İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy karvanlarına MƏHDUDİYYƏT... - Çağırış edildi!

Ekspert: “İctimai qınaqla qarşılanmalı və məhdudlaşdırılmalıdır”

Uzun illərdir müşahidə edirik ki, toy karvanlarında emosiyalar yüksəlir, sürət yarışı təşkil olunur və bədbəxt hadisələr baş verir. Paytaxtda həmçinin bu karvanlar onsuz da tıxaclı olan yolları iflic edirlər, polisin işini də çətinləşdirirlər. Toy sahibləri, ağsaqqallar bu prosesi tənzimləyə bilmir. Sentyabrın 24-də toy karvanında ötüşmə düz 5 nəfərin həyatına son qoyub. 

Elşad Məmmədli 

“Yeni Müsavat” Media Qrupun redaktoru, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri Elşad Məmmədli bununla bağlı çağırış edərək deyib ki, toy karvanları daha çox insanın həyatına son qoymadan onlara məhdudiyyət qoyulsun. 

“Bir ictimai xadim, redaktor, QHT rəhbəri kimi DİN rəhbərliyindən toy karvanlarına məhdudiyyət qoymağı xahiş edirəm. Maksimum 3 maşınla gəlin və bəyi ən yaxın çevrəsi müşayiət edərək şadlıq evinə, yaxud yaşadığı ünvana gətirməlidir. Uzun illərdir müşahidə edirik ki, toy karvanlarında emosiyalar yüksəlir, sürət yarışı təşkil olunur və bədbəxt hadisələr baş verir. 

Paytaxtda həmçinin bu karvanlar onsuz da tıxaclı olan yolları iflic edirlər". 

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da mövzuya münasibət bildirib: “Son zamanlar respublikanın üç bölgəsində toy karvanlarında ağır qəzalar baş verib və insan itkisi ilə nəticələnib. Beş nəfərin ölümü ilə nəticələnən toy karvanında baş vermiş qəza Biləsuvar rayonu ərazisində, ondan öncə Naxçıvanda və Şəkidə qeydə alınmışdı.

Çoxzolaqlı yollarda, xüsusilə şadlıq evlərinin çoxluq təşkil etdiyi ərazilər olan Heydər Əliyev və Babək prospektlərində toy karvanına məxsus avtomobillərin bütün zolaqları məşğul etdiyini yenə də görürük. Bununla kifayətlənməyən sürücülər “şou” göstərmək niyyəti ilə yolda təhlükəli manevrlər edirlər, qarşı yola çıxmaqla bir-birilərini ötürlər, əl əyləcindən istifadə edərək avtomobili yerində fırladırlar, yaxud nəqliyyat vasitəsini ikitəkər qaldırırlar. Təbii ki, bu halda qəza qaçılmaz ola bilər.

Tövsiyəmiz ondan ibarətdir ki, toy karvanında hərəkət edən sürücülər yol hərəkəti qaydalarına riayət edərək sakit, bir zolaqla hərəkət etsinlər. Çünki onların bu karvanda hərəkəti toy iştirakçılarını bir ünvana aparmaqdır. Karvanda qəzaya düşən, yaxud ölən şəxs toy sahibinin qohumu, yaxını olmasa belə, istənilən halda mərasim sahibinin mənəvi əzab çəkməsinə gətirib çıxarır. Məhz bu səbəbdən toy sahibi, yaşca böyük olan insanlar öncədən sürücülərə xəbərdarlıq etməlidirlər. Toy karvanında hərəkət edən gənc sürücülər düşünürlər ki, onlara bu halda müdaxilə oluna bilməz. Amma toy kortecində kobud qayda pozan sürücülər hadisə yerində, yaxud sosial şəbəkələrdə yayımlanan görüntülər vasitəsilə yol polisi əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunurlar".

qaynarinfo.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı danışan Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda bu ənənə bir neçə əsr qabaq yaranıb: “Qədimlərdə maşınlar yox idi, at arabalarından istifadə edirdilər. Azərbaycan cəmiyyəti üçün belə bir ənənə xarakterik idi. Lakin hesab edirəm ki, müasir dövrümüzdə Bakının tıxaclı yollarında maşın karvanı ilə belə bir diskomfort yaratmağın heç bir anlamı yoxdur. Bu həm ictimai narahatlıq baxımından məqsədəuyğun deyil, həm də baş verən hadisələr onu göstərir ki, yol qəzaları belə hallarda daha çox baş verir. 

Bir neçə il öncə ölkədə toy karvanlarında maşınların sayının azaldılması ilə bağlı hökumət səviyyəsində qərar verildi. Lakin nəzarət mexanizmi zəif olduğuna görə yenidən toy karvanlarında bir qələbəlik müşahidə olunmağa başladı. Paralel olaraq bu fonda yol qəzalarının da sayı artıb. Güman edirəm ki, bu köhnə bir ənənə kimi çağdaş zamanımızla uyğunlaşmadığına görə belə karvanlara lüzum yoxdur. Belə günləri daha təvazükar şəkildə keçirmək lazımdır. Biz toy karvanını yığışdırmaqla heç nə itirmərik. Ən təhlükəlisi isə ötüşmələrlə bağlıdır. Daha mütəvazi, daha sadə şəkildə gəlin gətirmək olar.

Toy karvanları ictimai qınaqla qarşılanmalı və məhdudlaşdırılmalıdır. Bizim nəsildən-nəslə ötürülən daha faydalı ənənələrimiz, dəyərlərimiz var. Onları yaşatsaq, daha yaxşı olardı. Nəyin ki, həyatımıza son qoyan toy karvanı yarışı edək. Bunu hökumət səviyyəsində, administrativ qaydalarla və ictimai qınaqla aradan götürə bilərik".

Şahanə RƏHİMLİ,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR