Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda minimum əməkhaqqının 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacağı gözlənilir. Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edək ki, minimum əməkhaqqı aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, işəgötürənlər işçilərinə bu məbləğdən aşağı əməkhaqqı verə bilməz. Azərbaycanda hazırda minimum əməkhaqqı 345 manatdır.
İnsanları düşündürən əsas nüanslardan biri isə sözügedən artımın özəl sektora təsir edib-etməyəcəyidir.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, özəl sektorda maaş artımı alıcılıq qabiliyyətinin yüksək olmasından asılıdır:
“Maaşlar və pensiyalar artırıldığı zaman, təbii ki, alıcılıq qabiliyyəti də artır. Belə olduqda isə sahibkarların qazancları da yüksəlir. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar əsasən, kiçik sahibkarlardır. Onlar da daha çox daxili bazara yönəliblər. Daxili bazarda da alıcılıq qabiliyyəti artırsa, təbii ki, onların fəaliyyətinə də təsir göstərir. Onların istehsal etdiyi məhsul, təklif etdiyi xidmət müqabilində qazancları da artmış olur. Özəl sektorda maaş artımı isə bilavasitə qazancın yüksək olmasından və keyfiyyətin artmasından asılıdır”.
Ekspertin fikrincə, minimum əməkhaqqının artırılması sahibkarların da özəl sektorda maaşları artırmağa vadar edəcək:
“Minimum əməkhaqqının artırılması sahibkarların müəyyən etdikləri şərti maaşları artırmağa vadar edir. Bu isə “qara mühasibatlığın” azalmasına və daha şəffaf sistemə keçid imkanları yaradır. Amma dövlətin özəl sektorda maaş artımına birbaşa müdaxilə etməsi mümkün deyil”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ