Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edir ki, Fransa Senatının mövqeyi şirkətin mövqeyini ifadə etmir; “Total Energies” şirkəti Senatın basqılarına davam gətirə bilməsə..."
Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib.
Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, “Total Energies”in fəaliyyəti qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində nəzərdən keçirilib. Fransa Senatının hökumətə təqdim etdiyi hesabatda həmçinin “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin də dayandırılması” tələb olunur.
“Total Energies”in fəaliyyətini araşdıran Senat komissiyası ötən ilin dekabrında yaradılıb və onun hazırladığı hesabat ötən həftə yekdilliklə qəbul edilib. Ümumilikdə sənəddə 33 tövsiyə var. Maraqlıdır ki, Azərbaycanın noyabr ayında BMT-nin növbəti iqlim konfransına (COP29) ev sahibliyi etməsi faktını Senat bilərəkdən xatırlatmayıb.
“Total Energies” şirkəti XX əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir və Xəzər dənizindəki “Abşeron” qaz yatağında 35 faiz paya malikdir. Bakıdan təqribən 100 kilometr cənub-şərqdə yerləşən bu qaz-kondensat yatağından ilk qaz 2023-cü il iyulun əvvəlində hasil edilib.
“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır. “Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında Fransanın “Total” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
İlkin olaraq “Abşeron” yatağında iştirak payları aşağıdakı kimi bölüşdürülüb: “Total” operator kimi 50 faiz, SOCAR 50 faiz. 2023-cü ilin avqustunda isə Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti 30 faiz, Total və SOCAR isə 35 faiz pay alıb.
“Abşeron” yatağında hasilatın başlanması Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib. 31 avqust 2023-cü il tarixində “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Pouyanne Bakıda səfərdə olub və Azərbaycanın karbohidrogen ehtiyatlarının gələcək inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyalar üzrə danışıqlar aparıb.
Fikrət Yusifov
Mövzu ilə bağlı sabiq maliyyə naziri, professor Fikrət Yusifov fikirlərini bildirib. O qeyd edib ki, “Total Energies” qrupu yataqların işlənilməsi, neft və qaz hasilatı, müxtəlif növ neft emalı və sintezi ilə məşğul olan, geniş çeşiddə kimya məhsulları istehsal edən dünyanın ən böyük neft-qaz şirkətlərindən biridir. Şirkət ekoloji cəhətdən təmiz enerji növlərinin istifadəsini fəal şəkildə inkişaf etdirir, günəş enerjisi və boyanacaq, qənaətli yanacaq və bioloji parçalana bilən məhsulların istehsalı ilə məşğul olur: “”Total Energies" hal-hazırda 130-dan çox ölkədə fəaliyyət göstərir və 100 000-dən çox işçisi var ki, onlar hər gün dünyanın enerji ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərir.
Dünyaca məşhur enerji şirkəti ölkəmizin enerji sektorunda böyük maraqla 1994-cü ildən fəaliyyət göstərir. Fransa hökumətinin Azərbaycanla əməkdaşlığa görə şirkətə qarşı basqılarına baxmayaraq, şirkət Azərbaycanın karbohidrogen ehtiyatlarının gələcəkdə inkişaf etdirilməsində və eləcə də bərpa olunan enerji mənbələrinə investisiyalar yatırmaqda maraqlıdır.
Fransa hökuməti və onun senatı Azərbaycana qarşı sərsəm siyasətindən əl çəkmək istəmir. Senatın “Total Energies” şirkətinin Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmasını tövsiyə etməsi növbəti absurddur. Demokratiyadan, insan haqlarından gen-bol danışan bu dövlətin yetkililəri 30 il Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən bir şirkətin işlərinə bu şəkildə kobud müdaxilə edirlər. Bu, Fransızların vaxtilə qətlə yetirdikləri 1500 Əlcəzair əsgərinin kəllə sümüyünü Paris İnsan muzeyində bütün dünyaya nümayiş etdirmələri qədər həyasızlıqdır. Özəl bir şirkətin daxili işlərinə belə müdaxilə yolverilməzdir.
Əgər “Total Energies” şirkəti Fransa Senatının və Fransa hökumətinin bu basqılarına davam gətirə bilməsə, o halda, onun Azərbaycanın enerji sektorundan getməklə bağlı qərarı şirkəti milyardlarla dollar itkilərlə üz-üzə qoyacaqdır. Baxın, erməniləri özünə bacı bilənlər Azərbaycana qarşı hər hansı bir “pislik” etmək naminə hansı addımlar atmaq istəyindədilər. Olsun, bu gün Azərbaycanın enerji sektoruna yatırımlar etmək üçün xarici investorlar davamlı müraciətlər edirlər. Belə olan halda “Total Energies” şirkətinin Azərbaycanın enerji sektorundakı payını real dəyərindən bir neçə dəfə ucuz SOCAR da ala bilər".
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev qeyd edib ki, Fransa Senatının bu çağırışı Azərbaycana qarşı dolayısı ilə sanksiya tətbiq etmək məqsədi güdür: “Ümumiyyətlə, Fransa Senatı həmişə Fransa- Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışır. Qurumun qəbul etdiyi qətnamələr, Qarabağda məhv edilmiş qondarma qurumun tanınması onun Azərbaycana olan düşmən münasibətindən irəli gəlir. Azərbaycanın enerji sektorunda öz payı olan ”Total Energies" şirkətinin fəaliyyətinin dayandırması rəsmi Parisin ifadə etmir. Makron administrasiyası hər nə qədər ermənipərəst olsa da Azərbaycanda çox ciddi iqtisadi payı olan “Total Energies” şirkətinin buradan getməsini istəməz".
Əliyev hesab edir ki, Total şirkəti bununla bağlı mövqeyini bildirməlidir: “Hər halda bu şirkət də istəməz ki, Azərbaycanla əməkdaşlığını davam etdirsin. Şirkətin rəsmisi Azərbaycana səfəri zamanı da etiraf edib ki, Azərbaycanda fəaliyyətlərini davam etdirməkdə maraqlıdırlar. Bundan əvvəl də Fransa BMT və digər platformalarda Azərbaycana sanksiya tətbiq olunması üçün cəhd edib, amma nəticəsi olmayıb. Bu dəfə də belə olacaq”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ