ənənələrdə də müəyyən dəyişikliklər edilməlidir. Onun fikrincə, artıq bir çox yerdə 3 və 7 mərasimlərinin birləşdirilməsi müsbət addımdır:
"40 mərasimində isə yalnız uzaqdan gələn qonaqlara yemək verilməsi kifayətdir. Yas yiyəsi sırf milləti razı salmaq üçün maddi və mənəvi sıxıntı keçirməməlidir. Bu, nə ölüyə xeyirdir, nə də diriyə".
Sultan Məmmədli
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ